Rahim Hacıyev: "20 mindən artıq borcumuz yaranıb, ödənilməsini tələb edirlər"

 

rahim-1.jpg

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev “Amerikanın səsi” radiosuna müsahibə verib. Müsahibədə o, qəzetin üzləşdiyi bağlanmaq təhlükəsi barədə danışıb.

 

– “Azadlıq” qəzetinin bağlanması təhlükəsi ilə üzləşdiyini bəyan etmisiniz. Səbəb nədir?

– Artıq uzun illərdir ki , “Azadlıq” qəzeti bu təhlükə ilə qarşılaşır. Bunun da başlıca səbəbi Azərbaycan hakimiyyətinin “Azadlıq” qəzetini boğmaq, susdurmaq, sıradan çıxarmaq istəyi ilə bağlıdır. Artıq çox uzun illərdir ki, biz bu qədər ağır, çətin, mürəkkəb vəziyyətdə yaşayırıq. Daim repressiyalar, əməkdaşlarımızın həbsi, onlara qarşı qanuna zidd hərəkətlərin edilməsi, qəzetə qarşı məhkəmə cərimələri...

Qəzetin ağır vəziyyətə düşməsinin başlıca səbəblərindən biri də yayım imkanlarının hədsiz dərəcədə məhdudlaşıdırılmasıdır. 2013-cü ilin oktyabr ayında metroda qəzet satışı qadağan edildi. Sırf satış hesabına maliyyələşən qəzet üçün bu, çox ağır zərbə oldu. Eyni zamanda əl yayımı da faktiki olaraq sıradan çıxarılıb. Yəni yayım arealı hədsiz dərəcədə məhdudlaşdırılıb.

Bir neçə il ərzində biz KİVDF ilə əməkdaşlıq etmişik. Azərbaycan hakimiyyəti bütün dünyada bunu mətbuata dəstək kimi qiymətləndirirdi. Amma onların əsəbləri düzmədi. 2013-cü ilin noyabr ayından KİVDF “Azadlıq” qəzeti ilə əməkdaşlıqdan imtina etdi.

– Azərbaycan Nəşriyyatı sizi xəbərdar edib ki, sentyabrın 20-də borcunuzu ödəməsəniz nəşrinizi dayandıracaq. Nə edəcəksiniz?

– Bilirsiniz ki, “Qasid” firmasının “Azadlıq” qəzetinə 69 min manat məbləğində borcu var. Biz bu borcu ala bilmədik. Çox təəssüf ki, apardığımız mübarizənin heç bir müsbət nəticəsi olmadı. Bunlar qəzetin maliyyə vəziyyətinin hədsiz ağırlaşması ilə nəticələndi. 20 mindən artıq borcumuz yaranıb nəşriyyata. Onlar borcun ödənilməsini tələb edirlər. Açığı, çox ağır vəziyyət yaranıb. Mənim üçün çox çətindir həll yolunu tapmaq, göstərmək. Redaksiya üçün bu gün birinci məsələ kağızpuludur, çap xərci, kommunal xərcdir. Bu gün bizdə maaşlar yalnız 4-cü yerdə durur. Xüsusilə son 1 il ərzində “Azadlıq” qəzetinin çıxması kollektivin hədsiz fədakarlığı və qəhrəmanlığı hesabına olub. 

Biz maksimal səylər göstəririk ki, vəziyyətdən çıxa bilək. Amma konkret nəsə demək çox çətindir. İmkanlar hədsiz dərəcədə məhduddur. Yaratdığınız imkandan istifadə edərək, oxucularımıza üz tutub demək istəyirəm ki, ciddi abunə kampaniyası qəzeti xilas etməyə xeyli mənada kömək edə bilər.

– Qəzetin rəhbəri kimi Azərbaycan ictimiayyətinə, hökumətə, beynəlxalq ictimaiyyətə sözünüz varmı?

– İlk növbədə azərbaycan ictimaiyyətinə müraciət etməyi lazım bilirəm. “Azadlıq” qəzeti həqiqətən də söz azadlığı uğrunda mübarizənin böyük tarixini yaratmış bir qəzetdir və bu gün də oxucuya xidmət etmək kursuna sədaqətini davam etdirir. Bu gün də “Azadlıq” qəzeti və onun kollektivi hesab edir ki, həqiqətə xidmət etmək başlıca vəzifədir. Bu iş nəyin bahasına olursa-olsun davam etdirilməlidir. 

Hesab edirəm ki, bizim müəyyən haqqımız var ictimaiyyətin dəstəyini ummağa. Güman edirəm, Azərbaycan ictimaiyyəti dəfələrlə olduğu kimi, yenə də istər abunə yolu ilə, istər başqa yollarla “Azadlıq” qəzetinə dəstək verəcək ki, Azərbaycan ictimai-siyasi həyatının böyük fenomeninə çevrilmiş bir qəzet fəaliyyətini davam etdirsin.






Fikirlər