Havadan ZƏFƏR YOLU...

İlham Əliyevin 9 ay öncə təməlini qoyduğu Füzuli Hava Limanına ilk “Qarabağ” təyyarəsi eniş etdi

Tarix 17 oktyabr 2020-ci il. Müzəffər Azərbaycan Ordusunun ayaq səsləri Füzulidə eşidilir. Düşmən üzərinə qartal kimi şığıyan igidlərimiz 27 ildən sonra şəhərdə bayrağımızı ucaldırlar. Müharibədən cəmi 9 ay sonra isə Füzulidə “Qarabağ” sərnişin təyyarəsinin səsi eşidilir. Sentyabrın 5-də Bakıdan havaya qalxan “Airbus A340-500” tipli sərnişin təyyarəsi 35 dəqiqə sonra Qarabağın yeni inşa olunmuş ilk hava limanında eniş edir.

Bu, həqiqətən qürurvericidir, fəxarətdir. Bu, Azərbaycanın siyasi-hərbi və iqtisadi qüdrətinin  göstəricisidir. Bəlkə də dünyanın heç bir yerində belə qısa müddətdə hava limanı inşa edilməyib. Tarixin qeyri-adi dönüşünün nəticəsidir ki, 9 ay əvvəl Füzuli Hava Limanının tikildiyi ərazi Azərbaycan igidlərinin döyüş meydanı olduğu halda, bu gün həmin cəsur oğullarımızın sayəsində həmin ərazi Qarabağın hava qapısına çevrilib.

Prezident İlham Əliyev yanvarın 14-də hava limanının təməlini qoyanda demişdi ki, bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər.

Bakı-Füzuli marşrutu üzrə sərnişin təyyarəsi ilə uçuş müddəti cəmi 35 dəqiqədir. Hava limanı 1 saatda 200 sərnişinə xidmət edə biləcək.

Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Burada Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq uçuşların təhlükəsizliyini təmin etmək üçün instrumental enmə və naviqasiya sistemləri, işıqtexniki, ilkin və ikinci radiolakasiya sistemləri quraşdırılıb. Bu, hava limanına istənilən tip təyyarələrin qəbul edilməsinə imkan verəcək.

Avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatıb. Bunun sayəsində Füzuli Hava Limanına ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq. Gələcək aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan əsas transformator yarımstansiyaları və elektrik ötürücü xətləri də hazırdır. Qazanxana və digər köməkçi binaların tikintisi başa çatıb.

Sentyabrın sonunda istifadəyə verilməsi planlaşdırılan sərnişin terminalının qarşısında 150 avtomobil üçün nəzərdə tutulan dayanacaq inşa edilib.

Hava limanını “Zəfər yolu” və Şuşa şəhərinə aparan magistral yol ilə birləşdirən avtomobil yolunun tikintisi davam etdirilir. Ərazidə yaşıllaşdırma işləri də aparılır.

Azərbaycan Prezidentinin də söylədiyi kimi, Füzuli Hava Limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin cəlb olunması üçün olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Çünki hazırda Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Həmin turistlərin daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilməsi üçün Füzuli Hava Limanı əlverişli imkan yaradacaq. Bu amil işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək və daha çox turistin ölkəmizə gəlməsinə imkan verəcək. Yəni, aeroport regionda turizmin canlanması üçün yeni imkanlar yaradacaq.

Əlavə edək ki, sentyabrın 5-də Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi də Füzuli Hava Limanına eniş etmişdi. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb. Bu onu göstərir ki, hava limanı həm də yükdaşımalar, xüsusən beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılan hava limanı həm də Qarabağda istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından olduqca vacibdir.

Lakin Füzuli Hava Limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan dəyərli olan yeganə layihə deyil. Zəngilan və Laçında da tikilən hava limanları Azərbaycanın tarixi torpaqlarına böyük qayıdış üçün vacib sayılan çox mühüm strateji layihələrdir.

İqtisadçı ekspertlər də hesab edirlər ki, Füzulidə, Laçında və Zəngilanda aeropotların olması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının regionun aparıcı mərkəzlərinə çevrilə bilməsinə imkan yaradacaq. Şərqi Zəngəzurda aeroportun tikilməsi buranın nəqliyyat habına çevrildiyini göstərir. Əgər gələcəkdə düzgün marketinq qurularsa, Füzuli aeroportunun əhəmiyyəti daha da artacaq.

İşğaldan azad edilmiş ərazilərimizdə aeroportların tikilməsi xarici iş adamlarının bu bölgəyə investisiya yatırmasına imkan yaradır.

“Azərbaycan”

 

 

 

 

 






Fikirlər