Partiyalar referendumda iştirak edəcəklər? - Partiya sədrlərinin mövqeləri

bitmap-img6

Fazil Mustafa: “Partiyalar partiya olaraq bəyanat verib, nəyisə qəbul etməyə bilər, amma öz vətəndaşları üzərində təsir göstərmək doğru deyil”

 

İqbal Ağazadə: “Bizim partiya ümumxalq rəy sorğusunda iştirak etməyəcək”.
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi - referendum sentyabrın 26-da keçiriləcək. Bu barədə Prezident İlham Əliyev İyul ayının 18-də “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında sərəncam imzalayıb.  Azərbaycan Konstitusiya Məhkəməsi, prezident Əliyevin təklif etdiyi Konstitusiyaya dəyişikliyi nəzərdə tutan Referendum Aktı layihəsini müzakirə edərək "müsbət rəy verib".
Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur. Təklif olunan dəyişiklər arasında Azərbaycanda vitse-prezidentlik postunun yaradılması da var.
PİA.AZ-ın əməkdaşı bu mövzu ilə bağlı bir neçə partiyanın mövqeyini  öyrənib:

Fazil Mustafa: “Bütün hallarda bizim partiyanın prinsipial mövqeyi budur ki, seçkidə iştirak etmək lazımdır”.

Böyük Birlik Partiyasının sədri, deputat Fazil Mustafa bildirib ki, ümumxalq rəy sorğusunda iştirak edəcəklər:
“Əlbəttə bizim partiya ümumxalq rəy sorğusunda iştirak edəcək. Həm də bu referendum olduğuna görə fərdi olaraq, bir vətəndaş kimi hamımız aktiv iştirak edəcəyik.
Partiyaların münasibəti vətəndaşları bağlamamlıdır. Partiyalar partiya olaraq bəyanat verib, nəyisə qəbul etməyə bilər, amma öz vətəndaşları üzərində təsir göstərmək doğru deyil. Yəni əgər referendumu qəbul etmirsənsə, get əleyhinə səs ver. Ümumiyyətlə seçkidə iştirak etməkdən imtina etmək olmaz. Bütün hallarda bizim partiyanın prinsipial mövqeyi budur ki, seçkidə iştirak etmək lazımdır. Biz heç kəsə demirik ki, referenduma gedin hansısa mövqe sərgiləyin. Sadəcə deyirik ki, seçkilərə getsinlər və öz mövqelərin bildirsinlər”.

Sülhəddin Əkbər: “Bizim partiya ümumxalq rəy sorğusunda iştirak etməyəcək”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər qeyd edib ki, referenduma qarşı olduqlarına görə də iştirak etmək niyyətində deyillər:
“Xeyir bizim partiya ümumxalq rəy sorğusunda iştirak etməyəcək. Çünki hələ 28 iyuldan partiyamızın referendumla bağlı bəyanatı var. Biz bu referendumu Azərbaycanda konstitusiyalı monarxiyanın yaradılması istiqamətində Azərbaycanı xausa sürükləyəcək siyasi prosesin bir başlanğıcı kimi qiymətləndiririk. Təbii ki, referenduma qarşı olduğumuza görə də iştirak etmək niyyətində deyilik.
Mən Müsavat Partiyasının keçirdiyi mitinqlər barədə mətbuata öz fikrimi demişəm və əlavə edəsi başqa sözüm yoxdur”. 

Sərdar Cəlaloğlu: “Bizim partiya belə bir qərar qəbul edib ki, ümumxalq rəy sorğusunda iştirak etməyək”.

Azərbaycan Demokrat Partiyasının sədri, deputat Sərdar Cəlaloğlu düşünür ki, keçirilən mitinqlərlə referendumun yalnız hakimiyyətin maraqlarına uyğun olduğu bütün dünyaya çatdırılıbdır:
“Bizim partiya belə bir qərar qəbul edib ki, ümumxalq rəy sorğusunda iştirak etməyək.
Müsavat Partiyasının keçirdiyi mitinqləri normal dəyərləndirirəm. Mən hesab edirəm ki, keçirilən mitinqlər referendumun milli maraqlara və dövlət maraqlarına uyğun olmaması ilə bağlı xalqa müxalif fikir çatdırıb. Həmçinin hesab edirəm ki, bu referendumun yalnız hakimiyyətin maraqlarına uyğun olduğu bütün dünyaya çatdırılıbdır. Keçirililən mitinqlərin də əsas vəzifəsi elə bu idi”.
 
Mirmahmud Mirəlioğlu: “Referendum ilə bağlı bizim partiyanın mövqeyi hər kəsə bəllidir”.
Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, iki partiya da referenduma öz mövqelərin bildirmək üçün mitinq keçirdilər və bu da onların haqqıdır:
“Ümumxalq rəy sorğusu ilə bağlı bizim partiyanın mövqeyi hər kəsə bəllidir.
Mən Müsavat Partiyasının keçirdiyi mitinqlərə normal baxıram. Çünki hər kəsin öz sözün xalqa çatdırmaq üçün azad hüququ var. Bildiyimiz kimi iki partiya da referenduma öz mövqelərin bildirmək üçün mitinq keçirdilər və bu da onların haqqıdır”.

İqbal Ağazadə: “Mən mitinq üzrə ekspert deyiləm”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə qeyd edib ki, partiyaların mitinq keçirməyinə normal baxır:
“Xeyir, bizim partiya Ümumxalq rəy sorğusunda iştirak etməyəcək.
Mən mitinq üzrə ekspert deyiləm. “Siyasi partiyalar haqqında” qanunda qeyd edilib ki, hər bir partiyanın konstitusiyaya uyğun olaraq kütləvi, açıq, qapalı tədbirlər keçirməyə ixtiyarı var. Bu da o silsilə tədbirlərdəndir. Mən hər bir partiyanın bu hüquqdan istifadə etməsinə normal baxıram”.
 






Fikirlər