Əli Həsənovla Hacıbala Abutalıbov niyə işdən ÇIXARILIB
Baş nazirin müavinləri Əli Həsənovla Hacıbala Abutalıbovun tutduqları vəzifədən azad ediləcəkləri barədə “Yeni Sabah”ın oktyabrın 9-da yaydığı məlumat təsdiqini tapıb. Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə hər iki məmur işdən çıxarılıb. Rəsmi məlumata görə, onlar öz ərizələri ilə postlarından istefa veriblər. “Yeni Sabah” yazmışdı ki, Əli Əsədovun Baş nazir təyin olunmasından sonra Nazirlər Kabinetdində kadr dəyişikliklərinə başlanılacaq və ilk olaraq Əli Həsənovla Hacıbala Abutalıbov vəzifələrini itirəcək. Əli Həsənov 21 il idi ki, Baş nazirin müavini vəzifəsində çalışır. O, ictimaiyyətdə mənfi reputasiyaya malik məmur kimi tanınırdı. Buna səbəb Əli Həsənovun həm də Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət komitəsinin sədri kimi fəaliyyəti olub. Komitəyə rəhbrəlik etdiyi dönəmdə onun fəaliyyətindəki neqativ hallar barədə mediada vaxtaşırı məlumatlar dərc edilib. Nəvəsinin törətdiyi avtoqəza isə Əli Həsənovu ictimai rəydə daha da nüfuzdan salıb. “Qaçqınkom”un sədri olan bir şəxsin nəvəsinin milyonluq maşınları və dəbdəbəli həyatı onun ictimaiyyətdə qıcıq doğurub. Hətta bu hadisədən bir müddət sonra Əli Həsənovun komitə sədri kimi fəaliyyətinə son qoyulub. Bununla belə, o, hər dəfə hansısa məsələ barədə danışarkən nəvəsi ilə bağlı qalmaqal gündəmə gətirlib və hakimiyyət üçün başağrısına çevrilib. Ona görə də Əli Həsənovun bu vəzifəsindən də azad ediləcəyi gözlənilən idi. Hacıbala Abutalıbova gəlincə, o, Baş nazirin müavini kimi 1 illik fəaliyyəti dövründə heç nə ilə yadda qalmayıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olanda daha çox gündəmdə olan Hacıbala Abutalıbov Nazirlər Kabinetinə təyinat aldıqdan sonra kölgəyə çəkilib. Qalmaqallı persona olsa da, bu bir ili sükutla yola verib. O, son bir il ərzində yalnız yaşlı məmurlar kateqoriyasına aid olduğuna görə ara-sıra yada salınıb. Yəni hər dəfə kadr islahatları gündəmə gələndə ilk növbədə yaşlı məmurların işdən çıxarılması ilə bağlı fikirlər səsləndirilib ki, bu sırada Hacıbala Abutalıbovun da adı çəkilib.