Kremldən Paşinyana AÇIQ SİQNAL - Erməni kəndinin "işğal"ı ölkəni AYAĞA QALDIRDI
Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın əsgərlərinin "KamAz" yük avtomobilləri ilə kəndə girərək avtomat silahlardan havaya atəş açması işğalçı ölkə ilə Rusiya arasında qalmaqala səbəb oldu. Hadisə Şirak vilayətinin Panik kəndində baş verib. Rusiya hərbçiləri kəndə qəflətən girərək yerli sakinlərin başlarının üstündə atışma təşkil edilər. Ermənistanın bəzi nəşrlərinin yazdığına görə, insanlar təlaş içində öz evlərində gizlənməyə başlayıblar, küçələrdən oynayan uşaqlar isə şok vəziyyətinə düşüblər. Rusiya tərəfinin açıqlamasına görə, 102-ci bazanın hərbi qulluqçuları təlimlər keçirirdilər. Lakin erməni KİV-i təlimlərin bu formada keçirilməsinin yolverilməz hesab edib və buna etiraz bildiriblər. Digər tərəfdən, hesab edilir ki, Rusiya komandanlığının təlimlər barədə yerli hakimiyyətə hər hansı xəbərdarlıq etməməsi İrəvanı aşağılamaqdan başqa bir şey deyil. Bildirilir ki, rus hərbçiləri özlərini ölkənin əsl sahibi kimi aparırlar. "Sputnik" agentliyi atışma zamanı boş patronlardan istifadə olunduğunu yazıb. Ermənistan KİV-ində qeyd edilir ki, Panik kəndinin sakinləri Rusiya zabitlərindən birinin üzərinə atılaraq nəyin baş verdiyini aydınlaşdırmağa çalışıb. Zabit bildirib ki, onlar avtomobil kolonuna pusqu təşkil etmək barədə əmr alıblar. Kənd sakinləri təlimlər barədə yerli administrasiyanın niyə xəbərdar edilmədiyini aydınlaşdırmağa çalışıb. Lakin zabit bu barədə konkret əmr almadığını söyləyib və təlimlərlə bağlı yaranmış "qəribə vəziyyətə" görə dəfələrlə üzr istəyib. "RİA-Novosti" agentliyi Şirak vilayətinin qubernator Karen Saruxanyanla əlaqə saxlaya bilib. "Belə bir hadisə ilk dəfə olub. Rusiyanın hərbi qulluqçuları inandırdılar ki, belə bir hadisə bir daha təkrarlanmayacaq. Hadisəyə görə məsuliyyət daşıyan şəxslər barəsində araşdırma başlayıb. Günahkarları məsuliyyətə cəlb edəcəklər", - qubernator vurğulayıb. Həmçinin məlum oldu ki, təlimlərin əvvəlcə bilavasitə kənddə keçirilməsi planlaşdırılmırdı. İndi təlimlərin məhz kənddə, ozü də yerli hakimiyyət orqanları xəbərdar edilmədən keçirilməsinə görə kimlərin gunahkar olması araşdırılır. Rusiyanın "topwar.ru" saytının yazdığına görə, hadisə son dərəcə xoşagəlməz, hətta fitnəkar çalara malikdir. Bildirilir ki, belə hadisələr Rusiya hərbi bazasının imicinə, həmçinin Moskva və İrəvan arasındakı münasibətlərə zərər verə bilər. Ermənistan KİV-inə görə, erməni kəndinin "işğalı" hakimiyyətə gələndən sonra qərbpərəst siyasətini gizlətməyən baş nazir Nikol Paşinyana Kremlin mesajı olduğu istisna edilmir. publika.az