AZƏRBAYCANLILARI QƏTLƏ yetirən erməni general HƏBS OLUNDU
Yerevan məhkəməsi deputat, general Manvel Qriqoryanın həbsi ilə bağlı baş prokuror Artak Davtyanın tövsiyəsini qəbul edib. Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat yayıb. Beləliklə, keçmiş deputat və general istintaq müddətində 3 ay həbsdə qalacaq. Xatırladaq ki, Ermənistan parlamenti iyunun 19-da Manvel Qriqoryanı deputat toxunulmazlığından məhrum edib. 62 yaşlı general ötən şənbə günü həbs edilib, qanunsuz silah və sursat saxlama, orduya məxsus əmlakı mənimsəməkdə, habelə mütəşəkkil cinayətkarlıqda ittiham olunur. Onun bağ evi və Eçmiədzindəki evində aparılan axtarış zamanı böyük miqdarda silah və sursat, onlarla maşından ibarət avtomobil parkı, xüsusi zoopark, orduya məxsus ərzaq və digər mallar aşkar edilib. Manvel Qriqoryan Azərbaycanda bir çox ərazilərin işğalında iştirak etmiş adam kimi tanınır. Manvel Qriqoryan 1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulub. Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçısıdır. Dağlıq Qarabağda müxtəlif hərbi hissələrə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri olub. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə Ermənistan müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Serj Sərkisyanın Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib. “Yerkrapa” könüllülər birliyinin sədridir.
Manvel Qriqoryanın oğlu Karen Qriqoryan həbsdən sonra Eçmiədzin meri postundan istefa verib. Ermənistan kilsəsinin iqamətgahı yerləşən Eçmiədzin şəhəri uzun illərdir ki, Manvel Qriqoryanın şəxsi mülkünə çevrilmişdi. Şəhərdə biznes obyektlərindən tutmuş, vəzifə təyinatına qədər hər şey məhz ondan soruşulurdu. Maraqlıdır ki, Eçmiədzinin meri də generalın oğlu Karen Qriqoryan idi. Öz əzazilliyi ilə seçilən Manvel Qriqoryan Serj S ərkisyanın və Respublika Partiyasının dayağı sayılırdı. 2016-cı ilin aprel döyüşləri zamanı onun başçılıq etdiyi “Yerkrapa” Birliyi təmas xəttinə 5 min könüllü də göndərmişdi. Belə bir güclü generalın və siyasi fiqurun həbs olunması Ermənistanda böyük əks-sədaya səbəb olub. Bütün erməni mediası bu hadisə ilə silkələnir. Qriqoryanın həbsi yeni baş nazir Nikol Paşinyanın uzun illərdir Ermənistanda kök atmış və dövləti istədikləri şəkildə öz mənafelərinə işlədən generalitetə qarşı başlatdığı təmizləmə əməliyyatı kimi təqdim edilir. Bəs bu hadisəni Qarabağ müharibəsinin aktiv iştirakçısı, əli azərbaycanlıların qanına batmış generalitetin əsas simalarından biri olan M.Qriqoryanın həbs olunması N.Paşinyanın təhlükəli generalları təmizləməyə başlaması saymaq olar? Bu əməliyyat həqiqətənmi korrupsiyaya qarşı əməliyyatdır, yoxsa pərdə arxasında başqa məqamlar var?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Nikol Paşinyan ona təhlükə yarada biləcək qüvvələri sıradan çıxarır. Bu hadisəni Ermənistanda korrupsiyaya qarşı mübarizənin başlanması kimi təqdim etməyin ciddi əsası yoxdur: “Manvel Qriqoryan oğlunu, digər adamlarını vəzifələrə yerləşdirməklə ciddi iqtisadi-maliyyə potensialına malik idi. Silah-sursat arsenalına da malik olduğu bəlli olub. Belə birisi istənilən vaxt nəzarətdən çıxıb hakimiyyətə qarşı hərəkətə keçə bilərdi. Manvel Qriqoryan həm Serj Sərkisyana, həm də Rusiyaya bağlı adamdı. Bu faktor isə onun hər an Paşinyana qarşı qalxa biləcəyi, hətta silahlı qiyam törədəcəyi ehtimalını gücləndirirdi. Nikol Paşinyan da bunu bilməmiş deyildi, əmin idi ki, bir gün general Qriqoryandan sarsıdıcı zərbə ala bilər. Ona görə də özü üçün real təhlükələrdən birini həbs etməklə neytrallaşdırmaq yolunu seçdi. Paşinyan bu proseslərə antikorrupsiya adı qoymaqla Qərbə mesaj göndərir, həmçinin daxili ictimai rəyi razı salmağa çalışır. Əslində isə burada korrupsiyaya qarşı mübarizə amili yox dərəcəsindədir. Erməni cəmiyyəti bütövlükdə korrupsionerlərdən ibarətdir, Paşinyan da bu cəmiyyətin bir hissədir. Ermənistanda hazırda bütün çevrilişlərdə olduğu kimi, əmlakın, sərvətlərin yenidən bölünməsi, potensial təhlükə vəd edən rəqiblərin sıradan çıxarılması prosesi gedir. Yeni sahiblər köhnələri sıradan çıxarıb var-dövləti ələ keçirməyə çalışırlar”.Akif Nağı: “Paşinyan ona təhlükə yarada biləcək qüvvələri sıradan çıxarır”