Müxalifətin referendum məğlubiyyəti, yaxud itirilmiş fürsət

muxalifet1

Postda yatmış əsgər təəssüratı bağışlayan müxalif düşərgə o zaman ayıldı ki referendum aktı qəbul olunub, hakim partiya var gücü ilə işləyir, iş işdən keçib

Müxalifət referendumda nə etməliydi? Bu suala cavab bütün müzakirələrə və mübahisələrə, müxalifətə yönəlik qınaqlara son qoya bilər.

…Sistemə qarşı sistem kimi olmalısan: ardıcıl, prinsipial, qətiyyətli, kənar təsirlərə uymadan və ən əsası strategiyalı. Qərb siyasi nəzəriyyəçiləri və texnoloqları sadalanan bu meyarları prioritet hesab edir. Hətta qələbənin yarısı sayırlar.
Qeyd olunan faktorlardan biri çatışmayanda siyasi rəqabət mühitində qüvvələrdən mütləq biri axsamalıdır. Siyasi arsenal isə kələ-kötür olduğuna görə yolu hamar getmək çətinləşir. Nəticə etibarı ilə bu keyfiyyətlərdən birində büdrəyən siyasi qüvvə rəqibi qarşısında dizi yerə atmış olur. Azərbaycan müxalifətində sistematik mübarizənin heç bir elementləri müşahidə olunmur.
Sistem – yoxdur, pərakəndəlikdir, ardıcıllıq – mövsümidir, xaotikdir, prinsipiallıq – söhbət gedə bilməz, hansısa mərhələdə güzəştə gedilir, strategiya və qətiyyət isə itirilmiş, bəlkə də müxalifət liderlərində heç zaman olmayan keyfiyyətlərdir. Beləcə suala təkrar baş vurmağa gərək qalır: müxalifət referendumda nə etməliydi?
Azərbaycanda referendum Aktı layihəsi qəfil qəbul edildi. Kimsə belə bir siyasi perioda hazır deyildi. Qəfil imzalanan layihə elə operativ də təsdiqləndi. Hakimiyyət özünü qısa zaman kəsiyində toparladı, təbliğat-təvşiqata başladı, bütün resurslar işə salındı, Konstitusiyaya dəyişikliklərin əhəmiyyəti ictimaiyyətə izah edildi. Müxalifət düşərgəsi bəhanə edə bilər ki gözənilməz referendumla bağlı mübarizə üçün hazır deyildilər. Yəni ən az vaxtda mitinqlər keçirildi, təbliğat aparıldı və s.
Bu arqumentlər keçərsizdir. Çünki müxalifət başından hər bir prosesə hazır olmalıdır. Referendumda müxalifət nə etməliydi? – buna qədər xalqla təmas, təşkilatlanma prosesinə fasilə verilməməliydi, iqtisadi böhranın dərinləşdiyini müşahidə edib narazı kütləni etirazlar üçün yetişdirməliydi, hətta referendum olmasa belə siyasi qüvvələr fərağat vəziyyətində dayanmalıydı. Bu, mübarizənin mühüm şərtidir. Ancaq postda yatmış əsgər təəssüratı bağışlayan müxalif düşərgə o zaman ayıldı ki referendum aktı qəbul olunub, hakim partiya var gücü ilə işləyir, iş işdən keçib. Halbuki ölkədə sosial narazılıq o həddədir ki xalq nüvə halına gətirilib. Müxalifət bu fürsətdən yararlana bilmədi. Sistemsizlik və təşkilatlanmanın aşağı səviyyədə olması partiyaların vaxtından tez geri çəkilməsi ilə müşayiət olundu.
Hərçənd, iki devalvasiya yaşamış toplumu hərəkətləndirmək, yaz aylarında icazəli mitinqlər keçirmək, cəmiyyətin ovqatını dəyişmək lazım idi. Bu halda referendumda siyasi mühit çox fərqli olacaqdı. Qış və yaz aylarını yatmış müxalifət isə üzünə-gözünə bulaşdıran 2-3 anti-referendum mitinqləri keçirdi ki onda da birincilik yarışına girdilər, bir-birinin ətini didişdirdilər. Milli Şura və Müsavat partiyası kredit borcu olanlarla bağlı bir mitinq təyin edə bilərdi. Əminliklə söyləmək olar ki kredit probleminə görə təşkil olunacaq aksiyaya azı 30-40 min insan cəlb etmək olar.
Ardınca məcburi köçkünlərin çörək pulunun kəsilməsi haqda məsələ, iyunda suyun qiymətinin artması, bazardakı bahalaşma və s. ayrı-ayrı mövzular üzrə mitinqlər keçirib xalqı təşkilatlandırmaq mümkündür. Bu həm də hökuməti real sosial islahatlara təhrik etmək olacaqdı. Kəsəsi, il boyu qarışqa kimi işləməklə müxalifət həm imuniteti olan bir orqanizm halına gələcəkdi, həm də referendumla bağlı daha arxayın şəkildə fəaliyyət göstərəcəkdi.
Əfsus ki, müxalifət nə etməliydisə onu etmədi, nə etməli deyildisə onu can-başla yerinə yetirdi. Bu da düşərgənin növbəti məğlubiyyətinin acı mənzərəsi…






Fikirlər