“Dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq“ - Prezident XƏBƏRDARLIQ etdi

“Dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq“ - Prezident xəbərdarlıq etdi

"Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı".

 "AzerTaym.az" bildirir ki, bunu Prezident İlham Əliyev “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışındakı çıxışı zamanı deyib.

Dövlət başçısı çıxışının davamında vətəndaşları daha məsuliyyətli olmağa çağırıb:

"Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər.

İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır.

Yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək".






Fikirlər