ELDAR MAHMUDOV AZADLIQDA QALACAQ – ŞƏRT qoyulub…
Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılmasından 3 ay, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsindən 1 aydan artıq vaxt ötür. Ötən aylar ərzində MTN-in rəhbərliyinə daxil olan vəzifə daşıyıcılarının illərlə törətdikləri cinayətləri təsdiqləyən yüzlərlə zərərçəkən, şahid ortaya çıxdı. 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov vəzifəsindən çıxarılana qədər kimsə qurumla bağlı danışmağa, bildiklərini söyləməyə can atmırdı. Səbəb sadə idi – yenidən MTN-çilərin “ətçəkən” maşınından keçmək istəmirdilər…
Hazırda situasiya fərqlidir. Eldar Mahmudov vəzifəsini itirib, onun komandasına daxil olan 10 general da daxil olmaqla, 100-ə yaxın xüsusi xidmət orqanı əməkdaşı həbsdədirlər. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi araşdırılır.
Gələn məlumatlar onu deməyə əsas verir ki, Eldar Mahmudov üçün həbs təhlükəsi artıq sovuşub. Onu istintaqa cəlb etsələr də, vaxtilə ona tabe olmuş şəxslər sırasında üzünə dayanan yoxdur. Sabiq nazirə işdən çıxarılandan dərhal sonra əlindən alınan mobil telefonlarını geri qaytarıblar. Ona sərbəst şəkildə kimə istəsə zəng etmək hüququ da tanınıb. Hazırda Bilgəhdəki bağ evində nəzarət altında saxlanılan sabiq nazirin aktiv şəkildə qudası Cahangir Hacıyevə Beynəlxalq Bankdan çıxarılan milyardlarla dolların geri qaytarılmasında kömək etdiyi bildirilir.
Belə məlumatlar var ki, Eldar Mahmudov Beynəlxalq Bank vasitəsi ilə, digər yollarla büdcədən yayındırılan milyardların geri qaytarılacağı təqdirdə həbsdən kənarda qala biləcək. Sabiq nazirin Beynəlxalq Bankdan iri məbləğdə kredit götürmüş şəxslərə zəng etdiyi, kreditlərin geri qaytarılmasının tezləşdirilməsini tapşırması haqda da xəbərlər var. Belə görünür ki, indiki mərhələdə Eldar Mahmudovun həbsdə olması məqbul sayılmır(musavat.com).