MOSKVANIN İKİÜZLÜLÜYÜ İFŞA EDİLDİ - Sülhməramlılar mifik “DQR”-da xidmət edir? + SƏNƏD

Nə qədər ki, Rusiyanın Azərbaycanın Qarabağ regionunda hərbi mövcudluğu (hətta müvəqqəti olsa da) davam edir, Azərbaycan cəmiyyətinin Rusiyaya, Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və onun sülhməramlı kontingentinə ünvanlanan sualları artır.

Caliber.Az-da artıq Rusiya sülhməramlı kontingentinin fəaliyyətsizliyi ilə bağlı bir sıra materiallar dərc edilib.

Biz, xüsusilə Rusiya tərəfinin diqqətini Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi yerlərə, Ermənistanın öz silahlı qüvvələrinin şəxsi heyətini Azərbaycan ərazisinə yerləşdirməklə üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozmasına və Azərbaycanın yaşayış məntəqələri yaxınlığında yeni erməni postları qurulmasına çəkmişik.

Bundan əlavə, Rusiya hərbçilərinin öz müvəqqəti məsuliyyətləri zonasında qanunsuz erməni silahlı birləşmələrini tərksilah etmək üçün hələ heç bir tədbir görməməsi hiddətə səbəb olmaya bilməz.

Yeri gəlmişkən, bu gün həmin qanunsuz silahlı birləşmələr sülhməramlıların gözü qarşısında Şuşa şəhəri istiqamətində növbəti təxribat törədiblər.

Əgər “Balıq başdan iylənər” atalar sözünü unutsaq, o zaman yalnız Qarabağdakı Rusiya sülhməramlılarından şikayətlənmək olar. Bütün bunlara baxmayaraq, onlar hərbçidir və əmri yerinə yetirirlər. Kimin? İlk növbədə - Rusiya Müdafiə Nazirliyinin.

Axı biz hər birimiz Rusiya Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundakı fəaliyyəti ilə bağlı qəribə və hətta təxribat xarakterli informasiya bülletenlərini xatırlayırıq. Gah məlumatlarında “Dağlıq Qarabağın silahlı birləşmələri” göstərilir, gah da sülhməramlılar tərəfindən poliqonda “gəzişən minaatan” – müasir döyüş aparılmasının yeni taktikası işlənir və s. Yəni, obrazlı şəkildə desək, Qarabağdakı sülhməramlılar üçün külək şimaldan, Rusiya Federasiyası Müdafiə Nazirliyinin yerləşdiyi Moskvanın Znamenka küçəsindən əsir. 

Əgər Laçın dəhlizindən Qarabağa erməni hərbçiləri buraxmamaq barədə qəti əmr olsaydı, Rusiya hərbçilərinin yanından hətta siçan belə keçə bilməzdi. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin tərksilah edilməsi barədə əmr daxil olar, həmin əmr sutka ərzində yerinə yetirilərdi. Ancaq artıq 10 aya yaxındır ki, Qarabağda sülhməramlılar öz öhdəliklərindən başqa hər şeylə məşğul olurlar. Çünki Rusiya Müdafiə Nazirliyindən onlara müvafiq əmr hələ də daxil olmayıb.

Elə görünür ki, bu əmr heç daxil olmayacaq da, çünki Rusiya MN-də hesab edirlər ki, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ regionunda deyil, “Dağlıq Qarabağ Respublikasında” dislokasiya olunub. Düşünürsünüz ki, mübaliğə edirəm? Əsla.

Calibez.Az redaksiyasının sərəncamına satınalmalar üzrə vahid informasiya sisteminin saytından bir sənəd keçib. Bu sənədə əsasən, cari ilin avqustun 13-də Rusiya Müdafiə Nazirliyi “Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ Respublikası ərzisində yerləşən hərbi şəhərçiklərinin kazarma-mənzil fonduna kompleks qulluğun təşkili və aparılması xidmətlərinin göstərilməsi”nə ərizə təqdim edib. Sifarişin dəyəri – 151 414 088 rubldur. Tərəfimizdən müəyyən olunub ki, qapalı müsabiqənin keçirilməsi barədə bildiriş Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dövlət Satınalmaları Departamentinin sədr müavini Zaripov Oleq Vladimiroviç tərəfindən verilib.






Fikirlər