Azərbaycanla Ermənistan arasında niyə sülh müqaviləsi imzalanmır? - “Paşinyanın başını sığallayırlar...“

Azərbaycanla Ermənistan arasında niyə sülh müqaviləsi imzalanmır? - “Paşinyanın başını sığallayırlar...“

Vətən müharibəsindəki qalibiyyətdən sonra Azərbaycan hakimiyyəti dəfələrlə Ermənistana sülh müqaviləsi imzalamağı təklif etsə də, qarşı tərəfdən hələ ki müsbət reaksiya yoxdur. Rəsmi Yerevan müxtəlif bəhanələrlə bu prosesdən yayınır.

Maraqlıdır, müharibənin başa çatmasından 8 aya yaxın bir vaxt keçdiyi halda, Ermənistan Azərbaycanla niyə müqavilə imzalamır?

Mövzu barədə fikirlərini Yenisabah.az-la bölüşən tanınmış politoloq Fikrət Sadıxov bunun bir neçə səbəblə bağlı ola biləcəyini diqqətə çatdırıb:

“Artıq parlament seçkiləri keçirilib, hazırda Ermənistanda yeni hökumət formalaşdırılmalı və Paşinyan indi daha çox özünə güvənən bir şəxs kimi davranmalıdır. Bu, səbəblərdən biridir. İkinci səbəb olaraq mən xarici amilləri nəzərə almaq istəyirəm. Çünki görünür, burada Rusiya, Fransa, o cümlədən digər bəzi Avropa ölkələri və beynəlxalq təşkilatlar Ermənistanın, şəxsən Paşinyanın başını sığallayır, yəni onu dəstəkləyirlər. Bununla bağlı bir sıra qətnamələr də qəbul olunub ki, guya Azərbaycan hərbi əsirləri Ermənistana qaytarmır. Ona görə də bir az ermənilərə inam verirlər. “Sən hələ Azərbaycana müqavimət göstərə bilərsən, biz səni güclü bir siyasi qüvvə hesab edirik” kimi yalanlar deyirlər. Bunlar hamısı ritorikadır, şüardır, nəzəriyyədir. Təcrübədə isə regionda biz və Ermənistan var”.

Həmsöhbətimiz qeyd edib ki, əgər Ermənistan rəhbərliyi bu regionda stabilliyin, təhlükəsizliyin tərəfdarıdırsa, sivil şəkildə normal addımlar atmalıdır:

“Yəni müqaviləyə imza atsın, dəhlizi açsın, delimitasiya məsələlərinə ciddi şəkildə yanaşsın və bu boş ifadələri səsləndirməsin, əks halda, davranışları Ermənistanın öz maraqlarına zərbə vuracaq. Çünki Ermənistan dalana dirənən bir ölkədir və inkişafı olmayacaq. Bu reallığı onlar dərk etməlidir”.

Fikrət Sadıxov vurğulayıb ki, azad edilmiş torpaqların Azərbaycanın tərkib hissəsi olmasını heç kəs, hətta Ermənistan da şübhə altına almır:

“Amma Ermənistanın ərazi bütövlüyümüzü rəsmi şəkildə tanıyıb-tanımayacağını bilmirəm. Düzü, hələ ki buna o qədər də inamım yoxdur. Onlar Dağlıq Qarabağı Azərbaycanın tərkib hisəssi kimi tanısalar, bunun qarşılığında bir neçə tələb irəli sürəcəklər ki, biz də o tələbləri heç vaxt yerinə yetirməyəcəyik, çünki onlar məkrli ideyalarından əl çəkməyəcəklər. Əslində, bizi onların bizim ərazi bütövlüyümüzü tanıması heç maraqlandırmır. Ona görə də bu yöndə onlardan heç nə xahiş etməməliyik. Onsuz da bizim ərazi bütövlüyümüz bərpa olunub, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bütün dünya bunu tanıyır, Ermənistanın tanıyıb-tanımaması heç bir əhəmiyyət daşımır. Onların lazım olan beynəlxalq hüquq normalarına uyğun addım atmaları kifayətdir. Buraya da əvvəldə dediyim müqavilə, delimitasiya kimi məsələlər daxildir”.






Fikirlər