ANAMA-nın 15 martda Şuşada İsgəndər-M raketlərinin qalıqlarını tapması və bunu ictimaiyyətə elan edəndən sonra bütün detalları açıqlaması ətrafında müzakirələr getdikcə qızışır.
Rusiyalı hərbi mütəxəssislər bu barədə son dərəcə ehtiyatlı açıqlamalar verməklə, əlahəzrət fakta tərəddüdlü yanaşma nümayiş etdirir. Ermənistan isə ümumiyyətlə “İsgəndər” mövzusunu qapamağa cəhd edir.
Keçmiş müdafiə naziri David Tonoyan erməni mediasının bu yöndən sualını ötən gün “Mən dövlət sirrini aça bilmərəm” sözləri ilə cavablandırdı. Maraqlıdır, Nikol Paşinyan bir müddət əvvəl “İsgəndər”dən istifadə edildiyini, ancaq bu raketlərin yalnız 10 faizinin partladığını, 90 faizinin isə partlamadığını deyəndə dövlət sirri yada düşmürdümü?
Üstəlik, "İsgəndər" mövzusunu gündəmə Azərbaycan gətirməyib, ANAMA yalnız fakt təqdim edib. Ötən ilin noyabrında Ermənistan Baş Qərargah rəisi Movses Akopyan Azərbaycana qarşı "İsgəndər"dən istifadə edildiyini rəsmən elan etdi. Bu il fevral ayında isə keçmiş prezident Serj Sərkisyan "İsgəndər"dən Şuşa istiqamətində (!!!) zərbə endirildiyini bildirdi.
O ayrı məsələdir ki, Paşinyanın "İsgəndər"in effektiv olmaması barədə açıqlaması qalmaqal yaratdı. Paşinyan da adi qaydada "İsgəndər"dən istifadə edildiyini desə, heç bir problem olmayacaqdımı?
Zülfüqarov ANAMA-ya qarşı
Maraqlıdır ki, Azərbaycanda politoloqlardan yalnız keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Şuşaya “İsgəndər-M” raketi atılmasına şübhə ilə yanaşır.
Onun artıq 4 gündür müzakirə edilən arqumentləri bunlardır:
1. Niyə müharibədən 4 ay sonra “İsgəndər” qalıqları aşkarlanır;
2. “İsgəndər” ballistik raketləri 50 km yüksəkliyə qədər qalxma imkanına malikdir. Şuşada raketin düşdüyü yerin görüntüləri bu yüksəklikdən düşən raket təəssüratı yaratmır (yəni dağıdıcılıq aşağıdır);
3. “İsgəndər” ballistik raketi nəinki Azərbaycanın, qonşu dövlətlərin radarları tərəfindən qeydə alınmalıydı;
4. Su-30 qırıcısı kimi, “İsgəndər” də Ermənistan ordusunun sərəncamına verilməyib. Bu silahların Ermənistan ordusunda olması haqda deyilənlər yalnız görüntü üçündür və s.
Şuşada tapılan “İsgəndər”...
Zülfüqarovun bu şübhəsi rusiyalı məşhur politoloqların baxışları ilə, demək olar ki, tam üst-üstə düşür. Beləliklə, Zülfüqarovun bu şübhəsinə ANAMA-nın cavabı varmı?
1. ANAMA Şuşada “İsgəndər” qalıqlarını məhz 2021-ci ilin 15 mart tarixində aşkarlamasını qarın götürülməsi, müşahidə imkanının genişlənməsi ilə əsaslandırır.
2. Şuşada tapılan raket qalığı 9M723-dür. Bu raketin 8-dən çox modefikasiyası var, o cümlədən “İsgəndər-E” üçün nəzərdə tutulan versiyası da. Ancaq o, 9M723K-E-dir. Şuşada tapılan qalıqların üzərində aydın oxunan rəqəmlər isə 9M723-dür və bu, birbaşa İsgəndər-M-ə aiddir.
Əlbəttə, Gəncəyə atılan Toçka-U-nun düşdüyü yerdəki dağıdıcılıqla Şuşada tapılan “İsgəndər-M” raketinin dağıdıcılıq imkanları arasında çox böyük fərq var və sabiq naziri də təəccübləndirən faktlardan biri budur.
Toçka-U-nun döyüş başlığı 235, İsgəndər-M-in sözügedən raketinin döyüş başlığı isə 480 kq-dır. İlk baxışda bu imkanları müqayisə etdikdə ikincinin dağıdıcılıq imkanlarının ən azı iki dəfə güclü olduğunu qəbul etmək zərurəti yaranır.
Ancaq başqa vacib məqamlar diqqətdən qaçırılmamalıdır:
Əvvəla, “İsgəndər” raketləri üçün xarakterik olan xüsusiyyətlərdən biri doğrudan da 50 km yüksəkliyə qalxma imkanıdır, ancaq “İsgəndər” raketləri ballistik deyil. Nə qədər qəribə də olsa, “İsgəndər”dən daha köhnə və zəif olan Toçka-U raketləri isə ballistikdir.
İkincisi, “İsgəndər” ballistik deyil və vahid trayektoriya ilə hərəkət etmir, ziqzaqvari hərəkət etmək qabiliyyətinə malik nadir sistemdir.
Üçüncüsü, “İsgəndər” raketinin zərbə imkanları müxtəlifdir: hansı hündürlükdən və necə vurur!
“İsgəndər” dağıdıcılıq imkanlarına görə deyil, 500 km-dəki hədəfi 100 faiz dəqiqliklə vurmaq imkanlarına, həmçinin “gözəgörünməz” olduğuna görə məşhurdur. Onun dağıdıcılı imkanları isə trayektoriyasına görə fərqlənir.
Məsələn, sınaqda keçirilərkən çəkilən bu videoya diqqət edəndə Şuşada "İsgəndər" raketinin niyə daha dağıdıcı olmadığı sualı arqumentlər sırasında dəyərini itirir. Bu videoda da xüsusi dağıdıcılıq yoxdur.
Digər tərəfdən, Gəncədə dəhşətli dağıntının səbəbi zərbənin yaşayış binasına endirilməsidir. Yəni hətta həmin zərbə “İsgəndər”lə də o cür nəticə doğura bilərdi və yaxud daha ağır olardı.
3. “İsgəndər” raketinin özəlliyi də radarlardan yayınma, “gözəgörünməz” olma imkanlarıdır. Təsadüfü deyil ki, “İsgəndər” NATO-nun öyündüyü “Patriot”lardan yayına bilir. Bunun bir səbəbi sürət (Toçka-U-dan iki dəfə sürətlidir), ikinci səbəbi ziqzaqvari hərəkət, üçüncüsü və ən önəmlisi alçaqdan uçmaq qabiliyyətidir. “İsgəndər”in yerdən hətta 50-60 metr yüksəklikdə uçmaq imkanları ilə bağlı hərbi ekspertlərin açıq mənbələrdə rəylərini görmək mümkündür. Bu hündürlükdən uçuşlar isə radarlarda qeydə alınmır.
4. “İsgəndər”in Ermənistan ordusuna verildiyi haqda hələ 2016-cı ilin sentyabrında o vaxtkı müdafiə sənayesi naziri Yavər Camalov açıqlama vermişdi və Ermənistana verilən “İsgəndər”in “E” modifikasiyalı olduğunu elan etmişdi. Maraqlıdır ki, elə həmin zaman Y.Camalov Azərbaycan PUA-larının Ermənistanın bu silahlarından qat-qat daha geniş imkanları olduğunu və “Ermənistan ordusunu məhv etməyə” qadir olduğunu demişdi.
Şuşaya İsgəndər-M atılma ehtimalını artıran FAKT
Ən önəmli odur ki, erməni sosial şəbəkə istifadəçiləri Azərbaycana zərbə endirən kompleksin görüntülərini məhz 9 noyabrda yaymışdılar. Bu zaman isə “İsgəndər” deyil, Toçka-U ilə zərbə endirildiyini elan etmişdilər.
9 noyabrda Azərbaycana Toçka-U və yaxud hansısa kompleksdən zərbə endirildiyi haqda heç bir məlumat yoxdur. Əlbəttə ki, sual yaranır: niyə?
Qısa müddət sonra isə erməni sosial şəbəkə istifadəçiləri Müdafiə Nazirliyinə istinadla sözügedən kadrların “İsgəndər” kompleksinə aid olduğunu təsdiqlədi.
Bu isə Şuşanın azad edilməsindən sonra erməni hərbçilərinin sözləri ilə tam üst-üstə düşür. Belə ki, 8 noyabrda erməni birlikləri Şuşanı geri qaytarmaq üçün əməliyyata başlamaq barədə əmr aldıqlarını bildirirlər. Lakin qısa müddət sonra əmr ləğv olunur. Bildirilir ki, Nikol Paşinyan bu əməliyyatın nəticəsiz olacağı haqda generalitetin qərarından sonra Şuşaya “İsgəndər”lə zərbə endirilməsi barədə göstəriş verib.
Erməni hərbçilər aldandıqlarını, Şuşaya “İsgəndər”lə zərbə endirilmədiyini deyirlər, çünki nəticə yoxdur. Ancaq erməni sosial şəbəkələrində həmin vaxt yayılan görüntülər və Şuşada tapılan raket qırıntıları məhz 8-9 noyabrda Şuşaya “İsgəndər”lə zərbə endirildiyi haqda ciddi ehtimal doğurur.
Bəs, niyə “İsgəndər-M” ilə və bu qədər açıq formada? Rusiya bu raketlərin tapılacağı və ittihamların ona qarşı çevriləcəyini bilmirdimi?
Ciddi sualdır.
“İsgəndər” doğrudanmı Rusiyanın oyunudur?
“İsgəndər” raketinin Azərbaycana qarşı istifadə edilməsinin məhz indi, Ermənistanda seçkilər ərəfəsində gündəmə gətirilməsinin məqsədyönlü olduğu haqda da ehtimallar mövcuddur. Rusiyanın bununla seçki ərəfəsində Ermənistanı müharibə vaxtı qoruduğu haqda təsəvvürlər yaradılması üçün belə bir şou oynanıldığı ehtimalı irəli sürülür.
Rusiyanın Ermənistanda imkanları həddən artıq böyükdür və İkinci Qarabağ savaşı da göstərdi ki, Ermənistan Rusiyanın təsir dairəsindən çıxa, özbaşına qərarlar verə və Qərbə meyl edə bilməz. Nikol Paşinyanın özü belə seçki ərəfəsində Rusiya liderinin dəstəyini almaq üçün Moskvaya səfərə hazırlaşır və elan ediləndən fərqli olaraq, əsas müzakirənin 20 iyun seçkiləri olacağı ehtimalı çox böyükdür. Belə halda Rusiya niyə özünü “ifşa” etməli, raket oyunu qurmalı və mübahisə yaratmalıdır ki?!(Bakupost.az)