Pənah Hüseyn: “Hakim komandada referendumla BAGLI qeyri-müəyyənlik var”

Pənah Hüseyn: “Hakim komandada referendumla bağlı qeyri-müəyyənlik var”

“Sosial-siyasi partlayışlar və gözlənilməz xaos situasiyaları passiv cəmiyyətlərdə meydana gəlir” 

AXP lideri, sabiq baş nazir Pənah Hüseyn qəzetimizə müsahibə verib. 

- Pənah bəy sizin hazırda Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı referendumla əlaqədar şərhləriniz  bəziləri tərəfindən həmin referenduma tərəfdar olmaq kimi dəyərləndirildi.  Daha dəqiqi vitse-prezident institutunun tətbiqinin  hələ Elçibəy iqtidarı dönəmində müzakirə obyekti olduğu barədə  açıqlamanız bu cür mülahizələrə əsas kimi göstərildi. Bu barədə nə deyə bilərsiniz. Tanınmış jurnalistlərdən biri sosial şəbəkələrdə  ümumiyyətlə belə bir faktın uydurma olduğunu iddia edib.
 
Uydurma olmayıbsa belə vitse-prezident vəzifəsinin hələ Elçibəy dönəmində düşünüldüyünü gündəmə gətirməyin indiki referenduma dolayısı da olsa dəstək olması barədə mülahizələrdə həqiqət payı yoxdurmu?
 
- Birincisi,  xatırlayın, referendum elan olunan kimi  az qala bütün diqqət də, tənqid də bu vitse-prezidentlər vəzifəsinin təsisi üzərində cəmləşirdi. Bu belə davam etsəydi və bir müddət sonra opponentlər arxivlərdən mənim toxunduğum islahatlar haqqındakı sənədləri, KİV materiallarını ortaya qoysaydı, hansı vəziyyət yaranırdı? Arxivləri qoyaq bir yana. Kimsə zəhmət çəkib haqqında danışdığım dövrdə siyasi hakimiyyət sahəsində struktur dəyişiklikləri haqqında  KİV materiallarına, məsələn, mənim özümün 1993-cü ilin aprelində “Azərbaycan” qəzetində, yaxud yenə Elçibəyin sağ olduğu dönəmdə, 1997-ci ilin fevralında və daha sonra verdiyim müsahibələrdə bu məsələlərə dair heç kim tərəfindən təkzib olunmayan materialları ortaya qoysa, nə olardı? 
İkincisi, referendum elan edildikdən sonra sizin qəzetə verdiyim müsahibədə mən nə demişdim? Demişdim ki, vitse-prezidentlik özü özlüyündə respublikaçılıq prinsiplərinə zidd deyil, məsələ siyasi kontekstdə və siyasi konseptdədir. 
 
1992-93-cü illərdə, Azərbaycan siyasi həyatında, istər ictimai-siyasi şüur sahəsində, istər praktikada real və ya xəyali olaraq monarxist,  məmur oliqarx, ailə-klan hakimiyyəti aktual bir problem kimi mövcud idimi, müzakirə mövzusu idimi? 
Deyildi. 1992-93-cü illərdə hazırlanan konstitusiya islahatları layihələrinin, altını cızıram, birində nəzərdə tutulurdu ki, amerikan idarəçilik modelinə keçilsin, Nazirlər Kabineti ləğv edilsin və vitse-prezidentliklər, departamentlərlə əvəzlənsin. Bu referendumda məsələ necə qoyulur? 
Vitse-prezidentlər institutu təsis edilir, lakin, nazirlər kabineti də saxlanılır. Deməli, məqsəd, onsuz da indi ciddi siyasi problem kimi  mövcud olmayan icra hakimiyyəti sistemində paralelçiliyin aradan qalxması ola bilməz. Deyilsə, nədir? Burdan konseptin də fərqli olması meydana çıxır. İndiki iqtidarın  opponentlərinin, bu referenduma qarşı çıxanların  əsassız görünməyən mövqeyi ondan ibarətdir ki, məqsəd hakimiyyətin azad, ədalətli və demokratik seçki ilə deyil, əbədi olaraq əvəzlənməsi mexanizmi yaradılmasıdır. Ən maraqlı odur ki, hakimiyyət ideoloqları, baxmayaraq ki, referendum ətrafında təşviqat, təbliğat başlayıb, bu iddiaları nəinki təkzib etmirlər, həm də bu təkzibə həvəsli də görünmürlər. Yəni hazırda indiki konstitusiya dəyişikliklərinin rəsmi konsepti faktiki olaraq mövcud deyil və bu, siyasi müxalifətə geniş əks-təbliğat imkanı və meydanı verir. Beləliklə, o dövrdə nəzərdə tutulan islahatların tamamilə başqa bir məqsədi var idi. İndi isə tamamilə fərqli məqsədlər, niyyətlər irəli sürülür. Amerikan idarəçilik modeli deyərkən çox güclü prezident hakimiyyəti, çox güclü parlament və ən yüksək səviyyədə müstəqil məhkəmə hakimiyyəti başa düşülür. Biz o zamanlar islahatları bunun üçün həyata keçirmək istəyirdik...

- Hazırda konstitusiyaya təklif edilən dəyişiklik də ən güclü prezident hakimiyyətinin formalaşmasını təmin etmirmi məgər?

Referendum məsələsində müxalifət üçün əldə oluna biləcək yeganə real bir şey dağınıq və pərakəndə olan düşərgənin bir araya gəlməsi ola bilərdi”

- Prezident hakimiyyəti onsuz güclü idi. Ancaq digər hakimiyyət qolları barədə bunları demək mümkün deyil. Hazırda irəli sürülən və referenduma çıxarılan konstitusiya dəyişikliklərində icra hakimiyyətinin daha da güclənməsi, onsuz da formal xarakter daşıyan parlament və müstəqil məhkəmə hakimiyyətinin isə daha da zəiflədilməsi, hakimiyyət qolu kimi yox olması  prosesi müşahidə edilir. Halbuki, ən son günlərə qədər  hətta iqtidara loyal münasibət bəsləyən bəzi siyasi qüvvələr də qarışıq idarəçilik sisteminin yaradılmasını, parlamentin və Nazirlər Kabinetinin səlahiyyətlərinin genişlənməsi istiqamətində dəyişikliklərin olacağını gözləyirdi. Odur ki, iqtidar düşərgəsində zahirdə görünən yekdilliyə rəğmən dərində ciddi bir qeyri-müəyyənlik və narahatlıq vardı. Bizim müşahidələr göstərir ki, hətta hakimiyyət komandasında da referendumun nə üçün ortalığa atılması ilə bağlı qeyri-müəyyənlik var. Diqqət eləsək  hakimiyyət ideoloqları, təşviqatçıları çox ehtiyatla danışırlar. Açıq-aydın görünür ki, hansısa bir “ustanovka”, hansısa bir konseptual izahat hələlik yoxdur. Bu referendumun nə üçün zəruri olması, niyə məhz indiki məqamda ortalığa gəlməsi, konstitusiya dəyişikliklərinin nəzərdə tutulan dəyişikliklərin  mənası barədə referendum təklifinin müəllifinin, yəni dövlət başçısı İlham Əliyevin özündə geniş və təfərrüatlı şərhin olmaması faktı var. Belə bir şərh olmadan qeyd edilən qeyri-müəyyənlik çətin ki, aradan qalxsın. 
 
- Ölkə prezidentinin konstitusiyaya dəyişikliklər təklifi layihəsində bu barədə müəyyən izahatlar, əsaslandırmalar əksini tapır. Bu, kifayət deyilmi?
- Kifayət deyil. Orada məsələyə ən ümumi şəkildə və mücərrəd toxunulub. Bir halda ki, çox ciddi təkliflər irəli sürülüb və bu təkliflərin altında dövlət başçısının imzası durur, o zaman ətraflı əsaslandırmaya ehtiyac var. 
- Qeyd edirsiniz ki, referendumun ortaya çıxması həm də müəyyən narahatlıqdan irəli gəlir. Axı bu gün hakimiyyət üçün heç bir narahatlıq yaradacaq vəziyyət yoxdur. Xalq siyasi baxımdan aktiv deyil, müxalifət zəif və xalqa təsir edə bilməyəcək durumda, beynəlxalq təpki yox.
- Ən qorxulu cəhət də məhz xalqın passiv olması və müxalifətin zəifliyidir. Sosial-siyasi partlayışlar və gözlənilməz xaos situasiyaları bir qayda olaraq məhz bu cür cəmiyyətlərdə meydana gəlir. Dünya təcrübəsində buna çoxsaylı misallar var. Xalqın siyasi passivliyi və zəif müxalifət sosial partlayışlar üçün əlverişli zəmindir. Əgər sosial-iqtisadi sahədə bir inkişaf yoxdursa, ciddi islahatlar həyata keçirilmirsə, məsuliyyət bölüşdürülmürsə, əvvəl-axır cəmiyyət gərginliyə dözmür və partlayır. O baxımdan mən sizin dediyiniz situasiyanı tam əks şəkildə dəyərləndirirəm. Narahatlıq üçün əsaslar var. Birinci növbədə elə iqtidarın özü üçün. Beynəlxalq diqqətin olmaması da yaxşı əlamət deyil...
- Seçki Məcəlləsi siyasi qüvvələrə təşviqat qrupları yaratmaq imkanı verir. Təşviqat qruplarına isə efirə çıxmaq hüququ tanınır. Heç olmasa müxalifət düşərgəsi sözünü efirdən xalqa demək üçün təşviqat qrupları yaratmalı deyildimi? Vaxt bu gün başa çatır bunun üçün. 
- 2015-ci il parlament seçkilərindən sonra imitasion demokratiyaya xas olan addımlarda həvəsli olan siyasi qüvvələr azalıb. Diqqət edirsinizsə, hazırda müxalifətdən yeganə Müsavat Partiyası təşviqat qrupu yaradıb. 
- Sözünüzdən belə çıxır ki, Müsavat imitasion demokratiya xas olan addım atır?
- Yox. Fikrim bu şəkildə yozulmasın. İmitasiya sözünün hərfi mənasından yapışıb müəyyən bir iş görmək istəyənlərə yarlıq kimi yapışdırmaq düzgün olmaz. O da bir taktikadır. Bu taktikanın tərəfdarları əvvəllər daha çox idi. Bilirsiniz,  imitasion demokratiya bəzi hallarda real demokratiyaya keçiddə bir mərhələ ola bilir. Belə görünür ki, biz  başqa mərhələyə daxil olmuşuq. Siyasi qüvvələrin böyük əksəriyyəti artıq demokratik imitasiyanın perspektivinə olan inamı itirib. 
 
- Axı hansı qeyri-müəyyənlikdən söhbət gedə bilər, hakimiyyət çox operativ şəkildə referendumla bağlı tələb olunan işləri reallaşdırmaqdadır, YAP “Yeni Azərbaycan” təşviqat qrupu yaratdığını elan edib, bütün respublika ərazisində hazırlıqlara start verilib. Belə qeyri-müəyyənlik olur?
- Təşviqat qrupunun yaradılması və s. bu kimi hərəkətlər qeyri-müəyyənliyin olmaması demək deyil. Təkrar edirəm, mənim qənaətimə görə, bütövlükdə komanda üçün bu referendumun və ondakı təkliflərin qəfil gündəmə gəlməsi gözlənilməz olub. Doğrudur, ayrı-ayrı şəxslər bunu aprel ayından sonra yaranmış vəziyyət, dünyada, regionda gedən proseslərlə izah eləməyə çalışırlar. Ancaq  əksəriyyətə aydın olmur ki, söhbət nədən gedir. Ona görə də narahatlıqları hiss olunur. Bu narahatlığın arxasındakı real narahatlıq nədən ibarətdir, bu barədə də müxtəlif mülahizələr ortalığa atılır....
 
- Müxalifət bu imkandan istifadə edə bilərmi? Referendum məsələsinin gündəmə gəlməsindən xeyli vaxt keçir, bu günə qədər müxalifətin ciddi bir hərəkətlənməsi olubmu? Müxalifət geri qalmırmı?
- Mənim referendumla bağlı şərhlərimi tənqid edənlər göstərirdilər ki, mən bu referenduma çıxarılan dəyişikliklər mühüm görünsə də və hətta real məzmunca əhəmiyyətsiz olmasa da onlar Azərbaycandakı siyasi proseslərin taleyində həlledici, müəyyənedici ola bilməz fikrini irəli sürməklə guya referenduma qarşı real müqaviməti zəiflədirəm. Mən yenə öz fikrimdə qalıram ki, referendum hüquqi-siyasi bir məsələdir, lakin təəssüf ki, Azərbaycanda proseslər artıq hüquqi-siyasi müstəvidən çıxıb. Bunu iqtidar öz fəaliyyəti ilə edib və ağır nəticəsini də özü görəcək.  Siyasi müxalifətə gəldikdə isə bu vəziyyəti nəzərə alaraq, özünün fəaliyyətini yenidən dəyərləndirməli və yenidən planlaşdırmalıdır. Mən bu planlaşdırma sözünü xüsusi olaraq vurğulamışdım. İlkin addım olaraq da referendumun əleyhinə olan qüvvələrin vahid platformasının işlənib hazırlanması və cəmiyyətə təqdim olunmasını zəruri olduğunu  demişdim və indi də o şəkildə düşünürəm. Mənə elə gəlir ki, bu referendum məsələsində siyasi müxalifət və ümumiyyətlə alternativ siyasi çevrə üçün əldə oluna biləcək yeganə real bir şey son dövrlərdə dağınıq və pərakəndə olan müxalifətin bu şəkildə bir araya gəlməsi ola bilərdi.
- Bu vəziyyət nə ilə bağlıdır. Müxalifət partiyaları və liderləri arasında münasibətlərin barışmaz həddə dərinləşməsi birliyə imkan vermir, yoxsa düşünürsünüz ki, onsuz da nə edilməsindən asılı olmayaraq hakimiyyət istədiyinə bu referendumda da nail olacaq?
- Hakimiyyət və onu müdafiə edənlərin düşərgəsindəki qeyri-müəyyənlikdən danışdım. Eyni qeyri-müəyyənlik müxalifət düşərgəsində də mövcuddur. Konkret bir strateji hədəfin ortada olmaması və eyni zamanda dünyadakı, regiondakı, Azərbaycandakı proseslərin hansı istiqamətdə getməsi barədə düzgün təsəvvürlərin, qavrayışların olmaması problemi var.  Perspektivsizlik, xaos gözləntisi və yalnız bu xaos yarandıqdan sonra müəyyən konkret addımlar atmaq, tədbirlər görmək, fəaliyyət üsulu seçmək ovqatı ortadadır. Mən bu referendumun hərfi mənası üzərində diqqətin cəmləşdirilməsi yox, referendum üstü məsələlərə diqqət yönəldilməsinin tərəfdarıyam. Mənim fikrimcə, məsələn, hal-hazırda prezidentlik müddətinin beş il və ya 7 il olması, prezident öz səlahiyyətlərini icra etmədikdə onun səlahiyyətini baş nazirin, yoxsa vitse-prezidentin icra etməsi kimi məsələlər elə də böyük həlledici məsələlər deyil. 
Bu, əlbəttə ki, hakimiyyətdaxili ziddiyyətlərin həll olunması cəhdləri və hakim elita daxili ziddiyətləri tənzimləmək və idarə etmək, hakimiyyətin müəyyən çevrədaxili ötürülməsini təmin etmək baxımından cəlbedici görünə bilər. Amma strateji olaraq və dünyadakı gedən prosesləri də nəzərə alsaq, mən bu məsələlərin  hakimiyyət ötürülməsi də daxil olmaqla, həlledici olmadığı qənaətindəyəm. 
Bundan sonrakı illərdə vəziyyəti nə müəyyən edəcək, o cümlədən konkret bir çevrənin hakimiyyətdə qalmasının taleyini  həll edəcək məsələ konstitusiyadakı dəyişikliklərdə yox, maaş, pensiya, təqaüdlərin verilib-verilməməsi, neft pullarının daxil olması nəticəsində səviyyəsi  yüksəlmiş istehlakın ən azı minimum həddə saxlanıb saxlanması, Qarabağda uğurların olub olmayacağı, çörəyin, nəqliyyatın, zəruri kommunal xidmətlərin  kütlə üçün əlçatan qalıb qalmayacağı ilə müəyyən ediləcək. 
Açıq demək lazımdır ki, ən qısa müddətdə bəzi çevrələr qarşısında hakimiyyəti necə saxlamaq və ötürmək problemi ilə yanaşı gözlənilən çətin dövrdə hakimiyyət məsuliyyətinin altında qalmaq və ya altına girmək nə dərəcədə məqsədəuyğundur sualı ən ciddi şəkildə duracaqdır. Yəni siyasi paradiqmada olduqca ciddi dəyişikliklər ərəfəsindəyik. 

 






Fikirlər