Azərbaycanda daha bir məmur oğlunun qudurğanlığı - Sürücünü döyüb, xəstəxanalıq etdilər

Azərbaycanda daha bir məmur oğlunun qudurğanlığı - Sürücünü döyüb, xəstəxanalıq etdilərAzərbaycanda daha bir yüksək vəzifəli məmur oğlunun qudurğan hərəkəti qeydə alınıb.

"AzerTaym.az" Qafqazinfo-ya istinadən xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədr müavini Gəray Fərhadovun oğlu küçənin ortasında "KaMaz” markalı avtomobil sürücüsünü döyüb.

Hadisə Sumqayıt şəhərində baş verib.

Sədr müavininin oğlu Elvin Fərhadov yolda ötmə əməliyyatı etmək istəyərkən "KaMaz” sürücüsü ona mane olub. Buna əsəbiləşən Elvin Fərhadov dostları ilə birgə sürücünün qabağını kəsib, möhkəmcə əzişdirib. Nurlan adlı sürücü Sumqayıt şəhər Travmatoloji Xəstəxanasına yerləşdirilib.

Hadisəni polis tərəfindən qeydə alınıb-alınmadığı barədə məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycanda məmur övladlarının harın hərəkətləri ilə bağlı dəfələrlə ölkə başçısı səviyyəsində sərt xəbərdarlıqlar edilib. Övladları qudurğan hərəkətlər edən məmurların cəzalandırılacağı qeyd olunub.

Xatırladaq ki, Gəray Fərhadov sədr müavini olsa da, əslində onun nəzarətində böyük maliyyə tutumu olan işlər var. Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsi tərəfindən həyata keçirilən bütün tikintilər sözügedən şəxsin nəzarətindədir.






Fikirlər