Artur Rəsi-Zadənin nomenklatur kadrları işdən çıxarılır -YENİLƏR KİMLƏRDİR...?!
Bu ilin aprelindən baş nazir təyin edilən Novruz Məmmədov Nazirlər Kabinetində kadr islahatlarını davam etdirir. Yada salaq ki, əvvəl baş nazirin sərəncamı ilə Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirildi. Kənd təsərrüfatı məsələləri şöbəsi, ekologiya məsələləri şöbəsi və regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradıldı. Neft və kimya məsələləri şöbəsi sənaye və energetika məsələləri şöbəsinə, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə, qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi isə humanitar və sosial məsələlər şöbəsinə birləşdirildi. Pensiya yaşlarına çatmaları ilə əlaqədar bir neçə vəzifəli şəxs bu struktur islahatlarından sonra işdən azad olundular. Yayda isə baş nazirin katibliyinin rəisi vəzifəsinə Ərəstü Həbibbəyli təyin olundu. Ərəstü Həbibbəyli baş nazirin yaxından tanıdığı kadr hesab olunur. Çünki 2007-ci ildən o, Prezident Administrasiyasında N.Məmmədovun rəhbərliyi altında işləyib. 2015-ci ildən isə Xarici siyasət məsələləri şöbəsinin müdir müavini olub (indi bu vəzifədə Hikmət Hacıyev işləyir).
Ərəstü Həbibbəyli 1980-cı ildə Naxçıvan şəhərində anadan olub. 1997-2001-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001-2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirib. 2003-2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil alıb. 2002-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləyib.
Baş nazirin ötən ay daha bir təyinatı da diqqət çəkib. Belə ki, Nazirlər Kabineti Aparatının rəhbəri Ağa-Bala Hacıyevə yeni müavin təyin edilib. Bu, Mərkəzi Seçki Komissiyasının sabiq sədr müavini Natiq Məmmədovdur.
N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib. O, Mili Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. N.Məmmədov 2010-cu ildən MSK-nın sədr müavini idi. Yeri gəlmişkən, yeni Nazirlər Kabinetində keçmiş baş nazirin köməkçiləri ilə yanaşı, vəzifəsini qoruyanlardan biri də Ağa-Bala Hacıyevdir. O, 2003-cü ilin sentyabrından Nazirlər Kabineti Aparatının rəhbəridir. Bir müddət əvvəl isə yeni baş nazir Rəsi-Zadə dönəminin daha bir kadrını Günəş Vəliyevanı Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edib. Baş nazirin digər qərarı ilə G.Vəliyeva ilə yanaşı Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən çıxarılıb. G.Vəliyeva 2003-cü ilin sentyabrından isə Nazirlər Kabineti Aparatının hüquq şöbəsinin müdiri idi. Qeyd edək ki, bu mühüm vəzifəyə hələ də təyinat yoxdur. Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri vəzifəsi də boşdur.
Oktyabrın 30-da isə baş nazir daha iki məmurun işdən azad edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncamla Şahin Salahov Nazirlər Kabineti Tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri vəzifəsindən azad edilib. 1952-ci ildə Bərdə rayonunda anadan olan Ş.Salahov yaş həddinə görə işdən uzaqlaşdırılıb. Ş.Salahov Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra isə Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Abşeron mexaniki suvarma idarəsində sahə mühəndisi kimi başlayıb. 1993-2002-ci illərdə Nazirlər Kabineti İşlər İdarəsinin tikinti, inşaat materialları və tikinti sənayesi şöbəsində böyük referent, həmin şöbənin müdir müavini, şöbənin müdiri vəzifələrində işləyib. 2002-ci ildən Nazirlər Kabineti İşlər İdarəsinin tikinti və kommunal təsərrüfatı şöbəsinin müdiri idi. Bundan başqa, Nazirlər Kabinetinin Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdir müavini Nail Sadıqov da vəzifəsindən azad edilib. O, dövlət qulluğunda işləmənin son yaş həddi ilə əlaqədar işdən çıxarılıb. Nazirlər Kabinetinin Hüquq şöbəsinin müdir müavini Səriyyə Əzimova isə öz ərizəsi əsasında işdən çıxarılıb.Novruz Məmmədov Nazirlər Kabinetinə əvvəldən yaxşı tanıdığı kadrları toplayır