Onların “Vətənə xidmət” ordenləri də vardı: YAP rəsmisindən SƏRT AÇIQLAMA
Həbs edilən icra başçılarının fəaliyyətləri dövründə dövlət təltifləri ilə mükafatlandırılması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Yenisabah.az xatırladır ki, Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev 2014-cü ildə “Şöhrət”, 2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə”, Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev 2019-cu ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyev 2018-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, İmişlinin icra başçısı Vilyam Hacıyev isə 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bu şəxslərin indi rüşvət və korrupsiyaya görə həbs edilməsi onların təltiflərini də şübhə altına alıb. İctimai müzakirələrdə ortaya haqlı sual qoyulur ki, əgər bu şəxslər həqiqətən vətənə xidmət ediblərsə, sonradan necə korrupsiyaya bulaşıblar, yaxud elə əvvəldən korrupsiya ilə məşğul olublarsa, dövlət təltifi ilə mükafatlandırılmağı necə bacarıblar? Mövzu barədə söhbətləşdiyimiz keçmiş icra başçısı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Musayev hesab edir ki, məmurların bu cür dövlət təltifləri ilə mükafatlandırılmasına ehtiyac yoxdur. “Mən bir neçə ay bundan əvvəl sosial şəbəkələrdə bu barədə yazmışdım. Məmurun borcudur ki, o xalqa, vətənə xidmət eləsin. Buna görə onu mükafatlandırmağa nə ehtiyca var? Bundan başqa, 2-ci dərəcəli vətənə xidmət nə deməkdir? Əgər hansısa məmura 2-ci, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni verilirsə, bu o deməkdir ki, həmin məmur yerində deyil. Çünki onun xidməti 1-ci dərəcəli olmalıdır”, - deyə Musa Musayev bildirib. Onun fikrincə, həbs edilən icra başçılarının mükafatlandırılması məsələsi də araşdırılmalıdır: “Araşdırmaq lazımdır ki, bu adamların təltif olunması üçün Prezidentə təqdimatı kimlər verib. Bu adamlar hansı yolla bu təltifləri əldə ediblər” . Musa Musayev həmçinin partiyadaşı deputat Siyavuş Novruzovun icra başçıları həbs edilən rayonların hüquq-mühafizə orqanlarının da məsuliyyət daşıdığı barədə fikirlərini dəstəkləyib. “Siyavuş Novruzov doğru vurğulayır. Mən də hesab edirəm ki, həmin rayonların hüquq-mühafizə orqanlarından bunun hesabı sorulmalıdır. Eyni zamanda Yeni Azərbaycan Partiyasının həmin rayonlardakı təşkilatların rəhbər şəxsləri də cavab verməlidirlər. Axı onlar baş verənlər barədə partiyanın mərkəzi aparatını məlumatlandıra bilərdilər. Mən bu səbəbdən vaxtaşırı vurğulayıram ki, islahat növbəsi də Yeni Azərbaycan Partiyasına da çatmalıdır”, - deyə Musa Musayev vurğulayıb.