Cahangir Hacıyev uzun müddətli həbsə girir-özünü Eldar Mahmudova qurban verir...

Cahangir Hacıyev uzun müddətli həbsə girir-özünü Eldar Mahmudova qurban verir...

Beynəlxalq Bankın sabiq sədrinin maliyyə nazirini və digər məmurları hədəfə almasının pərdəarxası məqamları 

 

Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin məhkəmə prosesi yekunlaşmaq üzrədir. Oktyabrın 10-da keçiriləcək məhkəmə prosesində ona və bu iş üzrə təqsirləndirilən digər şəxslərə hökm oxunacağı gözlənilir. C.Hacıyevin ağır cəza alacağı artıq dəqiqləşib. Belə ki, dövlət ittihamçısı onun 17 il müddətində azadlıqdan məhrum edilməsini istəyib. 
Onun həbsindən sonra ortaya çıxan faktlar ləğv edilmiş MTN-in rəhbəri olmuş, C.Hacıyevin qudası Eldar Mahmudovun da qandallanacağına dair fikir formalaşdırdı. Çünki bu cinayətlər birbaşa Eldar Mahmudova arxalanaraq törədilib. Amma Hacıyev nəinki istintaqda, məhkəmə proseslərində belə E.Mahmudovun əleyhinə bir dəfə də olsun danışmadı. Hətta istiqaməti dəyişmək üçün bəzi iri ranqlı məmurları hədəfə aldı. 
Onun həbsdə olduğu 10 ay ərzində özünü təmkinli aparmasının, məhkəmədəki davranışlarının əsassız olmadığı qeyd olunur. Hacıyevin prokurorun istədiyi ağır cəzaya baxmayaraq, uzun müddət həbsdə qalmayacağı deyilir. Hətta E.Mahmudovun onu həbsdən çıxaracağı ilə bağlı sabiq bankirə vəd verməsi iddiaları da var. Hacıyevin həbs olunduqdan sonrakı davranışlarının məhz bunlardan qaynaqlandığı bildirilir. 
Image result for Cahangir Hacıyev
C.Hacıyevin davranışlarının sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin 2005-ci ildə həbs olunarkən sərgilədiyi mövqe ilə oxşarlıq təşkil etdiyi söylənilir. F.Əliyev də təmkinli olmuş, hakimiyyətin ünvanına tənqidlər səsləndirməmiş və bunun nəticəsində 8 il həbsdə qaldıqdan sonra azad olunmuşdu. Amma onunla birlikdə eyni proseslərə görə həbs edilən sabiq səhiyyə naziri Əli İnsanov nəinki hələ də həbsdədir, hətta onu növbəti ağır cəzalar da gözləyir. Çünki İnsanov həbs olunduqdan sonra təmkinini qoruya bilməmiş, hakimiyyətin ünvanına sərt tənqidlər səsləndirmişdi. Bütün bunları C.Hacıyev bilməmiş deyil...
Image result for İlham İsmayıl
Sabiq MTN polkovniki İlham İsmayıl bildirdi ki, bankirlə bağlı səslənən iddiaların hər biri doğru ola bilər:“Bu məsələlərdən danışmaq olduqca çətindir. Çünki gedən proseslər gizlidir, bunu cəmiyyət görə bilmir. Əgər Eldar Mahmudov istintaqa cəlb olunsaydı, ardınca həbs edilsəydi, ağır cəzaya məruz qalsaydı, o zaman deyərdik ki, ciddi işlər gedir. Burada isə sanki ”razborka" gedir. Nə üçün Eldar Mahmudovun əməlləri, cinayətləri Cahangir Hacıyevə yüklənməlidir? Onun haqqında 17 il həbs istənilməlidir? Bu normaldırmı? Yəni bu suallar ətrafında danışmaq olar və belə sualların meydana çıxması normaldır. Eldar Mahmudov məsələsi hələ də müəmmalı olaraq qalır. Onunla bağlı müxtəlif şayiələr var. Guya sabiq nazirin əlində şantaj xarakterli materiallar, faktlar var. Bunlar həm inandırıcı görünür, həm də yox. Hər halda, bəzi məsələlər bizim bildiyimiz kimi deyil, hadisələr hüquqi müstəvidə baş vermir. Niyə Eldar Mahmudov öz qohumunu qoruya bilmədi? Çünki onun cinayətləri konkret ortadadır. Eldar Mahmudov məsələsinə hansı yöndən qiymət versək, ortaya yeni-yeni suallar çıxacaq. Mahmudovun arxasında elə bir qaranlıq fon var ki, bunu dar çərçivədə yalnız bir neçə nəfər bilir. Cəmiyyət də yalnız suallar qarşısında qalır. Mətbuat da bu suallar qarşısında dəfələrlə müraciət edir ki, Mahmudov niyə həbs edilmir? Məsələlər qaranlıqdır deyə konkret danışmaq çətindir. Hər şey ortadadır, amma sabiq nazir həbs edilmir. Ona görə son söz demək çətindir. Bu məsələnin çözülməməsi nə hakimiyyət, nə siyasi dairələr, nə də hüquq mühafizə orqanları üçün başucalığı gətirmir. Buna son verilməli, ən azından aydınlıq gətirilməlidir".
Image result for Eldar Mahmudov
Sabiq təhlükəsizlik zabiti E.Mahmudovun özü azadlıqda ikən qudasını qoruya bilməməsini belə izah etdi:“Mahmudov özünü qorudu, amma Hacıyevdə söhbət çox incə məsələdən getdi, pul məsələsindən. O pulun ortalıqda olmaması, ölkənin iqtisadi böhrana qədəm qoyandan sonra bu məsələlərin ortaya çıxması burada ciddi rol oynadı. Ölkə krizisə girəndən sonra bu məsələlərin üstü açıldı. Aydın məsələdir ki, bu incə detal boşuna buraxılası deyildi. Burada əsas olan odur ki, Eldar Mahmudov hələ də azadlıqdadır. Cahangir Hacıyevə 17 il həbs cəzası verilə bilər, amma kimsə bilmir ki, o nə qədər həbsdə qalacaq. Bunu  şahidi olduğumuz hadisələrə görə deyirik”.
İ.İsmayıl sabiq nazirin C.Hacıyevə vəd verə biləcəyini də istisna saymadı: “Mahmudovun onu həbsdən azad edəcəyi ilə bağlı Cahangir Hacıyevə vəd verdiyi iddiaları bir az real görünür. Amma konkret də demək olmaz. Çünki falçı deyilik. Hacıyevin nazirlərin, məmurların adlarını məhkəmədə çəkməsi işini yüngünləşdirmək istəməsi ilə bağlıdır. Üzərinə daha çox hücumların olmaması üçün bunları edə bilər. Bu hüquqi müdafiədən irəli gələn psixoloji addımlardır. Başqa səbəblər yoxdur. Onun bir sözü oldu ki, mən yazılmış və yazılmamış qanunlara əməl etmişəm. Bu söz çox məsələlərə yol açdı. Sanki o nəyəsə arxayındır. 17 il iş istənilməsini eşidərkən verdiyi reaksiya onu göstərdi ki, məsələnin görünməyən tərəfləri var”.
Xatırladaq ki, C.Hacıyev ötən ilin dekabrında həbs edilib. O, səlahiyyətlərindən sui-istifadə edərək, dövlət pulunun talan edilməsində, müvafiq sənədlər olmadan yaxın ətrafına milyonlarla dollar məbləğində kreditlər ayırmaqda, mənimsəmə və israfçılıqda, özünə yaxın oliqarxların “çirkli pullar”ının yuyulmasında və digər cinayətlərdə ittiham olunur.
 






Fikirlər