“ABŞ-ın müttəfiqiyik, VASSAL DEYİLİK” - Makrondan Trampa CAVAB
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın onu tənqid etməsinə cavab verib. “Anadolu” agentliyi xəbər verir ki, Makron ABŞ-ın Fransanın tarixi müttəfiqi olduğunu və belə olmağa da davam edəcəyini bildirib: “Müttəfiq olmaq ondan asılı olmaq demək deyil. Bütün fransızların təhlükəsizliyini ABŞ-ın öhdəsinə buraxa bilmərəm. Mənim vəzifəm xalqımı qorumaqdır”. O, Avropa ordusu qurmaq haqqında fikirlərinə sərt münasibət bildirən Trampa belə reaksiya verib: “Tramp Amerika siyasəti aparır. Bunu etməsinə icazə verirəm”. Qeyd edək ki, ABŞ prezidenti Tvitterdə Makron və fransızlar barədə sərt ifadələr işlətmişdi: “Fransa prezidenti Avropanın ABŞ, Çin və Rusiyadan qorunmaq üçün öz ordusunu qurmasının vacib olduğunu deyir. Amma Birinci və İkinci Dünya müharibələrində Avropaya hücum edən Almaniya idi. Fransa o vaxt nə etmişdi? ABŞ xilasedici olaraq gəlmədən öncə Parisdə almanca öyrənməyə başlamışdılar”.