“Hər bir yer adamı təhlükə ilə üz-üzədir” – Sabir Rüstəmxanlı
“AzerTaym.az” Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının BakuPost-a müsahibəsini təqdim edir: - Sabir bəy, VI çağırış Milli Məclisi artıq fəaliyyətə başlayıb və ilk iclaslarını keçirib. Növbədənkənar seçilən parlamentin ilk müzakirəsi də gözlənilməz oldu. Milli Məclis koronavirusla bağlı toplandı və qərarlar qəbul etdi. Necə düşünürsünüz, bu müzakirələr yeni parlament haqda müəyyən fikir söyləməyə imkan verirmi? - Milli Məclisin martın 17-də keçirilən iclasında respublikamızda koronavirusla mübarizə ilə əlaqədar olaraq qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər müzakirə edildi. Bundan əvvəl parlamentin bəzi komitələrində də müzakirələr aparılmışdı. Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsidə dəyişiklik edilməsi haqqında qanunlar qəbul edildi. Qəbul edilən dəyişikliklərə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının pozulmasına görə inzibati məsuliyyət daha da sərtləşdirilir. Eyni zamanda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun qəbul olundu. Bütün bunları ona görə sadalayıram ki, yeni parlament elə ilk gündən proseslərə çevik münasibəti, gərəkən anda ölkə həyatında baş verən hadisələrə reaksiyası ilə yadda qaldı. Heç şübhəsiz, indiki anda millət vəkillərinin problemin həllində iştirakı vacibdir və bu baxımdan yeni parlament öz işinin öhdəsindən gəlir. - Yeri gəlmişkən, bu gün həm dünyanın, həm də ölkəmizin gündəminin əsas mövzusu koronovirus epidemiyasıdır. Bir ictimai-siyasi xadim, böyuük həyat təcrübəsi olan şəxs kimi baş verənlər haqda fikriniz nədir? - Doğrudan da baş verənlər bəzən fantastik filmlərdə seyr etdiyimiz hadisələri xatırladır. Bir ölkə, bir qitə deyil, bütövlükdə planetimiz, millətindən və dinindən asılı olmayaraq, hər bir yer adamı təhlükə ilə üz-üzədir. Təbii ki, baş verənləri ürək ağrısı və həyəcanla izləyirik. Amma bu, dünyada hegemonluq iddiasında olan, imperalist maraqlarla hərəkət edən böyük güclərə həm də bir dərs olmalıdır. İnsan, onun timsalında hansısa dövlət nə qədər güclü olursa-olsun, özünü nə qədər superdövlət, dünyanın tək hökmdarı hesab edirsə-etsin, təbiətin qanunları qarşısında yenə də milyon illər öncə olduğu kimi acızik. Bu mənada böyük Füzulinin “göstətən saətdə dövrani fələk bir inqilab, həm özü fani olur, həm ləşkəri, həm kişvəri” misraları dünya ağalığı iddiasında olub, bu gün bir hüceyrənin, virusun əsirinə çevrilən Çin, ABŞ, Rusiya kimi dövlətlərə dərs olmalıdır. Heç şübhəsiz, insanlıq bu faciəni də aşacaq. Amma silah, zor gücünə deyil, bir-birinə sevgi ilə, bir-birinə yardım etməklə və heç şübhəsiz elm, biliklə. - Epidemiya ilə bağlı Azərbaycanda görülən işləri necə qiymətləndirirsiniz? - Deyim ki, Azərbaycanın dövlət rəhbərliyi, Prezident və hökumət qısa müddət ərzində bu istiqamətdə çox ciddi və təxirəsalınmaz addımlar atdı. Hətta bəzi inkişaf etmiş dövlətlərdə biz belə mütəşəkkil və ardıcıl tədbirlərin şahidi olmadıq ki, indi həmin dövlətlər bu gecikmənin acı nəticələrini yaşayır. Azərbaycanda isə virusla mübarizə məqsədilə profilaktik tədbirləri çox erkən başladı. Dünya Səhiyyə Təşkilatı koronovirusla bağlı həyəcan təbili çalmamışdan əvvəl ölkəmizdə virusun qarşısının alınması ilə bağlı ilkin tədbirlər həyata keçirildi. Vaxtında sərhədlərin bağlanması, gediş-gəlişin qabağının alınması, bütün təhsil müssisələrində tədrisin dayandırılması, insanların kütləvi toplana biləcəyi məkanıların fəaliyyətinə məhdudiyyətlər qoyulması, demək olar ki, bütün xidmət sahələrində epidemiya əleyhinə prafilaktik tədbirlər görülməsi bunu sübut edir. Görülən bu işlərə də tənqidi yanaşanlar da, hökuməti suçlayanlar da var. Amma onların diqqətinə tək bir faktı çatdırmaq istəyirəm ki, dünyada süni nəfəs aparatlarına kəskin ehtiyacın artdığı bir zamanda Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü ilə bir dəfəyə ölkəyə 200-ə yaxın əlavə nəfəs aparatı gətirilib. Martın 19-da koronavirusla mübarizə üçün 1 milyard pul ayırıldı. Yəqin bu istiqamətdə başqa addımarın da şahidi olacağıq. Bütün bunlar Azərbaycan vətəndaşının təhlükəsizliyi üçün edilir və siyasi baxışlarından asılı olmayaraq, hər kəs tərəfindən təqdir edilməlidir. - Bu gün cəmiyyətdə müzakirə olunan məsələlərdən biri də indiki şəraitdə iqtidar-müxalifət münasibətləridir... - Yersiz müzakirələrdir. Söhbət Azərbaycanın, Azərbaycan dövlətinin, Azərbaycan insanının taleyindən gedirsə, bütün siyasi maraqlar, ideoloji görüşlər arxa plana keçir. ABŞ və İran, Çin kimi müharibə vəziyyətində olan dövlətlər belə dünyanı bu bəladan xilas etmək üçün həmrəydilər. Burda bir ölkənin vətəndaşları, bir dildə danışan insanları siyasi müstəvidə ayırmaq normal yanaşma deyil. Azərbaycan iqtidarının gördüyü işlər ortadadır və məhz bu işlərin sayəsdində sərhəd olduğumuz ölkələrlə müqayisədə virusa yoluxma halı xeyli azdır. Bunu görmək və demək lazımdır, amma dövlətin qayğısı ilə yanaşı bizlər də bir fərd olaraq üzərimizə düşən məsuliyyəti lazimi səviyyədə dərk etsək, özümüzə qarşı lazımi diqqət və həssaslıqla yanaşsaq, bu bəlanın öhdəsindən daha qısa müddətə və az itkilərlə gələ bilərik. Dünyada baş verən bu ağır durum təbiidir ki, bayram əhval-ruhiyyəmizə mənfi təsirsiz ötüşməyəcək, ancaq bir millət olaraq mənəvi və praktik həmrəyliyimizi mühafizə etməklə ümidvarıq ki, bütün çətinliklərə sinə gərməmiz mümkün olacaq. - Sabir bəy, vətəndaşlara nə tövsiyə edirsiz? - Bugünki məlumata görə, virusdan ölənlərin sayı 11 mini keçib. İnsanlarımız təşvişə düşmədən bu bəlanın ciddiliyini anlamalı, dövlətin, mütəxəssislərin çağırışlarına riayət etməlidir. Koronavirus kimi qorxulu “düşmən”lə mübarizədə yalnız dövlət deyil, vətəndaşlar da böyük məsuliyyət daşıyır. Bu məsuliyyəti hər bir Azərbaycan vətəndaşı dərk etməli və üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. Mən bu millətin bir zaman Meydanda necə bir olduğunu görmüşəm və bu gün də dünyanın çalxayan təhlükənin öhdəsindən birlikdə, həmrəy olmaqla qalib gələcəyimizə inanıram.