İrəvanda seçkinin nəticəsi - NİKOLUN namizədi...
İrəvan meriyasına keçirilən seçkilərdə 14:00-a qədər cəmi 23,72 faiz seçici iştirak edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan MSK sədri Laura Qalstyan məlumat yayıb. O bildirib ki, seçkidə 848 343 seçicidən 201 268-ü səs verib. Əriklər Ölkəsi Partiyasının sədri Zauri Postancyan mediaya açıqlamasında isə bu seçkiləri Nikol Paşinyan üçün əsl imtahan adlandırıb. O deyib ki, Nikol Paşinyanın əlində seçkini saxtalaşdırmaq üçün bütün imkanlar var: “Amma biz gərək 25 illik səhvləri təkrar etməyək”, - deyə o seçki saxtalaşdırılması ehtimalına qarşı fikrini bildirib. Qeyd edək ki, bu gün Ermənistanda İrəvan meriyasına seçkilər keçirilir. Bu seçkilərdə əsas rəqabət Çarukyan fraksiyasının deputatı, Çiçəklənən Ermənistan Partiyasının namizədi Naira Zöhrabyan ilə Mənim Addımım Blokunun namizədi Hayk Marutyan arasındadır. Paşinyan H.Marutyanın namizədliyini dəstəkləyir və onun seçki kampaniyasında iştirak edib. Çarukyan Blokunun lideri Qagik Çarukyan isə Respublikaçılar Partiyasının lideri, keçmiş prezident Serj Sərkisyanla görüşüb və ehtimal olunur ki, onlar seçkidə razılığa gəliblər. Bu isə Zöhrabyanın şansını çox artırır. İrəvan polisi saat 11:00-a qədər jurnalistin öz fəaliyyətini yerinə yetirməyə maneə yaradıldığı, bir nəfərin iki və daha çox şəxsin yerinə səs verdiyi, seçici siyahılarının dəyişdirildiyi və digər pozuntularla bağlı ümumilikdə 10 pozuntu qeydə alıb. Namizədlərin bir-birinə qarşı hədsiz dərəcədə ağır təhqirlərdən istifadə etdiyi də bildirilir. Erməni politoloqlar bu təhqirlərin səbəbini siyasi partiyalar arasındakı münasibətin dözülməz dərəcədə kəskinləşməsi və siyasi rəqabətin “siyasi savaş” müstəvisinə keçməsi ilə əlaqələndirirlər. *** İrəvan meriyasına keçirilən seçkilər yerli vaxtla 20:00-da başa çatıb. Hazırda səslərin sayıldığı bildirilir. Vurğulanır ki, seçici fəallığı həddən artıq aşağı səviyyədə olub. Hazırda ölkə xaricində olan baş nazir N.Paşinyan Feysbuk hesabında əvvəlki illərə nisbətdə seçicilərin daha passiv olmasını "onların həmişəki kimi seçkiyə avtobuslarla daşınmaması" ilə əlaqələndirməyə çalışıb. Bundan əlavə, İrəvan polisinin 11:30-a olan məlumatına görə, məntəqələrdə 87 seçki pozuntusu faktı, 10 insident qeydə alınıb. Qeyd edək ki, bu hələ İrəvan polisinin 11:30-a olan məlumatıdır. Sonrakı saatlarda baş verənlərlə bağlı erməni mətbuatında informasiya verilmir. *** Ermənistan Mərkəzi Seçki Komissiyası seçici fəallığı ilə bağlı rəsmi rəqəmi açıqlayıb. Bildirilib ki, seçkidə 43,65% seçici iştirak edib. Bu, ötən seçki ilə müqayisədə iki dəfə aşağı göstəricidir. *** Bir seçki məntəqəsi seçkilərin nəticəsini açıqlayıb. İrəvanın mərkəzində yerləşən 9/48 saylı məntəqədə 1589 seçicidən 641 nəfər (40%) səs verib. Səsvermənin nəticəsinə görə, Mənim Addımım Blokunun namizədi 441 səs (70,1%) səs alıb. Onun əsas rəqibi - Çiçəklənən Ermənistan Partiyasının namizədi 55 səs (8,7%) səs qazanıb. *** MSK bu vaxta qədər bülletenlərin 10,75 faizinin sayıldığını açıqlayıb. hazırkı nəticəyə görə, Baş nazir N.Paşinyanın dəstəklədiyi Mənim Addımım Blokunun namizədi Hayk Marutyan 82,58 faizlə liderdir. Onun rəqibi. Çiçəklənən Ermənistan Partiyasının namizədi Naira Zöhrabyan cəmi 6,19% səs toplayıb. *** Bülletenlərin 15 faizi sayılıb: Marutyan 82,1, Zöhrabyan isə 6,5 faiz səs toplayıb. *** Ümumilikdə 475 məntəqədən 100 məntəqənin nəticələri (21%) hesablanıb: Marutyan 81,66%, Zöhrabyan 6,61. *** Bülletenlərin 30 faizi sayılıb və Marutyan 81,21% səslə irəlidədir. Mənim Addımım Bloku artıq qələbəni bayram edir, Marutyan təbriklər qəbul edir.