“O hissi yuxu kimi yaşamışam və yuxu kimi də məndə qalıb, kimsə bunu bilmir, bilməyəcək də”

“O hissi yuxu kimi yaşamışam və yuxu kimi də məndə qalıb, kimsə bunu bilmir, bilməyəcək də”

Xalq artisti Pərvanə Qurbanova Moderator.az-ın suallarını cavablandırıb.
 
- Pərvanə xanım, yay istirahətinizi necə keçirdiniz?
 
- Artıq 2 ildir ki, pandemiya ilə əlaqədar olaraq demək olar ki, istirahət etmirik. Bizə münasib yerlərə getmək bir az çətinləşib. Daşkəsəndə dağ evimiz var, bir az ora gedib istirahət etdik. Ora da yüksək yerdir, təzyiqim olduğu üçün çox qala bilmədim. 
- Siz Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisasısınız. Nə vaxtsa paytaxt teatrlarına gəlmək istəmisiniz?
 
- Xeyr, heç vaxt belə bir fikrim olmayıb. Mən Gəncəni, buradakı teatrımı çox sevirəm. Gəncəyə bağlıyam, köküm buradadır. Köklü ağacların yerini dəyişəndə o quruyur. Mənə elə gəlir ki, Gəncədən bir addım harasa çıxsam mən də quruyaram. Gəncə mənim nəfəsim, həyatımdır. Cavan yaşlarımda paytaxt teatrlarından mənə çox dəvətlər olub, amma heç vaxt öz teatrımı tərk etməmişəm. Qurban olum Gəncənin daşına, torpağına.
 
- Teatr mühitində sizi nə qane etmir?
 
- O qədər şeylər var ki. Pandemiyaya görə artıq 2 ildir ki, teatrlar fəaliyyətini dayandırıb. Mən inanıram ki, teatr hamının yadından çıxıb. Operativ Qərargah yeni qərarlar qəbul edir, qismən də olsa bir çox yerlərə icazə verilir, amma teatrı unudublar. Biz heç kimə lazım deyilik?! Çox münasibətdən çox inciyirəm! Axı teatrda insanın ruhu dincəlir. Əlimizdəki telefonlar, kompyuterlərlə müvəqqəti onlayn nələrsə edirik, amma canlı sənəti axı heç nə əvəz etmir. Bu texnika bizim ünsiyyətimizi əlimizdən alıb. Evdə 5 nəfər oturur, söhbət etmək əvəzinə telefonla məşğul olurlar. Beləliklə hər şeyimizi itiririk.
- Pərvanə xanım, Gəncədə yeni teatr binası tikilir və bunun birbaşa vasitəçisi siz olmusunuz. Cənab prezidentə teatrın vəziyyəti ilə bağlı məlumat verəndən sonra o yeni teatr binasının tikilməsinə göstəriş verib. Yəqin ki, bu boyda kollektivi çətin şəraitdən qurtarmaq sevindirici bir hissdir?
 
- 2014-cü ildə cənab prezident İlham Əliyev Gəncəyə Heydər Əliyev parkının və mərkəzinin açılışına gəlmişdi. Ümumiyyətlə prezidentimiz Gəncəyə gələndə hər dəfə onunla görüşdə olmuşam. Hətta Gəncə qapılarının simvolik açarını prezidentə mən təqdim etmişdim. Mənə icazə verdilər ki, cənab prezidentə teatrın problemlərini deyə bilərsiniz. Cənab prezidentə yaxınlaşıb teatr sevərlərin, aktyorlarımızın yeni bir möhtəşəm teatr binası arzusunun olduğunu bildirdim. Çox sağ olsun ki, prezidentimiz üstündən az bir müddət keçməmiş teatrın bünövrəsinin qoyulması ilə bağlı sərəncam imzaladı. Bu gün artıq binamız tikilib başa çatıb. Çox sevinirəm! Bilirsiniz ki, son 50 ildə heç yerdə teatr binası tikilməyib. Biz həsrətlə gözləyirik ki, nə vaxt gəlib o teatrda tamaşa oynayacağıq?! Nə vaxt tamaşaçılarımızın alqış səsini eşidəcəyik?!
 
- Bir çox aktyorlarımız deyir ki, köhnə binada səs, akustika, ab-hava tamam başqadır. Sizcə yeni binaya köçəndən sonra bütün bunların hamısına öyrəşmək çətin olmayacaq?
 
- Bəli, köhnə teatrın binasında səs-akustika çox gözəldir, insana xoş gəlir. Deyirlər ki, yeni binada da elədir, amma onu görməmişik. Teatr canlı sənətdir, əlbəttə ki, binada səs də, akustika da yerində olmalıdır. Çünki biz danışanda mikrofondan, səs gücləndiricilərdən istifadə etmirik.
 
- Sizi həm də seriallardan tanıyıb sevirlər. Rövşən İsaxın demək olar ki, hər serialında görürük. Sizi rejissora sevdirən, rejissora bəyəndirən hansı xüsusiyyət və xasiyyətlərinizdir?
 
- Mənim ilk çəkildiyim serial “Pərvanələrin rəqsi” oldu. O illərdə 6-7 serial çəkilirdi. Bilirsiniz ki, dövlət başçısı bu sahəyə pul ayırmışdı. O maliyyə dəstəyi bizə də olunmuşdu. Bu serialı da Rövşən İsax çəkirdi və xəbəriniz var ki, o illərdə “Pərvanələrin rəqsi” reytinqlərdə birinci yerdə idi. Təbii ki, 30 ildir Gəncədə çalışırdım və buranın sakinləri, Gəncəbasar əhli, Bakıdakı sənətkarlar tanıyırdı ki, Pərvanə Qurbanova adlı bir aktrisa var. Amma bütün tamaşaçılara və hətta Azərbaycandan kənardakı tamaşaçılara məni bütünlükdə tanıdan və sevdirən Rövşən İsax oldu. Mən buna görə Rövşən müəllimə çox minnətdaram! 
- Serialdan tanınmaq gözəl hissdir, yoxsa teatrdan?
 
- Təbii ki, tanınmaq, insanların sənə xoş sözlər deməsi hər bir sənətçi üçün xoşdur. O cümlədən də mənim üçün. Serial müvəqqətidir, 1-2 il efirdə gedir, efir müddəti bitir və yeni seriallar ekrana gəlir, sən bir müddət yaddan çıxırsan. Amma teatrda hər axşam səhnəyə çıxırsan, insanların nəfəsini duyursan, səninlə bərabər ağladığını, güldüyünü görürsən, hər gecə bir insan taleyi oynayırsan. Mən teatrı çox sevirəm, baxmayaraq ki, təsadüfən gəlib düşmüşəm bu sənətə. Mən teatr aktyorlarına çox böyük dəyər və qiymət verirəm. Onlar çox şeyin həsrətini çəkirlər, amma yenə də sevdikləri sənətə heç vaxt vəfasız olmurlar. Mənim tanıdıqlarımın hamısı belədir, yeni nəsil necə olacaqsa onu bilmirəm.
 
- Hazırda "Yuxu kimi" serialındasız. Həyatda yaşadığınız hansı hiss sizə yuxu kimi gəlib?
 
- Bəli, həyatımda belə bir hiss olub. O hissi yuxu kimi yaşamışam və yuxu kimi də məndə qalıb, heç kim bilmir, bilməyəcək də. Qoy o məndə qalsın, onu heç vaxt heç kimlə bölüşmək istəmirəm.






Fikirlər