Tarixi təcrübə və mövcud reallıqlar: koronavirusda ikinci dalğa RİSKİ
Ötən ilin dekabrında Çində başlayan koronavirus epidemiyası Uzaq Qərbdə - ABŞ-a qədər yayılaraq pandemiyaya çevrildi. İlk mərhələdə yoluxma və ölüm halları az olsa da tədricən yüksəldi və pik həddə çatdı. 3 milyondan çox yoluxma, 200 mindən çox ölüm faktı qeydə alınıb.
Pandemiyanın inkişafı artıq qırılma xəttinə keçib. Ən çox yoluxma faktı qeydə alınan ABŞ-da tədricən azalmalar var, eyni vəziyyət Avropa və digər coğrafiyalarda da müşahidə olunur. Və ölkələr virusun yayılmasını minimallaşdırmaq məqsədilə tətbiq etdikləri karantin rejimini yumşaltmaya başlayıblar, çünki insanların uzun müddət evlərdə qalması həm psixoloji, həm də sosioloji problemlərə yol açır, bunun fonunda bütün dünyada iqtisadi əlaqələr darmadağın olmuş vəziyyətdədir. Pandemiyanın qırılma xəttinə keçməsi ilə yumşalma strategiyasının tətbiqi anlaşılandır.
Eyni strategiyanı Azərbaycan da izləyir, artıq xüsusi karantin rejimində bəzi məhdudiyyətlər aradan qaldırılıb, normallaşmağa doğru addımlar atılır. Hökumətin məqsədi sosaial-iqtisadi münasibətlərin tədricən bərpa edilməsidir, lakin cəmiyyətin tədricən atılan bu addımları doğru anlamaması yeni təhlükənin yaranma riskini də aktuallaşdırır.
Koronavirusun ölkədə ilk yayılma dövrü cəmiyyətin təhlükəni qəbul etməsi baxımından ağrılı keçdi. İnsan həyatına son qoyan bu bəlanın geniş arela yayılmasının qarşısını “siyasi oyun” hesab edənlərimizə, vəziyyətin ciddiliyini anlamayan, yaxud anlamaq istəməyənlərimizə, “mənə heç nə olmaz” deyərlərimizə rəğmən ala bildik. Bu da məhz hökumətin vaxtında və düzgün addımlar atması hesabına başa gəldi. Hərçənd, yaxın ayların təcrübəsi fonunda vətəndaşların bəzi məhdudiyyətlərin aradan qaldırılmasını təhlükənin yox olması kimi başa düşdüyünü və sürətlə sosial həyata qayıtmaq cəhdləri etdiyini göstərir.
Təhlükə tam aradan qalxıbmı?
Bu günə (30 aprel) olan rəsmi məlumatda deyilir: “Azərbaycan Respublikasında 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya xəstəliyi olan 1951-ci il təvəllüdlü vətəndaş vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 1804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1325 nəfər müalicə olunaraq sağalıb, 24 nəfər vəfat edib, 455 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 24 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 143.079 test aparılıb”.
Hələ də yoluxanlar, hələ də ölənlər var. Həkimlər virusa yoluxanların sağalması üçün hələ də çalışır, dövlət test saylarını sürətlə artırır. Dünyadakı vəziyyəti kənara qoyaq, ölkədəki vəziyyətlə bağlı bu son məlumat koronavirus təhlükəsinin aradan qalxmadığını təsdiqləməyə yetərlidir.
Vətəndaşlar bunu anlamalı, qaydalara əməl etməyin ilk növbədə özünün və doğmalarının sağlamlığı üçün vacib olduğunu unutmamalıdır. Çünki pandemiyanın ikinci dalğasının olması ehtimalı yüksəkdir və virusun yenidən qayıtması daha çox yoluxma və daha çox ölüm faktı deməkdir.
Bəşəriyyət son 20 ildə bir neçə öldürücü epidemiya ilə qarşılaşıb: SARS, donuz qripi kimi tanınan H1N1 virusu və Ebola.
Bu, epidemiyalar COVID-19-la müqayisədə olduqca kiçik görünür.
2002-2003-cü illərdə Asiyada peyda olan SARS pandemiya səviyyəsinə (bütün dünyaya yayılmadı) yüksəlmədi. Bu virus da COVID-19 virus qrupuna aid idi, amma yoluxma gücü koronavirus qədər deyildi və ikinci dalğası yaşanmadı.
2009-cu ildə yayılan “donuz qripi” pandemiyaya çevrildi, amma yoluxma və ölüm faktı koronavirusla müqayisədə yüz dəfələrlə az idi. Bu virusun ikinci dalğası özünü çox az miqdarda göstərdi və aradan qalxdı.
2014-cü ildə Afrikada peyda olan Ebola da SARS kimi pandemiyaya çevrilmədi və ikinci dalğa yaşanmadı.
Bəs koronavirus necə, ikinci dalğa ehtimalı varmı?
COVID-19 yaxın keçmişdəki sələflərindən qat-qat güclüdür. Bunu anlamaq üçün virusoloq olmağa ehtiyac yoxdur, epidemiyanın dünyanın hər yerinə yayılmasına, milyonlarla xəstə, yüz minlərlə qurbanın olmasına baxmaq kifayət edir. Mütəxəssislər haqlı olaraq, koronavirusu tarixdə qeydə alınmış İspan qripi, vəba və digər pandemiyalarla müqayisə edirlər. Və bu pandemiyalarda ikinci, hətta üçüncü dalğa baş verib.
Tarixə qayıtmaqda fayda var: bəşərin “qara ölüm” adlanan vəba ilə ilk tanışlığının eramızdan əvvəl Afinada olduğu haqda faktlar var. E.ə. V əsrdə Afinada vəbanın üç dalğası yaşandı – 430-cu il, 429-cu il v 427-26-cı illər.
“Qara ölüm” ən böyük itkiyə bir də eramızın XIV əsrində səbəb oldu. Bu dəfə də ikinci dalğa yaşandı. XVIII əsrdə yayılan və müalicəsi tapılmayan çiçək xəstəliyi də bir neçə dalğada böyük insan təlafatına səbəb oldu. Tarixi təcrübə təsdiqləyir ki, ikinci dalğa birincidən daha dəhşətli olur. 1918-19-cu illərdə yayılan İspan qripi zamanı da eyni təcrübə yaşandı. Epidemiyaya ilk yoluxma faktı 1918-ci ilin martında Kanzas ştatındakı “Cam Funston” hərbi bazasında qeydə alındı. Lakin itkilər pik həddə oktyabr və noyabr aylarında yaşanan ikinci dalğa zamanı çatdı. Hətta bir il sonra – 1919-cu ildə İngiltərə, Uels, Avstraliya kimi ölkələrdə üçüncü dalğa da baş verdi.
1957-58-ci illərdə pandemiyaya çevrilən qrip isə 4 dalğada təsir göstərdi. 1957-ci ilin aprel ayında Honq-Konqda yoluxma başladı, ardınca ABŞ-a çatdı və əsasən yeniyetmələr arasında ölüm halları qeydə alındı. Bir il sonra – 1958-ci ilin mart ayında ikinci, 1960-cı ilin əvvəlində üçüncü, 1963-cü ilin əvvəlində isə dördüncü dalğa baş verdi və böyük itkilərə səbəb oldu.
COVID-19 pandemiyası uzaq sələflərinə çox bənzəyir və ikinci dalğa təhlükəsinin olması istisna deyil.
a) Çində yoluxma halı sona çatanda karantin rejimi tam ləğv olundu, amma mart ayında yeni yoluxma halları qeydə alındı. Bu, pandemiyanın bir ölkə daxilində ikinci dalğası idi.
b) Qrip pandemiyası ötən əsrin ortalarında ölümcül xəstəlik olsa da, bu gün adi hala çevrilib və qripə yoluxmayan insan təəccüblə qarşılanır. Qripin indi ölümcül olmamasının səbəbi bu xəstəliyə qarşı “kütləvi immunitentin” yaranmasıdır. Koronavirusa qarşı “kütləvi immunitentin” formalaşmaması pandemiyanın ikinci dalğasının olması riskini yaradır.
c) Karantin rejiminin bəzi məhududiyyətlərinin qaldırılmasını “kütləvi sosiallaşma” kimi anlamaq virus daşıyıcılarının digərlərini də yoluxdurmasına və bu dəfə yoluxmanın daha geniş olmasına şərait yarada bilər. Çünki koronavirusun xüsusiyyətlərindən biri pasiyentlərin 20-25 faizinin hiss olunmadan bu xəstəliyin daşıyıcısı olmasıdır.
d) Ümumdünya Səhiyyə Təşkilatı da (ÜST) ölkələri ikinci dalğa təhlükəsinə qarşı məhdudiyyətləri tədricən aradan qaldırmağa çağırır. Bununla yanaşı, beynəlxalq mütəxəssislər də yeni dalğanın növbəti payızda yaşanacağını istisna etmirlər. Misal üçün, ABŞ-ın Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzinin (Centers for Disease Control and Prevention) direktoru Robert Redfild bildirir ki, “insanlar eyni vaxtda qrip və koronavirus epidemiyası keçirəcək”. Bu, koronavirusun qrip epidemiyası kimi həyatımızdan çıxmayacağı, lakin “kütləvi immunitentin” formalaşmasından sonra adiləşəcəyi deməkdir.
Hazırda “kütləvi immunitent” formalaşmayıb, epidemiyanın dərmanı da tapılmayıb, yəni risk hələ də böyükdür. Bu baxımdan, vətəndaşlar əvvəlki qaydalara riayət etməli, zərurət olmadığı halda evdən çıxmamalı, kütləvi yerlərdən uzaq durmalı, sosial məsafə saxlamalı, gigiyena qaydalarına əmək etməlidir. Yalnız bu halda koronavirusun ölkəmizə və vətəndaşlarımıza təsiri az olacaq.
Dövlət pandemiyanın başladığı ilk gündən etibarən atdığı addımlarla yayılmanı minimallaşdırdı. Bu, digər ölkələrlə müqayisədə böyük uğur deməkdir. Bu uğurun davamlı olması, yoluxmanın maksimal həddə çatmaması üçün hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.
Hər kəs özünü və ailəsini qorumağa davam etməklə böyük addım atmış olacaq!