“Bakı Bəyannaməsi” regional sülhün və sabitliyin təmin edilməsində irəliyyə doğru növbəti addımdır
“Bakı Bəyannaməsi” terror təhlükəsindən kiber qədər bir çox təhdidlərə qarşı birgə mübarizə aparılması üçün hüquqi bazanı təmin edir
“Bakı Bəyannaməsi” hərbi əhəmiyyəti
Azərbaycan Pakistan və Türkiyə arasında dostluq əlaqələri tarixi köklərə bağlıdır. Pakistan 1990-cı illərin əvvəllərində Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Azərbaycan ərazilərinin işğalına görə Pakistan və Türkiyə Ermənistanla diplomatik əlaqələr yaratmır.
44 günlük İkinci Qarabağ Müharibəsi dövründə hər yerdə- küçələrdə, binalarda, maşınlarda və müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Pakistan bayrağının dalğalanmasını unutmadıq. Bu gün isə bu bayraqların hər üçü tarixin bir çox mühüm hadisələrinə şahidlik edən Azərbaycan Milli Məclisində qaldırıldı.
27 iyulda Milli Məclisdə bu gün hər 3 qardaş ölkə arasında hərtərəfli əməkdaşlığı gücləndirilməsi üçün mühüm əhəmiyyətə malik “Bakı bəyannaməsi” imzalandı. Bəyannaməni Azərbaycan parlamentinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar. Daha əvvəl imzalanan “Şuşa Bəyannaməsi” Azərbaycan ilə Türkiyə qardaşlığının zirvəsi hesab olunurdusa, bu dəfə imzalanan “Bakı Bəyannaməsi” hər üç strateji tərəfdaş ölkənin təhlükəsizliyinin birgə təminatı baxımından mühüm əhəmiyyət daşımaqdadır.
Bu sənəd dövlətlərimiz arasında mövcud olan bütün əlaqələrin daha da dərinləşdirilməsini nəzərdə tutumaqla, regional sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində irəliyyə doğru növbəti addım kimi qiymətləndirilməlidir. Bəyannamə terror təhlükəsindən kiber hücumlara, assimetrik savaşdan hədəfli dezinformasiya kampaniyalarına qədər bir çox təhdidlərə qarşı birgə mübarizə aparılması üçün hüquqi bazanı təmin edir.
İmzalanan bu sənəd Azərbaycan, Pakistan və Türkiyənin Silahlı Qüvvələri arasında mövcud olan əməkdaşlığı üst bir səviyyə çıxaracaq. Müttəfiq ölkələrin parlamentlərinin müdafiə və təhlükəsilik üzrə daimi komissiyalarının və ya bu məqsədlə yaradılan işçi qrupların birgə toplantıları da gözlənilir.
Tərəflərin regional və qlobal məsələlərdə qardaş ölkələr olaraq ortaq bir mövqedən çıxış etməsi, bu Bəyannaməyə digər türkdilli ölkələrin də marağını artıra bilər.
Nəqliyyat, ticarət, enerji, xalqlar arasında təmas, təhsil, sosial və mədəniyyət, turizm, elm və rabitə texnologiyalarında parlamentlərin hökumətlərə ətraflı dəstək vermək qərarı, nəzərdə tutulan üçtərəfli layihələrin həyata keçirilməsini sürətləndirəcəyi şübhəsizdir.
“Bakı Bəyannaməsi”nin ən vacib müddəalarından biri müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı məsələsində həmrəy olduqlarını təsdiqləmələrindən ibarət oldu. Hər 3 müttəfiq ölkənin Ermənistanın Azərbaycana mina xəritələrini verməyi rədd etməsini qınaması, azad edilmiş torpaqların yenidən inşası və məcburi köçkünlərin evlərinə qaytarılması səylərində rəsmi Bakını dəstəkləməsi, bir daha Ermənistanın işğalçılıq siyasətinin qəbuledilməz olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Zəngəzur dəhlizinin bərpa olunması üçün ciddi addımlar atıldığı bir zamanda “Bakı Bəyannaməsi”nin imzalanması, Xəzər dənizi vasitəsilə Əfqanıstanı, Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis Lazuli dəhlizinin regional əhəmiyyətini də artıracaqdır. Zəngəzur dəhlizinin yaradılması, Pakistandan Türkiyəyə daşınmaların həcmini də kifayət qədər artıracaq.
İmzalanan “Bakı Bəyannaməsi” tarixən bir-birinə yaxın olan hər üç dövlətin mövcud əlaqələrinin, o cümlədən hərbi, hərbi təhsil və hərbi texniki sahədə əməkdaşlığının genişlənməsini və daha üstün səviyyəyə çatdırılmasını təmin edəcək.
Bu isə Azərbaycan, Türkiyə və Pakistan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə genişmiqyaslı hərbi təlimlərin keçirilməsini, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkilinin intensivləşməsi ilə müşayət olunacağını iddia etməyə əsas verir.
Ədalət Verdiyev, Hərbi ekspert