“Belə karantinlə yoluxmanın qarşısını almaq olmaz” – Professor Adil Qeybulla
Azərbaycan paytaxtı Bakıda və daha 7 yerdə artıq 10 gündür ki, karantin rejimi sərtləşdirilib. Amma buna baxmayaraq, artıq bir müddətdir gündəlik yoluxma sayı 500-dən aşağı düşmür. Əksinə, son bir neçə gündə yoluxma sayında az da olsa artım müşahidə edilir. Görəsən, bunun səbəbi nədir? Tibb elmləri doktoru, professor Adil Qeybulla mətbuata açıqlamasında deyib ki, mövcud yoluxma və ölüm saylarında artımların əsası mayda sərt karantin rejiminin yumşaldılması ilə qoyulub. Onun fikrincə, qaydalar yumşaldılsa da, insanların davranışları ilə bağlı təlimatlar olmadı, digər tərəfdən, insanlar situasiyaya adekvat münasibət göstərmədilər: "Karantin qaydaları yumşaldıqdan sonra Bakı bulvarında, şəhərin mərkəzi küçələrində insanların kütləvi toplanmaları, maskasız, sosial məsafəsiz gəzməsi böyük bir yoluxma potensialı idi, bu da oldu". O deyib ki, cəmi iki həftə sonra mənfi nəticələr özünü göstərib və vəziyyətin dramatik olduğunu görən hökumət təkrar sərt karantin tədbirlərinə baş vurub. Amma professor hesab edir ki, indi, sadəcə, karantinin adı "sərt karantin"dir, qaydalara yenə də əməl edilmir, bununla yoluxmanın qarşısını almaq olmaz. Qeybullanın vurğulamasına görə, hələ karantin qaydaları yumşaldılanda proqnozlaşdırılmalı idi ki, xəstə sayı çarpayı sayını üstələyəcək, ambulator xidmətə ehtiyac yaranacaq:"Ambulator xidmətin əsas mexanizmləri ehtiyat resurslar kimi qurulmalı idi, amma bunun heç birini etmədilər". A.Qeybulla bir neçə gün öncə ambulator xidmətin Səhiyyə Nazirliyinə verilməsi, stasionar xidmətin isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) saxlanılmasını da yanlışlıq adlandırır: "Ambulator xidmətin təşkili yox səviyyəsindədir. Bu necə təşkil edilib, mərkəzləri haradadır, bilinmir. Hansısa şablon reseptlərlə ambulator müalicə təşkil edilə bilməz. Bu xidmət də təşkil olunmayıb. Bu sahədə görülən iş qənaətbəxş deyil". Ölüm və yoluxma halları ilə bağlı statistikaya gəlincə, A.Qeybulla deyib ki, real rəqəmlər həmişə faktiki rəqəmləri üstələyir. Onun vurğulamasına görə, evdə müalicə alanlar, qeydiyyata düşməyənlər var ki, onların da arasında ölüm halları ola bilər:"Odur ki, real rəqəmlər faktiki rəqəmləri üstələyir, onu həmişə çox görməliyik".