Bu GECƏ NİYYƏT gecəsidir - RAMAZAN AYI BAŞLAYIR...
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, fətvaya görə, bu il Ramazan ayının başlanma tarixi miladi təqvimlə mayın 6-na təsadüf edəcək. Mayın 5-dən 6-na keçən gecə niyyət gecəsidir. Ramazan ayının son günü iyunun 4-nə təsadüf edir. İyunun 5-6-sı Azərbaycanda Ramazan bayramıdır. QMİ bildiri ki, insanların düşünüb ibrət almaları, Haqq yoluna hidayət olunmaları üçün göndərilən Qurani-Kərim məhz Ramazan ayının mübarək Qədr gecəsində nazil olub. Qadir Allah “Bəqərə” surəsinin 183-cü ayəsində Ramazanda oruc tutmağın müsəlmanlara vacib olduğunu bəyan edərək belə buyurmuşdur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!” Oruc insanı səbrə, nəfsi tərbiyə etməyə, paklıq, mərhəmət və xeyirxahlığa, habelə ehtiyac sahiblərinin halını anlamağa təşviq edən bir ibadətdir. Bu ibadətin fəzilətindən bəhs edən Peyğəmbər (s) buyurmuşdur: “Kim Ramazan ayının orucunu iman edərək və savabını yalnız Allahdan gözləyərək tutsa, keçmiş günahları bağışlanar”. Rəsulullahın (s) “kiçiklərinizə mərhəmət və böyüklərinizə hörmət göstərin” tövsiyəsinə əsasən ilk olaraq valideynlərə ehtiram göstərmək, uşaq evlərinə, yaşlılara, ehtiyac sahiblərinə maddi və mənəvi dəstək olmaq, kimsəsizlərin kimsəsi olmaq orucluqda Allah-Təalanın rizasını qazanmaq üçün bir fürsətdir. Cəhənnəm qapılarının bağlandığı və ilahi məğfirətin bol olduğu Ramazanda Qurani-Kərimi oxuyub mənasını dərk etməyə çalışmaq, qohum-qonşuya baş çəkmək, əbədi aləmə köç edənlərin ruhunu yad etmək, insanların sevinc və qəminə şərik olmaqla cəmiyyətdə dostluq və qardaşlığı təbliğ etmək dinimizdə böyük savablardan hesab olunur. QMİ bu il də AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birgə Ramazanın başlanğıcı, bu ayın namaz vaxtları və gündəlik dualarını, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib . Qazılar Şurası və Elmi-Dini Şura bəyan edir ki, dindarlarımız başqa mənbələrdən əldə edilən, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə etməsinlər. Din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar. Ümid edirik ki, Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətlərinin müvafiq qurumları da bu məsələdə öz köməyini əsirgəməyəcək, məhz QMİ tərəfindən tərtib edilən Ramazan təqviminin kütləvi informasiya vasitələrində, o cümlədən sosial mediada təbliğinə və yayılmasına nəzarət edəcəklər. Qazılar Şurası və Elmi-Dini Şura mübarək Ramazan ayı ərzində iftar vaxtından əvvəl ehsan adı ilə açılan süfrələrdə iştirak etməyin böyük günahlardan hesab olunduğunu diqqətə çatdıraraq bildirir ki, belə məclislərdə iştirak edən din xadimləri barəsində ciddi tədbirlər görüləcək. Qazılar Şurası tövsiyə edir ki, bu əziz ayda dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, Vətənimizin azadlığı və torpaqlarımzın bölünməzliyi uğrunda canlarından keçən 20 Yanvar, Qarabağ və Aprel şəhidlərinin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərliyin təbliğinə xüsusi diqqət yetirilsin. İnşallah, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsinə əsasən iyunun 5-nə təsadüf edəcək. Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür”.