TÜRKİYƏ XİN-in RƏHBƏRİ MAKRONU RÜSVAY ELƏDİ - “Aşağılandı və isterikaya qapıldı”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 4-də Fransa prezidenti Emmanuel Makronu tənqid atəşinə tutub və bu zaman onun ünvanına xoşagəlməz ifadələr işlədib. Çavuşoğlunun sözlərinə görə, Fransa lideri Liviya və Suriya böhranlarının inkişafına və Şərqi Aralıq dənizində sərhəd məsələsinə görə, «isterikaya qapılıb». NATO üzrə nominal müttəfiq dövlətlər olan Türkiyə və Fransa arasında münasibətlər Suriya, Liviya böhranlarına yönəlik fikir ayrılığına və Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasındakı mübahisəyə görə kəskin şəkildə pisləşib. Ankara Parisi Liviyada üsyançı marşal Xəlifə Həftarı dəstəkləməkdə günahlandırır. Həftar bu ölkədə BMT tərəfindən tanınmış Milli Razılıq Hökumətinə (MRH) qarşı silahlı mübarizə aparır. Türkiyə isə Tripolidəki bu qanuni hökuməti dəstəkləyir. “Liviyada onlar (Fransa hakimiyyəti - Red.) üsyançı Həftarı dəstəklədilər və ciddi səhvə yol verdilər. Hər şey dəyişdi, balans yerindən oynadı, Həftar məğlubiyyətə uğradı, Makron isə isterikaya qapıldı” - deyə, Çavuşoğlu Ankarada jurnalistlər qarşısındakı çıxışında bildirib. Onun sözlərinə görə, Türkiyə Fransanın Həftarla birlikdə Tripolini ələ keçirmək ümidini qırdı və bu məsələdə Faiz Səracın başçılıq etdiyi MRH-ə hərbi dəsək verdi. “Bu isterika ilə o (Makron), nə edəcəyini bilmədi. Bundan dərhal sonra dedi ki, guya bizim gəmilər onların gəmilərini Şərqi Aralıq dənizində təqib ediblər. Amma bunu sübut edə bilmədilər və Makron aşağılanmış oldu” - Çavuşoğlu bəyan edib. Bunun ardınca Çavuşoğlu bildirib ki, Fransa Şərqi Aralıq Dənizində Yunanıstanı ən çox təxribatlara təhrik edən ölkədir. O, bölgəsəl sabitlik xatirinə Parisi Ankara ilə əməkdaşlığa çağırıb. “Belə isterik davranışa ehtiyac yoxdur – bu, gülməli görünür. Biz ikimiz də NATO üzvüyük” - deyə, Çavuşoğlu fikrini tamamlayıb. AzPolitika.info