“Yaşadıqları evlər it damından artıq deyil” -PREZİDENT
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. “AzerTaym.az" bildirir ki, daha sonra dövlət başçısı, birinci xanım və qızları Leyla Laçın rayonuna yola düşüblər. Yol boyunca Prezident Qubadlı rayonunun işğaldan azad edilən kəndləri barədə danışıb: “Bura Qubadlı rayonunun Xəndək kəndidir. Burada da şiddətli döyüşlər gedib. Ordumuz düşməni buradan qovaraq, məhv edərək bu əraziləri də azad etmişdir. Düşmən burada da qanunsuz olaraq məskunlaşmışdı. Çox ağır şəraitdə yaşayıblar. Baxın, görün, onların yaşadıqları evlər it damından artıq deyil. Mən deyəndə ki, o vaxt işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax bunu nəzərdə tuturdum. Aclıq, səfalət, qanunsuzluq hökm sürürdü. Belə bərbad yollardan istifadə edirdilər. Bu işıq dirəklərini biz torpaqları azad edəndən sonra quraşdırdıq. Qubadlı rayonunun Muradxanlı kəndi, ermənilər burada yaşayıblar, buranı da dağıdıblar. Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir. Baxın nə gündədir, ermənilər bu it damında yaşayıblar. Dağıdılmış bu evlər erməni faşizminin törətdiyi əməllərdir. Bütün dünya görsün bunları. Bu da onların traktorudur. Bala Soltanlı kəndi. Burada evlərin böyük hissəsi dağıdılıb, amma bəzi evlərdə düşmən qanunsuz məskunlaşma aparmışdı. Bu da hərbi cinayət sayılır. Bütün bu cinayətlərə görə düşmən artıq öz payını alıb, cavabını verib, beynəlxalq müstəvidə də cavabını verəcəkdir. Bizim şanlı ordumuz bax bu yolla Laçın rayonuna keçmişdir və Laçın rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. O cümlədən Güləbird kəndi də ordumuz tərəfindən işğalçılardan azad edilmişdir. Bura Laçın rayonunun cənub hissəsidir. Ordumuz işğalçılardan azad etmişdir. Şimal hissəsi isə Ermənistanın kapitulyasiyasından sonra bizə qaytarıldı”.