Bakıdan Ərdoğana NOBEL sülh MÜKAFATI verilməsi çağırışı

Sərdar Cəlaloğlu: “Sülh uğrunda mübarizə aparan belə olar-müharibəni yatırdar, qırğınların qarşısını alar...”

Oktyabrın 1-dən İsveçin paytaxtı Stokholmda ilin ən gözlənilən hadisələrindən biri-Nobel həftəsi başlayır. Diqqət ənənəvi olaraq Norveçin paytaxtı Osloda təqdim ediləcək Nobel sülh mükafatına yönəlib.

Bu il şort-listdə Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Donald Tramp, KXDR lideri Kim Çen In və məşhur aktyor Corc Kluninin hüquqşünas və insan hüquqları müdafiəçisi həyat yoldaşı Amal da yer alıb.

Xatırladaq ki, 2017-ci il Nobel sülh mükafatı Nüvə Silahının Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya olan “İCAN”a verilib. “İCAN” nüvə silahından istifadənin səbəb olduğu humanitar fəlakətlərə diqqət yönəldilməsi sahəsindəki xidmətlərinə görə mükafatlandırılmışdı.

Ötən il Nobel sülh mükafatına 215 şəxs və 103 təşkilat namizəd verilmişdi.

Nobel mükafatının təqdimetmə mərasimləri isə hər il dekabrın 10-da Stokholm və Oslo şəhərlərində keçirilir. 1896-cı il dekabrın 10-da vəfat edən Alfred Nobelin anım gününə həsr edilir.

Məhz A. Nobelin vəsiyyətinə uyğun olaraq hər il Nobel sülh mükafatından başqa bütün mükafatlar Stokholmda təqdim edilir. Nobel sülh mükafatı isə həmin gün Norveçin paytaxtı Osloda laureata təqdim olunur.

Bir neçə il öncə Nobel mükafatı almaq üçün elmi işini Nobel Komitəsinə təqdim edib bir sıra prosedurlardan keçən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, Nobel mükafatının verilməsi xeyli dərəcədə siyasiləşib. Bu mükafat bir çox hallarda konyukturaya məruz qalır. Məsələn, Nobel mükafatının təsis edilməsindən sonrakı tarixdə belə bir fakt var ki, bir alim bir nəzəriyyə təqdim edib və buna görə Nobel mükafatı alıb. Növbəti il həmin nəzəriyyəni inkar eləyən bir nəzəriyyəni təqdim edib və maraqlıdır ki, o nəzəriyyəyə də Nobel mükafatı veriblər.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

Beləliklə, bir ilin içində bir-birinin əksi olan iki nəzəriyyəyə Nobel mükafatı verilib, həmin adam iki dəfə Nobel mükafatını alıb: “Nobel mükafatı verilənlər sırasında yəhudilər böyük üstünlük təşkil edir. Orada yəhudi ekspertlər üstünlük təşkil edir. Müqayisə ediləndə məlum olur ki, elə kəşflər, nəzəriyyələr var ki, onlar Nobel mükafatına layiq görülənlərdən qat-qat ciddi elmi nailiyyətdir. Bütün bunlar da onu göstərir ki, bu mükafat artıq konyukturaya məruz qalıb, mükafatın təyin edilməsində müəyyən təsirlər var. Mən şəxsən Nobel Komitəsinə iki dənə elmi iş göndərmişəm. O işin elmi mahiyyəti Nobel mükafatı verilən işlərin mahiyyətindən kifayət qədər yüksəkdir, daha qlobal əhəmiyyət daşıyır. Nobel sülh mükafatı sahəsində bu baxımdan daha biabırçı vəziyyət hökm sürür. Məsələn, bir vaxtlar Rabin və Ənvər Sədata Nobel sülh mükafatı vermişdilər. Halbuki bu iki şəxs BMT-nin qəbul etdiyi qərarlara zidd hərəkət etmişdilər. Sadəcə olaraq, ABŞ-ın təsiri ilə həmin şəxslərin ikisinə də Nobel sülh mükafatı verildi. Üstündən bir müddət keçdikdən sonra həm Ənvər Sədat, həm də Rabin öldürüldü. Baxmayaraq ki, Yaxın Şərq münaqişəsinin həlli ilə bağlı iki nəfər Nobel sülh mükafatı alıb, bu gün bütövlükdə Yaxın Şərq münaqişə içərisindədir. Bu da həmin mükafatın düzgün verilməməsinin daha bir ciddi praktiki səbəblərindən biridir”.

S.Cəlaloğlu hesab edir ki, ABŞ prezidenti və Şimali Koreya liderinə Nobel sülh mükafatı veriləcəyi inandırıcı deyil:“Vaxtılə Brejnevə, Eduard Şevardandzeyə Nobel sülh mükafatı verilməsi üçün təklif olunmuşdu. İndi də Şimali Koreya lideri Kim Çin Inın, Donald Trampın namizədliyini təklif edirlər. Bütün bunlar hansısa supergücün maraqlarına xidmət edir. Həm Trampın son zamanlar məlum fəaliyyətini qeyd etmək, həm də prosesdə iştirak edən Şimali Koreya liderini bir qədər də özlərinə yaxınlaşdırmaq üçün adları namizədlər sırasına daxil edilir. Məncə, sonda onların heç birinə mükafat verilməyəcək. Çünki bu, tamamilə ağını çıxarmaq olardı. Siyahı tam olaraq açıqlanmadığı üçün bu gün dəqiq söyləmək mümkün deyil ki, Nobel sülh mükafatı kimə veriləcək”.

S.Cəlaloğlu vurğuladı ki, əgər dünyada ədalət varsa və Nobel Komitəsi siyasi konyuktura ilə qərar vermirsə, Nobel sülh mükafatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana verilməlidir. Nobel sülh mükafatına layiq yeganə şəxs bu gün məhz odur: “Bu mükafatı hazırda ən çox haqq edən məhz Ərdoğandır. Ərdoğan istər Afrikada, istər Yaxın Şərqdə sülhün yaradılması, insanların qırğına məruz qalmaması üçün ən çox çaba göstərən, bir çox hallarda yüz minlərlə, milyonlarla insanın xilas olmasına nail olan siyasi liderdir. Vicdanları varsa, Nobel sülh mükafatını Ərdoğana verməlidirlər. Hətta BMT Baş Assambleyasında Ərdoğana təşəkkür etdilər ki, Suriyada kütləvi qırğının qarşısını alıb. Sülh uğrunda mübarizə aparan belə olar-müharibəni yatırdar, qırğınların qarşısını alar, on minlərlə qaçqının məhv olmasının qarşısını alar. Ərdoğan bütün bunları edib. Rəcəb Tayyib Ərdoğan terror təşkilatlarına qarşı mübarizə aparır, Donald Tramp isə terror təşkilatlarına dəstək verir. Ərdoğan Suriyada, bütün Yaxın Şərqdə müharibənin başa çatmasına çalışır, Tramp isə Yaxın Şərqdə münaqişələrin davam etməsi üçün maraqlı tərəf kimi görünür. Sizcə, sülh mükafatına daha çox kim layiqdir? Bu gün Ərdoğanın yox, Trampın Nobel sülh mükafatına namizədliyi verilirsə, bu mükafatın verilməsində hansı ədalətdən, düzgünlükdən danışmaq olar? Nobel sülh mükafatına namizədlərin təqdimatını müxtəlif beynəlxalq təşkilatlar, dünyada sülhlə məşğul olan təşkilatlar verir. Yaxşı olar ki, onlar Rəcəb Tayyib Ərdoğanın namizədliyini təqdim etsinlər”.






Fikirlər