Tramp “TikTok”a güzəşt etmədi
ABŞ Prezidenti Donald Tramp Çin mərkəzli “TikTok” tətbiqetməsinə 15 sentyabr tarixinə qədər verilən müddətin uzadılmayacağını açıqlayıb. Tramp bu barədə noyabrın 3-də keçiriləcək seçkilər üçün əsas ştatlardan biri olan Miçiqan səfərindən əvvəl jurnalistlərə verdiyi müsahibədə bildirib. “Bu ölkədə “Tiktok”u ya təhlükəsizlik səbəbiylə bağlayacağıq, ya da bu tətbiqetməni başqa bir ABŞ şirkətinə satacağıq”,- deyə Amerika lideri qeyd edib. Xatırladaq ki, avqustun 3-də Donald Tramp “TikTok”un ABŞ qolunun Amerika şirkətinə satılmayacağı təqdirdə, sosial media platformasının 15 sentyabrda qadağan ediləcəyini açıqlamışdı. Elə həmin gün ABŞ-ın qabaqcıl texnoloji şirkətlərindən biri olan “Microsoft”un verdiyi açıqlamada, “TikTok” tətbiqinin ABŞ aktivlərinin alınması yönündə danışıqların aparıldığı bildirilmişdi. /“Qafqazinfo”