ABŞ və Türkiyənin gizli Qarabağ PLANI ORTAYA ÇIXDI: qutu açılacaq, Paşinyan... - SENSASİYA
Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra atdığı addımlar, səsləndirdiyi bəyanatlar onun haqqında birmənalı fikir yaratmır. Erməni siyasi şərhçi Samvel Akopyanın “Nikol Paşinyan: tütün qutusunda baş nazir” sərlövhəli məqaləsində irəli sürdüyü versiyalarsa xüsusilə diqqət çəkir. Publika.az xəbər verir ki, Akopyan Paşinyanı ABŞ-ın hakimiyyətə gətirdiyini və qarşısına konkret hədəflər qoyduğunu deyir.
“Paşinyanın Ermənistanı Rusiya kimi ənənəvi müttəfiqlərindən ayırması da bu hədəflərdən biridir. Vaşinqtonun əsas hədəflərindən biri Paşinyanın əli ilə Qarabağ münaqişəsini həll etməkdir. Çünki Azərbaycanın əraziləri hərbi yolla azad etmək planı və bu işdə NATO üzvü olan Türkiyənin onu dəstəkləməsi KTMT-nin timsalında Rusiyanın da məsələyə qarışması ilə nəticələnə bilər. ABŞ bunu NATO ilə Rusiya arasında hərbi münaqişənin başlanması olaraq görür. Hərçənd, Qarabağa görə NATO və Rusiyanın toqquşmasını nə Vaşinqtonda, nə Brüsseldə, nə də Ankarada istəyirlər. Buna görə də ABŞ və Türkiyə Qarabağın azad edilməsinin fərqli yolunu seçdilər: Ermənistan cəmiyyəti Qarabağı könüllü şəkildə Azərbaycana qaytarsın. Paşinyanın korrupsiya ilə mübarizə şüarı altında Qarabağın “müstəqilliyini” müdafiə etmiş “qəhrəmanları” (Robert Koçaryan və digərləri nəzərdə tutulur – red.) təqib etməsi də bu planın bir hissəsidir. O da təsadüfi deyil ki, Paşinyan hakimiyyəti Türkiyə və Azərbaycanın Qarabağın azad edilməsi ilə bağlı səsləndirdikləri sərt fikirlərə reaksiya vermir”, - deyə erməni şərhçi vurğulayır.
Akopyan diqqəti Ermənistanın daxili vəziyyətinə və cinsi azlıqların aktivləşməsinə yönəldir. O, Respublika Partiyasının deputatı Artaşes Qeqamyanın Paşinyana müraciətini də xatırladır.
A.Qeqamyan “İravunk” qəzetində Paşinyana ünvanladığı müraciətində deyirdi: “Sən öz azarkeşlərini inandırırsan ki, erməni xalqının arasında qara və ağlar var. Nə edirsən et, amma LQBT-ni gizli və açıq müdafiə edərək, bizim ailə dəyərlərimizi məhv etmə. İrəvanın polis bölmələrinə, bütün ermənilərin katolikosuna hücum edən təcavüzkar dini sektaları himayə etmə. Soros tərəfindən maliyyələşdirilənlər 15-18 noyabrda İrəvanda “Şərqi Avropa və Mərkəzi Asiyanın LQBT – xaçpərəstlərinin forumu” adı altında növbəti yığıncaq keçirməyi planlaşdırırlar. Səndən xahiş edirəm, inqilab və əksinqilab haqqında əsəbi nitqlərinlə insanlara əzab verməyi dayandır. Bəlkə sən anlamırsan, lakin Ermənistanın milli təhlükəsizliyi təhlükə altındadır”.
S.Akopyan iddia edir ki, Türkiyə və Azərbaycanın Qarabağı azad etmək planlarını işə saldığı ərəfədə Ermənistanın daxilindəki xaotik vəziyyət getdikcə inkişaf edir.
“Artıq şübhə etməməliyik ki, ABŞ tütün qutusunu açacaq, oradan Nikol Paşinyan çıxacaq və Qarabağı Azərbaycana qaytaracaq”, - deyə Akopyan iddia edib.