GƏLƏN İL ÜÇÜN QORXULU PROQNOZ
Xəbər verdiyimiz kimi, gələn il Azərbaycanda işıq, qaz, su, yanacaq haqları bahalaşa bilər. “APA-Economics” yazır ki, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində göstərilənə görə, dövlət dotasiyalarının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflər (qiymətlər) iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılacaq. İqtisadçı əlavə etdi ki, bu gün əsas problemlərdən biri dövlətin təbii inhisarçı şirkətlərinin səmərəsiz və qeyri-effektiv fəaliyyət göstərmələridir: “Ona görə də həmin qurumların itkiləri çox olur. Bu da maya dəyərinin artmasına səbəb olur. Məsələn, təkcə “Azərenerji”ni götürək. Dünya standartlarında 1 kVsaat enerjinin alınması üçün istifadə olunan mazutla, Azərbaycanda olan müvafiq göstərici arasında iki dəfə fərq var. Yəni dünya standartlarında təqribən 160-180 qr mazutdan söhbət gedirsə, Azərbaycanda bu rəqəm 35-400 qramdır. Bunlar onu göstərir ki, qeyri-effektiv idarə nəticəsində maya dəyəri şişir. Təbii ki, bunun da sonunda “cəzası” əhaliyə kəsilir, idarəetmədə olan problemlərin həlledilməsi üçün əhali daha çox cibindən xərcləməli olur. Büdcə zərfində yer almış sözügedən fikir bahalaşma ehtimalını bir qədər də yüksəldir. Gələn il ictimai nəqliyyatda gediş haqlarında, daha sonrakı mərhələlərdə kommunal xidmətlərdə bahalaşmanı görə bilərik. Metroda gediş haqlarının bahalaşması ehtimalı daha böyükdür, çünki 2 ildir ki, bu istiqamətdə söhbət gedir”. N.Cəfərliyə görə, dövlət büdcəsində yaşanan problemlər də kommunal, yanacaq və nəqliyyat tariflərinin artma ehtimalını möhkəmləndirir: “Hazırda dövlət büdcəsinin icrasında çətinliklər yaşanır və 2016-2017-ci illərdə həmin problemlər pik həddinə çatacaq. Dotasiyaların verilməsi üçün əlavə mənbələrin olmaması hökuməti bu addımı atmağa vadar edir. Amma bu, çıxış yolu deyil. Təbii inhisarçı şirkətlərin effektiv çalışmaları üçün ciddi islahat proqramları təklif olunmalıdır, həmin sahələrin ya özəlləşdirilməsi, ya da uzun müddətli dövr üçün özəl şirkətlərə icarəyə verilməsi həyata keçirilə bilər. Bu baş verəcəksə, maya dəyərinin aşağı düşməsinin, keyfiyyətli xidmətin yaranmasının şahidi olacağıq. Dotasiyaları azaltmaqla yanaşı, hökumət maya dəyərindəki xərclərin də aşağı düşməsinə önəm verməlidir. Məsələn, dünya bazarında neftin qiyməti düşürsə, “Azərenerji”nin işlətdiyi qazın və mazutun da qiyməti aşağı düşməlidir. Yəni bütün bunlar nəticə etibarı ilə vətəndaşın cibindən çıxmamalıdır. Təəssüf ki, hazırda idarəetmədə olan problemlərin bədəlini sonunda vətəndaş ödəyir”. N.Cəfərlinin sözlərinə görə, əgər enerji daşıyıcıları, gediş haqları bahalaşarsa, insanların sosial vəziyyəti daha da ağırlaşa bilər: “Azərbaycanda sosial-iqtisadi vəziyyət onsuz da pisləşməyə doğru gedir, iş yerlərinin itirilməsi halları artıb, insanların gəlirləri azalır. Bütün bunlar sosial gərginliyi artırır. Bunun üzərindən kommunal xidmətlərin və gediş haqlarının tariflərinin qaldırılması sosial vəziyyətin yenidən ağırlaşması ilə nəticələnə bilər. İnsanların borclarını ödəmək qabiliyyəti aşağı düşə bilər, xüsusilə işsiz qalan əhali qrupu üçün belə bir təhlükə var. Özü də nəzərə almaq lazımdır ki, gələn ilin büdcəsi 3-4 milyard azalacaq və bu işsizliyin daha da artmasına gətirib çıxaracaq. Bahalaşma isə işsiz qalan insanların sosial vəziyyətini daha da ağırlaşdıracaq”. Digər ekspert Akif Nəsirli isə bildirdi ki, işıq, qaz, su və yanacaqda bahalaşmanın olacağını birmənalı söyləmək olmaz: “Hökumət çalışacaq ki, qiymətlərin birbaşa bahalaşmasını cilovlasın. Bu, həm də siyasi məsələ ilə bağlı məqamdır. Xaricdən təzyiqlərin artdığı bir vaxtda daxildə narazı kütlənin artması hökumət üçün arzuolunan deyil. Mümkün qədər qiymətlərin artırılmasına getməyəcəklər. Düşünürəm ki, qiymətləri gələn ilin birinci yarısına kimi saxlamaq mümkün olacaq. Valyuta ehtiyatlarından istifadə etməklə müəyyən bir müddətdə bahalaşmanın qarşısını ala bilər”. Ekspert deyir ki, dövlət büdcəsindən ayrılan dotasiyalar korrupsiya yeminə çevrilir: “İndi hökumətin pulu olmadığına görə bu məsələləri həll etmək istəyir. Bu vaxta kimi əhaliyə yardım etməyi düşünürdülərsə, daha şəffaf metodlardan istifadə etmək olardı. Daha sonra tədricən dotasiyanı azaltmaqla real qiymətlərə keçmək olardı. İlk öncə dövlətə məxsus təsərrüfat tipli səhmdar cəmiyyətlər özəlləşdirilməli idi. Amma hökumət bunu uzatdı. Ölkədə bazar iqtisadiyyatının mexanizmlərinin işləməməsinin səbəblərindən biri məhz tənzimlənən qiymətlər və bu tariflərlə işləyən dövlət qurumlarının qalmasıdır. İndi birdən-birdə belə bir addım atılacaqsa, ciddi sosial narazılıqlara gətirib çıxaracaq. Əhalinin gəlirləri ciddi şəkildə azalacaq”.
Sənəddə 2016-2019-cu illərdə mallar (işlər, xidmətlər) üzrə dövlət tərəfindən tarif (qiymət) tənzimlənməsi siyasətinin əsas istiqamətləri və prioritetləri açıqlanıb.
Büdcə zərfində qeyd olunub ki, tariflərin (qiymətlərin) dövlət tənzimlənməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, tariflərinə (qiymətlərinə) dövlət tənzimlənməsi tətbiq olunan sahələrin liberallaşması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilatı-hüquqi və maliyyə tədbirlərinin həyata keçirilməsi, tarifləri (qiymətləri) tənzimlənən mallar (işlər, xidmətlər) üzrə monitorinq prinsiplərinin və tənzimləmə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi əsas prioritetlərdən olacaq.
İqtisadçı-ekspert Natiq Cəfərli “Bizim Yol”a şərhində müəyyən sahələrdə bahalaşmanı qaçılmaz saydığını dedi: “Büdcə sənədi göstərilənlərin məntiqi yanaşması, bahalaşmanın ola biləcəyini deyir. Eyni zamanda, nəqliyyatda gediş haqları ilə bağlı məsələ də gündəmə gələ bilər. Nazir bir neçə dəfə açıqlama verib ki, indiki qiymətlər onların xərcini ödəmir, maya dəyərindən aşağı xidmət göstərirlər. “Azərsu”, “Azərenerji”, SOCAR-ın tərkibində olan “Azəriqaz” da eyni tələbi qoya bilər”.
A.Nəsirli hesab edir ki, büdcə zərfində göstərilən məqam qiymət artımı ilə bağlı cəmiyyətə dolayısı yolla göndərilən mesajdır: “İlkin olaraq Metropolitendə ola bilər. Burada mövcud gediş haqlarının xərcləri ödəməməsi barədə zamanla fikirlər səslənir. Bundan əlavə, ən böyük dotasiyalardan biri su təsərrüfatında istifadə olunur. Qiymətlər iqtisadi cəhətdən əsaslandırılacaqsa, həmin müəssisələr tədricən təsərrüfat hesabına keçəcək. Əslində, bu işin həyata keçirilməsinin çoxdan vaxtı çatıb. Yəni kommunal xidmətlərin qiymətinin iqtisadi cəhətdən əsaslandırılması vacib məsələlərdən biridir. İndiyədək bunu əhalinin sosial vəziyyətinə bağlayaraq, xərclərin bir hissəsini dövlət vəsaitləri hesabına ödəyirdilər”.