Arif Hacılıdan Ayaz Mütəllibova CAVAB: “O, dövlət başçısı kimi təsadüfi adam idi”
“Ayaz Mütəllibov təsadüfən Azərbaycanın dövlət başçısı olmuşdu. Onun indi verdiyi müsahibələri də göstərir ki, Ayaz Mütəllibov dövlət idarəçiliyi və milli dövlətçilik təfəkküründən uzaq adamdır”. Bu fikirləri Publika.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı sabiq prezident Ayaz Mütəllibovun “Demblok” üzvləri barədə səsləndirdiyi ittihamlara münasibət bildirdərkən deyib. A.Hacılı bildirib ki, Ayaz Mütəllibovun söylədikləri əsassız və mənasız fikirlərdir. Onun sözlərinə görə, Ayaz Mütəllibovun istefaya göndərilməsi işinə məhz Azərbaycan Xalq Cəbhəsi rəhbərlik edib: “Bu prosesin aparıcı adamlarından biri kimi deyə bilərəm ki, Ayaz Mütəllibov məhz Qarabağ məsələsində düzgün siyasət yürütmədiyi, Milli Ordunun yaranmasını ləngitdiyi üçün, daxili və xarici siyasətdə yol verdiyi bağışlanmaz səhvlər ucbatından istefaya göndərilib. Onun çox ciddi səhvləri olub. Biz 1991-ci il oktyabrın 9-da çox böyük təzyiqlə Azərbaycan Ordusunun yaradılması ilə bağlı qərar qəbul etməyə nail olduq. Ancaq Ayaz Mütəllibov isə Müdafiə Komitəsi yaratmaqla və digər üsullarla Milli Ordunun yaradılması prosesini ləngidirdi. Bunun nəticəsində Xocalı işğal olunarkən, ermənilərin güclü ordusu mövcud idi. Ayaz Mütəllibovun rəhbərlik etdiyi Azərbaycan hakimiyyəti isə Qarabağ münaqişəsinin Moskvadan həll olunacağına ümid bəsləyirdi. O, bu istiqamətdə nə demokratik qüvvələrin, nə də Azərbaycan xalqının çağırışlarını eşitdi. Onun istefasının əsas səbəbləri də məhz budur”. A.Mütəllibovun Kamo və Çaykəndi yaşayış məntəqələrini azad etməsi barədə fikirlərinə də toxunan A.Hacılı qeyd edib ki, sabiq prezidentin bu barədə söylədikləri tamamilə yalandır:“Azərbaycan Silahlı Qüvvələrinin, həmçinin, ölkəmizin qəhrəman özünümüdafiə batalyonlarının və “OMON”-un gördüyü işləri Ayaz Mütəllibovun öz adına yazması təbii ki, yolverilməzdir. Əslində, bu cür təmizləmə əməliyyatlarının və Azərbaycan Ordusunun yaranması istiqamətində gedən proseslərin qarşısını məhz Ayaz Mütəllibov almışdı. Ayaz Mütəllibov hakimiyyətinin son gününədək Mixail Qorbaçovun torpaqlarımızı işğaldan azad edəcəyi qənaətində idi. Ona görə də Moskvadan asılı siyasət sərgiləyirdi. Bununla da Ayaz Mütəllibov Azərbaycanın milli maraqlarını təmsil etmək qabiliyyətinə malik deyildi. O, dövlət başçısı kimi təsadüfi adam idi”.