“FHN rəhbərliyinin tükənməz mülkləri var” – Polkovnikin açıqlaması QALMAQAL yaratdı
“Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyevin verdiyi bəzi açıqlamalar ciddi tənqidə səbəb olub. Belə ki, R. Xudiyev nəzərə çatdırıb ki, özü də “Diqlas” Ticarət Mərkəzindən alış-veriş edib: “Mən hər dəfə ora daxil olanda demişəm ki, bura barıt çəlləyidir. Demişəm ki, burada bir hadisə olsa, insanlar salamat çıxsa, böyük şeydir”. Bu açıqlamadan sonra sosial şəbəkə istifadəçiləri FHN-i təhlükəsizliklə bağlı problemləri görüb heç bir addım atmamaqda ittiham etdilər. Bundan öncəki yanğınlarla bağlı da nazirliyi günahlandıranlar az olmamışdı. Təbii ki, ticarət mərkəzinin rəhbərliyi təhlükəsizliyə cavabdehdir. Lakin bu məsələdə nazirliyin məsuliyyətinin də az olmadığı qeyd edilir. Mövzu ilə bağlı “Yeni Sabah”a danışan siyasətçi Razi Nurullayev qeyd edib ki, “Diqlas” TM-nin yanmasına görə həm FHN, həm Nizami rayonunun icra hakimiyyəti, həm də bütövlükdə hökumət məsuliyyət daşıyır: “Və ən ədalətli yol odur ki, sahibkarlara dəyən ziyan 100% hökumət tərəfindən ödənilsin. Bunu hökumət necə edəcək, öz işidir, istər ticarət mərkəzinin sahibinə ödətsin, istərsə də özü ödəsin. Sahibkarlar günahkar deyil. FHN ola bilsin ki, TM-nin barıt çəlləyi olduğunu desin, amma belə görünür ki, onu bağlamağa gücü çatmayıb”. R.Nurullayev bildirib ki, Azərbaycanda “hüquqi dövlət var” deməklə hüquqi dövlət olmur: “Hüququ pozan, qanunları ayaqlar altına salıb vəhşicəsinə tapdalayan da məmur təbəqəsidir, yüksək çinli məmurlardır. Ölkənin ən böyük biznes təbəqəsini də onlar təşkil edir. Ən böyük sahibkarlar elə məmurlardır. Ən kiçik obyektin belə arxasında dayanan məmur var. Elə FHN-nin də yüksək çinli məmurlarının tükənməz-bitməz mülkləri və biznes qurumları var. Belə olan halda, onlar da digər biznes məmurlara başqa cür yanaşa bilməz. Bu ayrı-ayrı qurumların yox, ölkədədəki siyasi sistemin günahıdır və bötövlükdə məsuliyyət iqtidarın üzərinə düşür”.