Dövlətimiz vətəndaşları qorumaq üçün əlindən gələni edir” - Ayaz MÜTƏLLİBOV
"Dövlət həm insanlarımızın sağlamlığını qoruyur, həm də pandemiyanın yaratdığı ağlamagəlməz sosial-iqtisadi fəsadların qarşısını almaq üçün var gücü ilə fəaliyyət göstərir. Təbii ki, bu məsələdə Prezident İlham Əliyevin bildirdiyi kimi prioritet istiqamət məhz vətəndaşlarımızın sağlamlığını qorumaqdır. Yəni ilk növbədə minlərlə insanı həlak edən xəstəlikdən cəmiyyətimizi müdafiə etmək, virusun insanlar arasında yayılması istiqamətində atılan təxirəsalınmaz, ilk baxışdan sərt görünən karantin tədbirləri başa düşülməlidir. Biz təkcə özümüzü yox, orqanizmi, immuniteti zəif olan yaşlı nəsli, uşaqları, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları nəzərə almalıyıq ki, virus onlara çatmasın. Bu baxımdan hesab edirəm ki, nə qədər çətin olsa da karantin qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur".
Sabiq Prezident bildirib ki, yüzlərlə tibb işçisi, polis, digər peşə sahibləri gecəni gündüzə qataraq, öz sağlamlığını təhlükə altına alaraq bu bəla ilə mübarizə aparırlar: "Fürsətdən istifadə edərək bütün tibb işçilərinə, polis və əhalinin təhlükəzliyini qoruyan, Vətənimizin keşiyində duran əməkdaşlara öz təşəkkürümü çatdırıram".
A.Mütəllibovun sözlərinə görə, elə ölkələr var ki, orada dövlət vətəndaşlarını xəstəlik ilə baş-başa buraxıb. Müxtəlif tövsiyyə xarakterli məlumatlarla kifayətlənib.
"Bu ölkələr, dövlətlər arasında bizlə müqayisədə çox inkişaf etmiş ölkələr də var. Lakin Azərbaycanda tam fərqli yanaşmadır. Dövlət bu bəla ilə mübarizədə əlindən gələni edir, ilk növbədə qeyd etdiyimiz kimi xəstəliyin yayılmasının qarşısı alınıb. Bu indiki məqamda çox mühüm şərtdir".
Əhalinin sosial vəziyyətinin qorunmasına gəlincə, A.Mütəllibov qeyd edib ki, bu istiqamətdə də mühüm addımlar atılır. "Müəyyən iqtisadi-sosial problemlər yaranıb. Bu məqamda ən çox çətinlik çəkən təbəqə maddi durumu ağır olan, işləmək qabiliyyəti olmayan və iş yerini qəflətən itirmiş insanlar, yaşlı nəsil və digər həssas təbəqədir. Onlara ilk növbədə kömək olunur. Bu bəla qəflətən cəmiyyətimizin başının üstünü aldı. Heç kim deyə bilməz ki, buna hazır idi. Böyük dövlətlər xəstəliyin qarşısında aciz qalıb. Gündə minlərlə insan bu ölkələrdə həyatını itirir. Şükür Allaha bizdə itki azdır. Allar ölənlərə rəhmət etsin. Biz vaxtilə çox itkilərlə qarşılaşmışıq. İnsan həyatı ən qiymətli nemətdir Bunu da dövlətimiz var gücü ilə qoruyur. Digər xeyriyyəçi insanların, o cümlədən Heydər Əliyev Fondu, nazirliklərin imkansız ailələrə yardım etdiklərini görürük. Hamı bir yerdə olmalıdır. Pandemiya bizə Qarabağ bəlasını əsla unutdurmamılıdır. Bu xəstəlik Allahın köməyi ilə keçəcək, bütün problemlər tədricən öz həllini tapacaq. İmkan vermək olmaz ki, düşmənlərimiz vəziyyətdən sui-istifadə edib öz mövqələrini möhkəmləndirsin. Hamılıqla nəzərə alıb, yadda saxlamalıyıq ki, Qarabağ müharibəsi, hərbi xərclərimiz, qaçqın soydaşlarımızın problemlərinin həlli külli miqdarda vəsait tələb edir. Dövlət həm bu ehtiyacı, həm də gözlənilmədən yaranan pandemiya fəlakətinin yaratdığı ehtiyacları təmin edir. Koronavirus pandemiyası bu məsuliyyətli işləri arxa plana keçirə bilməz. Buna haqqımız da yoxdur".
A.Mütəllibov qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı bu ağır günlərdə öz məsuliyyətini dərk edib dövlətə, Prezidentə öz dəstəyini nümayiş etdirməlidir.
"Müstəqillik, dövlətçilik, ərazimizin toxunulmazlığı məhfumları müqəddəs anlayışlardır. Qeyd etdiyim kimi dərdimiz bir dərd deyil, Qarabağ boyda dərdimiz unudulmamlıdır. Milli birliyimizi, dövlət-xalq birliyini bu çətin günlərdə bütün dünyaya nümayiş etdirməliyik. Əbəs yerə Azərbaycan xalqı keçən əsrdə BMT tərəfindən İlin Xalqı adına layiq görülməmişdi. İnanıram ki, belə ada layiq görülmüş bir xalq kimi biz bu imtahandan da Allahın köməkliyi, dövlət-xalq birliyimizin, milli birliyimizin sayəsində üzüağ, itkisiz çıxacağıq!"