Deputatlar karantin müddətini uzatmağı İSTƏYİRLƏR
Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş karantin rejiminin uzadılması barədə müzakirələr güclənib. Əksəriyyət karantinin aprel ayının sonuna qədər uzadılacağını güman edir. "AzerTaym.az" bildirir ki,bu barədə modern.az-a danışan Milli Məclisin üzvləri isə qərarın mövcud vəziyyətdən asılı olacağını düşünürlər. Musa Quliyev hesab edir ki, karantin rejiminin uzadılmasına ehtiyac var: “Mən bir neçə gün öncə mətbuata açıqlamamda da qeyd etmişdim ki, 20 günlük karantin müddəti epidemiyanın lokallaşması üçün kifayət deyil. Digər dövlətlərin təcrübəsi də göstərir ki, ən azı 1 ay intizamlı şəkildə karantin rejiminə əməl etsək, pandemiyanın sürətinin azalmasına şərait yaranar. Hesab edirəm ki, karantin rejimini uzatmaq, eyni zamanda ciddiləşdirmək lazımdır. Belə məsələlərə məsuliyyətsiz yanaşmaq, dırnaqarası baxmaq olmaz. Hər gün mətbuatda minlərlə insanın karantin qadağalarını pozduğu haqqında xəbərləri izləyirik, oxuyuruq. Amma hər bir şəxsin xalqın qarşısında, öz yaxınlarının qarşısında mənəvi hesabatlılığı olmalıdır. Koronavirus doğrudan da ciddi xəstəlikdir. Amerika, Böyük Britaniya kimi böyük dövlətlər, Avropa kimi inkişaf etmiş region pandemiya qarşısında acizdir. Dünyadakı vəziyyətdən nəticə çıxarmaq lazımdır. Prezident İlham Əliyev hələ karantin elan olunandan öncə də qeyd etmişdi ki, pandemiyadan qorunmaq üçün ictimaiyyətin məsuliyyətliliyi önəmli şərtdir”. Məlahət İbrahimqızı isə söyləyib ki, karantin rejiminin uzadılması ayrı-ayrı şəxslərin qəti əminliklə məsləhət görməsi nəticəsində reallaşacaq məsələ deyil: “Nazirlər Kabineti yanında Operativ Qərargah hər bir vəziyyəti dəyərləndirir, müvafiq qərarları qəbul edir. Koronavirusla bağlı dünyadakı vəziyyət, Azərbaycandakı artım tempi, xəstəliyin fəsadları, dünyasını dəyişənlərin sayı, ağır vəziyyətdə olanların statistikası və s. kimi məqamlar dəyərləndirilir. Nəticədə müvafiq qərar verilir. Mən də hesab edirəm ki, karantin rejiminin uzadılmaq ehtimalı çoxdur. Çünki koronavirusun yayılma sürəti aşağı olan ölkələrdə belə karantin rejimini uzadıblar. Yenə də hər ölkədə xəstəliyin yayılması öz xarakterik xüsusiyyətləri ilə seçilir. Ölkə rəhbəri, prezident İlham Əliyev də pandemiya ilə bağlı məsələlərlə mütəmadi maraqlanır, əhəmiyyətli qərarları qəbul edir. Düşünürəm ki, karantin rejiminin uzadılıb-uzadılmaması ilə bağlı da ən doğru qərar veriləcək”. Deputat Tahir Kərimlinin sözlərinə görə, prezident İlham Əliyev ötən gün keçirilən birinci rübün yekunlarına dair müşavirədə qeyd etdi ki, son iki günün dinamikası müəyyən müsbət ruh yaradır: “Ancaq hələ də qəti fikir söyləmək çətindir. Koronavirus pandemiyasının nə qədər davam edəcəyini, hansı nəticələr ifadə edəcəyini əvvəlcədən demək çətindir. Hər bir halda ölkə başçısı pandemiay ilə əlaqədar nikbinlik ifadə edib. Hesab edirəm ki, koronavirusun yayılma sürətinin azalması davam etsə, vəziyyət yaxşılığa doğru davam etsə karantin rejiminin uzadılmasına ehtiyac qalmayacaq. Amma indiki vəziyyət sabit qalsa, rəqəmlər ciddi fərqlə dəyişməsə, bu ayın sonuna qədər karantinin uzadılması ilə əlaqədar qərar verilə bilər. Karantin rejimi barədə müəyyən olunan müddət 5 gün sonra bitməlidir. Bu günlər ərzində vəziyyətin yaxşılığa doğru dəyişməsi davam edərsə, ayın 20-dən sonra qadağaların yumşaldılası mümkündür. Dünyanın bir çox ölkələrində pandemiya pik həddini keçib. Yalnız Amerika Birləşmiş Ştatlarında əhval-ruhiyyə nikbin deyil. Ümumilikdə, həm ölkəmizdə, həm də dünyada gedən proses göstərir ki, ümidsizliyə qapılmağa əsas yoxdur”.