Sərdar Cəlaloğlu siyasət meydanını futbol və güləş meydanı ilə müqayisə etdi
İqtisadiyyatda vəziyyət siyasi həyata da təsir edir.
Azərbaycanda xeyli vaxtdır iqtisadi sahədə olduğu kimi, siyasətdə də böhran hökm sürür.
Bu barədə ADP sədri Sərdar Cəlaloğlu “Siyasi meydan niyə boş qalıb, müxalifət niyə siyasi meydanda görünmür” sualına cavabında bildirib.
Onun dediyinə görə, bu gün onlar müxalifət partiyaları olaraq mövcuddurlar və siyasi məntiqlə siyasi hakimiyyətə, hakimiyyətdə olan siyasi partiyaya qarşı mübarizə aparmalıdırlar: “Azərbaycanda isə hakimiyyətdə olduğu bəyan edilən partiya siyasi yox, təsərrüfat üzərində qurulmuş, siyasi polemikadan uzaqda duran bir qurumdur. Yeni Azərbaycan Partiyası ilə SSRİ dövründəki Kommunist Partiyasının, demək olar ki, fərqi yoxdur. YAP-ın son zamanlar telekanallarda hansısa bir siyasi diskussiyada iştirak etdiyini görmüsünüzmü? Bu necə siyasi partiyadır ki, ölkə başçısı konstitusiyaya dəyişikliklər təklifləri irəli sürür və referendum keçirilir, hakimiyyətdə olan partiya efirdə çıxış etmək hüququndan istifadə etmir? Belə siyasi partiya olur?
Belə bir qüvvəyə normal siyasi müxalifət necə tərəf müqabili ola bilər? Bizim əslində tərəf müqabilimiz olmadığı üçün tək qapıya oynayan futbolçuya bənzəyirik. Tək qapıya oynanılan oyun isə futbol hesab edilə bilməz. Bir ölkədə güləş yarışları keçirilmirsə, biz necə deyə bilərik ki, bu ölkədə güləşçi var, yoxsa yoxdur? Güləş yarısı yoxdur ki, güləşçi çıxsın ortaya. Biz müxalifət olaraq sanki bir güləşçiyik, güləşməyə isə yarış, rəqib yoxdur. Meydana çıxmaq istəyəndə isə qarşımızda həqiqi güləşçini yox, güləşçi adına meydana çıxmış və ətrafında əli dəyənəkli, dəbilqəli böyük bir komandanı görürük. Biz güləşçi adı ilə qarşımıza çıxmış həmin rəqiblə güləşmək istəyəndə o çəkilir kənara və bir güləşçinin üzərinə həmin dəyənəkli, dəbilqəli komanda tökülür və adını da güləş qoyurlar. Azərbaycanda siyasət meydanı təxminən belə vəziyyətdədir. Ortada siyasi hakimiyyət oxdur ki, biz ona siyasi müxalifət də olaq və normal siyasi mübarizə getsin”.
S.Cəlaloğlu qeyd etdi ki, mərhum prezident Heydər Əliyevin zamanında YAP açıq şəkildə bir siyasi qüvvə kimi çıxış edirdi: “Ona görə də telekanallarda debatlar gedirdi, hətta lazım olanda Heydər Əliyev özü müxalifət partiyalarını danışıqlara dəvət edirdi. Dövlət tədbirlərində Heydər Əliyevin zamanında müxalifət dəvət edilirdi. Heydər Əliyev müxtəlif tədbirlərdə özü gəlib müxalifət partiyalarının rəhbərləri ilə təmas yaradırdı, söhbət edirdi. Heydər Əliyev bütün addımlarını siyasiləşdirməyə çalışırdı və bu da YAP-ın da siyasi qüvvə kimi olmasını göstərirdi. Ona görə də ortada iki siyasi qüvvənin bir-biri ilə rəqib kimi mübarizəsini görmək olurdu. İdarə olunan demokratiya adlanan bir mənzərə var idi. İndi bu, yoxdur. Ona görə də nə ölkədə real siyasi qüvvə kimi hakim partiyanın olduğu görünür, nə də müxalifət. Siyasi mübarizə meydanı qapandığı üçün belə bir mənzərə var. Halbuki, ölkədə müxalifət partiyaları var və sadəcə, mübarizə aparmaq üçün siyasi rəqib, meydan faktiki olaraq yoxdur”.