“Laçın şəhəri də bizə qaytarılacaq” – Prezidentdən mühüm ŞƏRH

“Laçın şəhəri də bizə qaytarılacaq” – Prezidentdən mühüm şərh 

Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir. Burada istərdim ki, Azərbaycan xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat deyirlər, bəzən noyabrın 10-da. Mən bu bəyanatı Rusiya Prezidenti Vladimir Putinlə ikimiz videokonfrans vasitəsilə Bakı vaxtı ilə noyabrın 10-da imzalamışam. Bizim Rusiya ilə bir saat fərqimiz var. Yəqin ki, bu uyğunsuzluq buna görədir. Ona görə, noyabrın 10-da imzalanmış Bəyanat icra edilir”. 

“AzerTaym.az" bildirir ki, bunu prezident İlham Əliyev xalqa müraciətində deyib. Prezident müraciəttində həmin bəyanatın bütün bəndlərini şərh edib.  

“Mən xalqın gözü qarşısında bunu imzalamışam, böyük qürur hissi ilə imzalamışam, qalib kimi imzalamışam. Bu Bəyanatın bütün mətnini Azərbaycan xalqının diqqətinə çatdırdım. Bu gün isə artıq münaqişə arxada qalandan sonra bu Bəyanatın icrasını şərh etmək istərdim. 

Deməli, birinci bənddə göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilibdir. Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə layiqli cavab veririk. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları olmamışdır və bütövlükdə, atəşkəs təmin edilir. 

İkinci bənddə göstərilir ki, noyabrın 20-də Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Bu, təmin edildi. 

Üçüncü bənddə göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Bu, təmin edildi. 

Dördüncü bənddə göstərilir ki, bu Bəyanatın müddəti 5 ildir. Əgər, müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu Bəyanat və bu razılaşma uzadılır. Bu, aydın məsələdir. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu Bəyanat imzalananda bu bənd o qədər də geniş açıqlanmamışdır. Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki, bu mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb. 

Sonra altıncı bənddə göstərilir ki, Ermənistan Respublikası 15 noyabrda Kəlbəcər rayonunu və 1 dekabr tarixinədək Laçın rayonunu qaytarır. Bildiyiniz kimi, Rusiya tərəfi bizə müraciət edərək bir qədər vaxt istəyib. Kəlbəcər rayonunun bizə qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altıncı bəndin bu hissəsi icra edilib. Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. 

Bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. 

Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi.

Yeddinci bənddə göstərilir ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da önəmli məsələdir. Azərbaycan vətəndaşları Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar, harada ki, onlar əvvəl yaşayıblar. Bu məsələyə artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı var. Bu, növbəti təmaslar əsnasında həll olunacaqdır.

Səkkizinci bənddə göstərilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Artıq bu proses davam edir - həm cəsədlərin mübadiləsi, həm əsirlərin və girovların.

Doqquzuncu bənddə göstərilir ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. 

Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki, bütün kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi. Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Yəni, bu dəhliz tam təhlükəsiz olacaq. 

Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni, bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda, yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya, Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz əməkdaşlığa hazırıq. 

Bu doqquzuncu bənddə göstərilən məsələlərin arasında bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünki bildiyiniz kimi, biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları vasitəsilə bir bağlantıdır. Bu layihə də baş versə, - əminəm ki, baş verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı layihə ola bilər? Yox. Kimdir bunun təşəbbüskarı? Bizik. Kim bu bəndi buraya salıb? Mən”. 






Fikirlər