Trampın adamı Bakıya xüsusi təkliflə gəlir - QARABAĞ və...

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri gələn həftə regionda olacaq; Qərbdən Azərbaycana güclənən emissar axınının səbəbi: tufanqabağı “nəbz” yoxlanışı, yoxsa? Ermənistan daha qəliz durumla üz-üzə...

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri, xarici siyasətdə sərt xətt tərəfdarı kimi tanınan Con Boltonun Rusiyaya və Güney Qafqaz ölkələrinə səfərinin tarixi məlum olub. Bu barədə Bolton özünün tvitter hesabında yazıb.

“Oktyabrın 20-də mən öz həmkarlarım və digər yüksək vəzifəli şəxslərlə təhlükəsizlik sferasında Amerikanın maraqlarının irəli aparılması məqsədi ilə görüşlər keçirmək üçün Rusiyaya, Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcəyəm” - Bolton qeyd edib.

Xatırladaq ki, uzun illər BMT-də ABŞ-ın nümayəndəsi olmuş Con Bolton xüsusən də İrana qarşı aqressiv mövqeyi ilə seçilir. Onun bölgəyə səfəri barədə isə ilk dəfə olaraq, bir neçə gün əvvəl erməni politoloqlardan biri məlumat yaymışdı. Amma rəsmi mənbələr onu təsdiqləməmişdi.

Bəs özünün dediyi kimi böyük bir heyətlə gəlməyə hazırlaşan ABŞ milli təhlükəsizlik müşavirinin səfərində əsas hədəf nədir?

*****

“Boltonun Qafqaz səfəri İrəvanda bir neçə aylıq siyasi qarışıqlıqdan sonra Dağlıq Qarabağ məsələsinin Ermənistan tərəfi ilə həllinə cəhd kimi qiymətləndirilə bilər”. Axar .az xəbər verir ki, bu sözləri ABŞ-ın Qulf Analitik Mərkəzinin politoloqu, doktor Teodor Karasik Con Boltonun Qafqaz səfərini şərh edərkən deyib.

John Bolton ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Bolton Azərbaycanın geosiyasi əhəmiyyətinin böyüklüyünü nəzərə alaraq, Bakının mövqeyini gücləndirməyə çalışır: “Rusiya, əlbəttə ki, ABŞ milli təhlükəsizlik müşavirinin hazırda nə təklif edə biləcəyini görmək üçün baş verənləri diqqətlə izləyir. Şübhəsiz ki, Boltonun səfəri eyni zamanda İrana qarşı sanksiyaları gücləndirmək məqsədi daşıyır. Boltonun səfərinin mahiyyətindən biri də bu ölkələri İran sanksiyalarına razı salmaqdır”.

Ancaq Azərbaycanın əsas problemi Qarabağ məsələsi, Ermənistanla münaqişədir. Bakı illərdir özünün balanslı xarici siyasət kursunu öncəliklə bu məsələdəki maraqları göz önünə almaqla qurur. O cümlədən İranla, Rusiya ilə münasibətlərdə Qarabağ mövzusu xüsusi ağırlığını saxlayır və konfliktin həllində real irəliləyiş olmayınca saxlamaqda davam edəcək. Bu mənada Boltonun Bakı səfərini gələn ay Tehrana qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşan ABŞ tərəfindən tufanqabağı “nəbz” yoxlanışı da saymaq olar?

*****

Maraqlıdır ki, ötən ayın 21-də ABŞ prezidenti Donald Tramp Ermənistan rəhbərliyinə müstəqillik günü ilə bağlı göndərdiyi təbrik məktubunda yaxın ayların Dağlıq Qarabağ məsələsi üçün “məhsuldar” olacağını qeyd eləmişdi. Çox keçməmiş ABŞ Dövlət Departamentinin rəsmisi, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent Bakıda oldu.

Ağ ev ile ilgili görsel sonucu

Bir neçə gün qabaq paytaxtımıza gələn və prezident İlham Əliyev tərəfindən qəbul edilən Kent Dağlıq Qarabağla bağlı ölkəsinin mövqeyini ifadə elədi. Bildirdi ki, Birləşmiş Ştatlar Ermənistanın aqressiv siyasətini və Azərbaycanın ərazi bütövlüyünün bərpasına qarşı təbliğati addımlarını qəbul etmir. “ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanımır və Azərbaycanın bu regionunu heç vaxt başqa adla adlandırmayacaq” deyən dövlət katibinin müavininin köməkçisi həmçinin Vaşinqtonun ATƏT-in Minsk Qrupunu formatına və bu format çərçivəsində hazırlanmış nizamlama formullarına sadiq olduğunu bəyan elədi. “Dağlıq Qarabağ konflikti BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və ”Madrid prinsipləri" əsasında həll olunmalıdır" dedi.

Bundan öncə isə NATO baş katibinin müavini, xanım Rouz Qotemüller Bakıda olmuş, Qarabağla bağlı Azərbaycanın xeyrinə prinsipial mövqe sərgiləmişdi. İndi isə daha yüksək çinli ABŞ rəsmisi - Bolton çox keçməmiş Azərbaycana, bölgəyə gəlir.

Belə intensivləşən səfərlər, sözsüz ki, regionun, özəlliklə də Azərbaycanın Vaşinqton üçün, Qərb üçün artan önəmindən xəbər verir. Eyni zamanda bu, qarşıdakı dönəmdə ABŞ-Rusiya, Qərb-Rusiya, ABŞ-İran münasibətlərində kritik bir mərhələnin yaxınlaşdığının xəbərçisi sayıla bilər. Demək, Bakı üçün də hansısa seçimlər təklif oluna bilər. Bir şey yəqindir ki, həmin seçimlər Azərbaycan tərəfindən ilk növbədə ölkəmizin ərazi bütövlüyü və suverenliyi kontekstində dəyərləndiriləcək...

*****

karabakh osce ile ilgili görsel sonucu

Bu mənada əslində qat-qat qəliz durumda olan region ölkəsi məhz işğalçı Ermənistandır. Sirr deyil ki, düşmən ölkədə bu ilin mayında ABŞ-ın gizli dəstəyi ilə reallaşan “məxməri inqilab”dan sonra Paşinyan hökuməti Rusiya ilə ABŞ arasında qalıb. Təhlükəli “iki stulda oturmaq” siyasətini davam etdirmək isə get-gedə çətinləşir. Üstəlik, indi İranla bağlı İrəvana təzyiqlər ola bilər. Rusiya və İran isə acından ölən, blokada şəraitində olan  Ermənistan üçün həyati vacib iki ölkədir.

Bu arada qərbyönlü Ermənistan hökumətinin Moskva ilə əlaqələri sərinləşməkdə davam edir. Bu da növbəti fakt: “Rus NATO-su” sayılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının iclasının 30 oktyabrda Ermənistanda planlaşdırılan görüşü ləğv edilib. Belə ki, görüşün başqa üzv ölkədə keçirilməsi haqda qərar qəbul edildiyi məlum olub. Qurumun bu addımı KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin qaldırılması və Nikol Paşinyanın bir müddət əvvəl öz tərəfdarları ilə parlamenti mühasirəyə almasına görə atıldığı deyilir.

Belə görünür, Rusiyanın pressinqi azmış kimi, indi də ABŞ öz emissarı vasitəsi ilə işğalçını İranla bağlı seçim qarşısında qoya bilər...

“Yeni Müsavat”ın analitik xidməti






Fikirlər