"44 milyon manatlıq pul köçürmə sənədlərinə imza atmışam" - 4.7 MİLYARDLIQ İTTİHAM...

Sabir bankir Cahangir Hacıyev 21 nəfərlə birlikdə növbəti dəfə hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə ittiham edilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev vəsatətlə çıxış edib.

Vəkil xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev 15 iyul 2015-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Fərman imzalayıb. Müdafiəçinin sözləri görə, Fərmana əsasən, Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı 15 gün müddətində “Azərbaycan Beynəlxalq Bankı”na məxsus problemli aktivləri müəyyən etməli və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılmalı idi. Daha sonra isə dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görməli idi.

Fəxrəddin Mehdiyev deyib ki, Fərmandan da görünür ki, bu işlərin mülki iqtisadi müstəvidə görülməsi tapşırılır. Ancaq Beynəlxalq Bankla bağlı araşdırmaları hüquq-mühafizə orqanları aparıb.

Müdafiəçi vəsatətində qeyd edib ki, Fərmanın imzalanmasından 4 ilə yaxın vaxt keçir: "Biz istəyirik ki, məhkəmə müvafiq sorğular verərək, Fərmanla bağlı hansı işlərin görüldüyünü aydınlaşdırsın. Bankın girovunda olan əmlakların qiymətləndirilməsi aparılıb. Həmin qiymətləndirmə aktları məhkəməyə təqdim edilsin".

Digər təqsirləndirilən şəxslərin vəkilləri vəsatətin təmin edilməsini istəyiblər. Dövlət ittihamçısı isə vəsatətin əsassız olduğu üçün təmin edilməməsini istəyib. Məhkəmə müşavirədən sonra vəsatətin təmin edilmədiyini elan edib.

Məhkəmənin davamında təqsirləndirilən Natiq İmanov ifadə verib. Ev dustaqlığında olan İmanov bildirib ki, 2011-ci ildə Dünyamin Xəlilov tərəfindən "Soik Constraction" MMC-nin direktoru vəzifəsinə təyin edilib. 12 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunan İmanov söyləyib ki, Dünyamin Xəlilovun göstərişi ilə Beynəlxalq Banka gedib, bankın "Mərkəzi" filialında Azər adlı şəxsin hazırladığı sənədlərə imza atıb. O, ümumilikdə 44 milyon manatlıq pul köçürmə sənədlərinə imza atdığını deyib. Hakim isə xatırladıb ki, N.İmanov cinayət materiallarında Beynəlxalq Bankdan 22 milyon 450 min manatlıq kredit götürüb.

Təqsirləndirilən və hazırda ev dustaqlığında olan S.Murtuzayev isə ifadəsində deyib ki, 2006-2007-ci illərdə rəhbəri olduğu "Alfaline" şirkətinə Beynəlxalq Bankdan 14 milyon manat kredit ayrılıb. O, bu işləri D.Xəlilovun istəyi ilə etdiyini bildirib.

Zərərçəkmiş qismində Beynəlxalq Bankla yanaşı, Aqrokredit bank və Vergilər Nazirliyi tanınıb.

Həbs edilənlərdən biri C.Hacıyevin dostu, hazırda həbsdə olan Dünyamin Xəlilovdur. İsmayıl Hidayətzadə təqsirləndirilən şəxsdir. O, C.Hacıyevin bacanağıdır və “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru vəzifəsində işləyib. Hidayətzadə “Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılıb və 5 il müddətinə həbs cəzası alıb.

Digər şəxslər isə Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qaffarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Mariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovdur. Onların barəsində mənimsənmə ittihamı irəli sürülüb.

Rəsmi məlumata görə, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

 






Fikirlər