Hakimiyyətin sosial şəbəkə açılımı - iqtidar komandası facebooka yığışır
Son günlər tanınmış hakimiyyət nümayəndələrinin sosial şəbəkələrdə aktivləşməsi diqqət çəkir. Ötən həftə YAP-çı deputat Siyavuş Novruzov facebookda özünə hesab açdı. Onun bu platformaya gəlişi medianın diqqətindən yayınmadı. Bəzi saytlar YAP-çı deputatın bu addımını xəbərə çevirdi. Həmçinin prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bugünlərdə facebook profili açdı. Xatırladaq ki, Ə.Həsənovun facebookda səhifəsi vardı və buradan intensiv paylaşımlar edirdi. Amma o, yeni bir profil də açaraq sosial şəbəkədə daha fəal olmağa qərar verib. Baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov, YAP-çı deputatı Aydın Mirzəzadə, hakimiyyət yönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da facebookda hesabı olan siyasətçilərdəndi. Bütün bunlar iqtidar düşərgəsində sosial şəbəkələrlə bağlı bir siyasi açılım olduğunu deməyə əsas verir.
Ə.Həsənov yeni açdığı facebook profilində son dərəcə maraqlı bir status yazıb, paylaşıb. Həmin statusu təqdim edirik: “Tez-tez bu cür suallarla qarşılaşıram: ”Niyə sosial şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?" Bu sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli üçün səy göstərməlidir. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi kimi bəyan edirəm ki, dilindən, dinindən, etnik və siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi problemə, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin əks olunduğu müraciətlərə çevik və operativ reaksiya vermək ölkə başçısı tərəfindən qarşımıza qoyulmuş ən ümdə vəzifələrdən biridir. Bu vəzifəni layiqincə yerinə yetirmək üçün isə mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ünsiyyətdə olmaq lazımdır. Danılmaz həqiqətdir ki, hazırda qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır (təəssüf ki, sosial media eyni zamanda zərərli və təxribat xarakterli çağırışların tirajlanması baxımından da münbit məkandır). Ona görə də, mənim uzun illərdir ki, bu platformada aktiv təmsil olunmağım heç kimə təəccüblü gəlməməlidir. Bildirmək istəyirəm ki, Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram". Ə.Həsənov birmənalı şəkildə bəyan edib ki, cəmiyyətin bütün zümrələrinə açıqdır, onların şikayətlərini, iradlarını eşitməyə, cavablandırmağa hazırdır. *** Əli Həsənovun statusundan belə anlaşılır ki, hakimiyyət rəsmilərinin sosial şəbəkələrdə fəallaşması iqtidarın ən yüksək məqamında qəbul olunmuş siyasi qərardır. Çünki sosial şəbəkə müstəvisində hakimiyyətə qarşı bir cəbhələşmə müşahidə olunur. İstər ənənəvi siyasi müxalifət, istərsə də xaricdəki “söyüş müxalifəti” hər gün iqtidarın zirehini deşməklə, onun sütunlarına zərbələr vurmaqla məşğuldular. Habelə, Londonda Qurban Məmmədovun, Amerikada Sevinc Osmanqızının siyasi proqramları, Orduxan Teymurxan və digər fəalların sosial şəbəkələr üzərindən canlı yayıma çıxması, səsləndirdikləri fikirlər hakimiyyəti narahat etməyə bilməzdi. İqtidar bu gedişatın fərqindəydi və gec-tez sosial şəbəkələrlə bağlı konyuktura dəyişməliydi. Müxalifətçiliyin küçədən virtuala transformasiya olunması, şüarçılığın meydanlardan, stadionlardan sosial şəbəkələrə daşınması yekunda nəticəsini verməliydi. Ona görə də hakimiyyət rəsmilərinin facebook aktivliyi günün tələblərinə uyğundur. ***
Yeri gəlmişkən, baş nazirin müavini Ə.Əhmədov avqustun 28-də feysbuk sosial şəbəkəsində müxalifətə, AXCP sədri Əli Kərimliyə cavab verib. Ə.Əhmədov səhifəsində “Müxalifətin Ermənistan heyranlığı” adlı məqalə yazıb. YAP rəsmisi qeyd edir ki, son günlərdə mühacir müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meyl özünü aydın şəkildə göstərməyə başlayıb. Onun sözlərinə görə, Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb: “Hətta onlar Ermənistanın ”demokratik", “tərəqqidə olan”, “Azərbaycandan daha üstün” ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər". Göründüyü kimi, hakimiyyətin “ağır artilleriyaları” sosial şəbəkələrdə fəallaşıblar. Bəs bu siyasi dinamika, götürülən yeni kurs müsbət nəticəsini verəcəkmi? ***
Deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, ayrı-ayrı dövlət xadimlərinin, YAP funksionerlərinin sosial şəbəkələrdə özlərinə yeni səhifə açmasını yalnız müxalifətə cavab vermək, onlara qarşı bu platformadan istifadə etmək kimi qiymətləndirmək olmaz. F.Ağamalının sözlərinə görə, bunun əsas səbəbi sosial şəbəkələrin aktual olması, ideyaların burada bölüşdürülməsidir: “Saytlar, internet vasitələri cəmiyyətin həyatında üstünlük təşkil edir. Siyasətçilər əvvəllər qəzetlərdə fikirlərini ifadə edirdilər, indi çap mediası zəifləyib, sosial media öndədir və facebook ictimai rəyin formalaşmasında ciddi rol oynayır. Eyni zamanda iqtidar mövqeyini gücləndirməyə, dayaqlarını möhkəmləndirməyə çalışır, tərəfdarlarının miqyasını genişləndirmək üçün sosial mediaya çıxır ki, cəmiyyəti həyata keçirdikləri addımlarla məlumatlandırsınlar. Təbii olaraq, müxalifətin sosial şəbəkələrdə əsassız hücumlarına da cavab verməlidirlər".
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı “Yeni Müsavat”a söylədi ki, dövlət məmurlarının sosial mediaya gəlişi tendensiyasını alqışlamaq lazımdır: “Bu, çox faydalıdır. Məmurların, faydalı adamların sosial mediaya yaxınlaşması yaxşıdır. Çünki qiymətli informasiya hökumətdə olur və bu məlumat daşıyıcılarının sosial şəbəkəyə inteqrasiya olunmasını dəstəkləmək lazımdır”. O.Gündüzün dediyinə görə, virtual məkanda liberallar, radikallar, hətta bəzən qanunvericiliyi pozanlar var: “Bu da başadüşüləndir, sosial media açıq şəbəkədir. Amma mən çağırış edərdim ki, feysbuka qoşulan dövlət məmurlarına qarşı bir az tolerant yanaşmaq lazımdır, aqressivliyi kənara qoymaq daha doğru olar. Çünki hakimiyyət nümayəndələrinin əlçatanlığı vacibdir. Halbuki vətəndaş saatlarla növbədə dayanır, məktublar yazır, ondansa dövlət məmuruna inboksda yazacaqsan, oxuyacaq və ən azı köməkçisi baxacaq". AİF prezidenti hesab edir ki, məmurların sosial mediaya inteqrasiyasının ardınca qanunvericiliyə dəyişiklik etmək də yerinə düşər: “Prezidentin fərmanına əsasən mərkəzi icra orqanlarının vətəndaşlarla yerlərdə görüşləri təşkil olunur. Bu görüşlərə bir ay qabaqdan hazırlıq gedir, resurslar xərclənir, əvvəldən təlimatlandırılmış adamlar tapılır və nəhayətdə o görüş effekt vermir. Amma məmurlar sosial mediaya gələcəksə, onların qəbulu bu formatda təşkil edilə bilər. Deyək ki, Balakəndə görüş olur, vətəndaş Şəkidən yol xərci çəkərək məmurun qəbuluna gedir. Amma sosial şəbəkədə bu qəbullar keçirilsə, həm qənaət etmiş olarıq, həm də daha faydalı olar. Bu baxımdan məmurların sosial mediada profillər açmasını təqdir etmək lazımdır".
Ümid Partiyasının sədri İqbal Ağazadə güman etmir ki, iqtidarın sosial şəbəkəyə gəlişi ciddi şəkildə nəyisə dəyişsin. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, siyasətdə xalqın maraqları ifadə edilmirsə, hansı sosial şəbəkədə olmağın əhəmiyyəti qalmır: “İstərsə twitter, istərsə instaqramda olsun, fərq etmir. İqtidarın facebooka gəlişi xalqın mövqe və maraqlarını ifadə etmək yox, təbliğat xarakteri daşıyır. Bir az sonra sərt sorğu-suallarla üzləşəcəklər. Güman edirəm ki, hakimiyyət bu məsələdə gecikib və hətta bir müddət sonra əks təbliğata çevriləcəyini istisna eləmirəm. Bu halda məcburiyyətdən şərh bölümünü bağlamalı olacaqlar". İ.Ağazadə hesab edir ki, iqtidar ictimai rəyin formalaşmasında sosial şəbəkə üzərindən həyata keçirilməsinin fərqindədir: “Bu faktoru yüksək qiymətləndiriblər və virtual aləmin avaraların, bekar adamların yeri olmadığını anlayıblar. Burada ciddi adamlar öz rəylərini yazırlar və ümumiyyətlə, sosial şəbəkədən dünyada geniş istifadə olunur. Artıq insanlar “Ağ Ev”in mətbuat xidmətindən deyil, Trampın twitter səhifəsindən məlumat əldə edirlər. Bu baxımdan facebooka gələn hakimiyyət rəsmiləri xalqın maraqlarını ifadə etməlidir. Əgər şərhlərə açıq olacaqlarsa, vətəndaşların suallarına dürüst cavab veriləcəksə, bəlkə insanlar fərqli münasibət bəsləyə bilər".
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin üzvü Xəzər Teyyublunun fikrincə, iqtidar mənsublarının facebookda aktivləşməsi səbəbsiz deyil. Onun sözlərinə görə, ictimai rəy hakimiyyətin əleyhinədir. “Ölkədə vətəndaşlar arasında aparılan sorğular, əhalinin sosial vəziyyəti bunu deməyə əsas verir. Sosial şəbəkələrdə hakimiyyətə qarşı güclü təşkilatlanma var, bütün protestolar bura daşınıb. Digər tərəfdən, regionda və ölkədə cərəyan edən siyasi proseslər hakimiyyətə sosial şəbəkələri nəzarətdə saxlamağı, təhlillər aparmağı diqtə edir. Məncə, bu bir başlanğıcdır və hökumət rəsmiləri virtualda daha çox nədən şikayətlər olduğunu, insanların əsasən hansı məsələlərə etiraz etdiyini, narazı qaldığını təhlil edəcək. Yəni eksperiment aparılacaq və əhalinin sosial-iqtisadi çətinliyi sosial şəbəkə üzərindən təhlil olunacaq. Eyni zamanda normal cəmiyyətlərdə nazirlər, məmurlar vətəndaşlara açıq olmalıdır, onların suallarını cavablandırmalıdır. Amma bizdə bu məsələdə mənzərə heç də ürəkaçan deyil". İqtidarın əsas ideoloqları, “danışan dilləri” sosial şəbəkədən vətəndaşların müraciətlərini dinləməyə hazır olduqlarını bildirirlər; bu tendensiyaya ekspertlər və müxalifət nə deyir - şərhlər