Elxan Şahinoğlu: “Rusiyanın prezidenti bir gün Putin yox, hansısa demokrat olsa belə, Rusiya götürüb asanlıqla Krımı Ukraynaya təhvil verməyəcək”
Ukrayna prezidenti Vladimir Zelenski Krım ərazisinin dünyanın əksər ölkələri tərəfindən qanunsuz hesab edilən ilhaqı ilə bağlı Rusiyaya təzyiqi artırmaq üçün bazar ertəsi Kiyevdə “Krım Platforması” sammiti keçirib. İki gün davam edən sammitdə 46 ölkə və blokun rəsmiləri, eləcə də NATO-ya üzv olan 30 ölkənin hər birinin nümayəndəsi iştirak edirdi. ABŞ-ın nümayəndə heyətinə energetika naziri Cennifer M. Qranholm başçılıq edib.
Qeyd edək ki, Rusiya yarımadanı 2014-cü ildə, Ukraynadakı inqilabdan sonra keçmiş prezident və Rusiyanın müttəfiqi Viktor Yanukoviçin hökumətinin devrildiyi ildə ilhaq edib və bu, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə nəticələnib.
Ukrayna tarixində ən böyük beynəlxalq sammitdə Krımın işğalının ərazi bütövlüyü prinsipinə zidd olduğu, Krımın beynəlxalq birlik tərəfindən Rusiya ərazisi kimi tanınmayacağı, işğal davam edərsə, Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi vurğulandı.
İllərdir Ukrayna Qərblə Rusiya arasında nifaq almasına çevrilib. Qərb Krımı geri qaytara bilmir, amma Rusiyanı sanksiya tətbiqi ilə hədələyirlər. Bəs görəsən, “Krım Platforması” sammiti Krımın taleyində hansı dəyişiklikləri edəcək?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, Krım sammiti ideyası Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kulebaya məxsusdur: “Bu platformada əsas məqsəd beynəlxalq birliyin diqqətini Krımın ilhaqına cəlb etməkdir. Bu platforma daimi xarakter daşıyır, yəni bir sammitlə məsələ bitmir. Hər il bu cür toplantılar keçiriləcək, ekspertlər toplaşacaq, aydındır ki, bir sammit və toplantı, bu cür platforma ilə Krımı geri qaytarmaq mümkün deyil. İndiki zamanda bu çox çətindir, amma Kiyev bunun təsirli olacağını düşünür. Çünki beynəlxalq birlik tərəfindən Krım haqqında son vaxtlar çox az danışılır, daha çox Donbasla bağlı danışırlar. Ukrayna hakimiyyəti bunu yanlış hesab edir. Ona görə diqqəti bir qədər də Krıma yönəltməyə çalışır. Aydındır ki, Rusiya bu platformanın qəti əleyhdarıdır və belə iddia ortaya atılıb ki, Krım Rusiya ərazisidir, heç kim bu ölkənin ərazisini müzakirə edə bilməz. Halbuki Krım ilhaq olunub və heç bir dövlət Krımı Rusiyanın ərazisi kimi tanımır. Bu platforma işini davam etdirir. Davam etdirməsi o demək deyil ki, Krımın geri qaytarılmasına reallaşdırmaq mümkün olacaq. Bu istiqamətdə Qərbin Rusiyaya təzyiq edəcəyini düşünmürəm. Əlbəttə, Qərbin Rusiyaya qarşı sanksiyaları var. Donbas məsələsi gündəmdədir, amma Krımla bağlı Rusiyaya beynəlxalq birlik tərəfindən elə də böyük təzyiqlər müşahidə etmirik".
Azərbaycanın Krım sammitində iştirak etməməsinin səbəblərinə gəlincə, politoloq Elxan Şahinoğlu bildirir ki, Azərbaycan Prezidenti və Xarici İşlər Nazirliyi bu sammitdə işti rak etmədi. Burada Rusiya amili nəzərə alınıb: “Məndə təəssüf doğuran bu oldu ki, biz heç səfir səviyyəsində də toplantıda təmsil olunmadıq. Ən azından Azərbaycanın Ukraynadakı səfirliyi bu toplantıda iştirak edə bilərdi. Bu onu göstərirdi ki, Rusiyadan xeyli çəkinirik, halbuki Rusiyanın regional siyasətindən, Qarabağdakı fəaliyyətindən narazıyıq və hər zaman da bunu tənqid edirik. Heç olmasa səfir səviyyəsində bu toplantıda iştirak etməli idik".
Elxan Şahinoğlunun fikrincə, buna görə Ukraynanın Azərbaycanla münasibətlərində soyuqluq yaranmayacaq: “Hər halda, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyi ilə bağlı Zelenskiyə təbrik məktubu göndərib, daha sonra Azərbaycandan bir nümayəndə heyəti Kiyevə səfər etdi. Parlamentin sədr müavini Adil Əliyev Zelenski ilə görüşdü. Amma yenə də nəzərə almaq lazımdır ki, Ukrayna bizim strateji tərəfdaşımızdır, Qarabağ məsələsində bizə dəstək verdi. Hətta Gürcüstandan daha çox dəstək verdi. Ukraynanın Xarici İşlər Nazirliyinin müharibə günlərində çıxışını xatırlayıram. Dəstək qarşılıqlı olmalıdır. Biz, əlbəttə, Krımın ilhaqını tanımırıq. Amma Ukraynanın bu həssas mövzudakı sammitində onlara dəstək verməyə borcluyuq. Hər dəfə biz addım atanda Rusiyaya tərəf boylansaq, bu artıq müstəqil xarici siyasət olmayacaq”.
Politoloq vurğuladı ki, Rusiya bu sammitə dəvət olunmuşdu, aydındır ki, gəlməzdi: “Çünki Rusiya özünün tənqid olunduğu konfransda gəlib iştirak etməyəcəkdi. Digər tərəfdən, Krımdan bir neçə nümayəndə getmək istəyib, lakin onları qoymayıblar. Çünki onlar da gəlib pozuculuq fəaliyyəti ilə məşğul olacaqdılar. Rusiya bu sammiti rusofob bir təşkilat adlandırıb. Guya buraya yığışanlar Rusiyaya və ruslara nifrət edirlər. Halbuki elə deyil, orada Rusiyaya münasibətləri yaxşı olan dövlətlər də varıydı. Məsələn, Türkiyənin xarici işlər naziri iştirak edirdi. Macarıstan Rusiya ilə yaxşı münasibətləri olmasına baxmayaraq, bu tədbirdə iştirak edirdi. Bu toplantıda iştirak etmək o demək deyil ki, bu dövlətlər rusofobdurlar. Rusofob isə ruslardan xoşları gəlməyən siyasətə deyilir. Azərbaycanın özünü də götürsək, biz Rusiyanın siyasətini tənqid edirik, amma biz rusofob deyilik. Biz Rusiyaya və ruslara nifrət bəsləmirik, bunlar ayrı- ayrı məfhumlardır.
Sadəcə, Rusiya bu platformanı hədəfə alıb. Əlbəttə, Rusiya ondan narahat deyil ki, bu platforma böyük bir təzyiqə çevrilə bilər. Sadəcə, Zelenskinin məqsədi o idi ki, beynəlxalq birlik Krımı unutmasın. Krım diqqət mərkəzində olsun, Rusiyaya qarşı təzyiqlər olsun, ilhaq haqqında fikirlər gündəmdə qalsın. Amma yenə də bu platforma ilə Krımın geri qaytarılacağını söyləmək çətindir. Hətta Rusiyanın prezidenti bir gün Putin yox, hansısa demokrat olsa belə, Rusiya götürüb asanlıqla Krımı Ukraynaya təhvil verməyəcək".
Fikirlər