Sənətçilər kimləri seçdilər? – SORĞU
Bu gün Milli Məclisə seçkilər keçirilir. Teleqraf.com sənətçilərimizin hansı namizədlərə səs verdiyi ilə maraqlanıb. Sorğunun nəticələrini təqdim edirik:
(Azərtaym.az)
Afaq Bəşirqızı: “Bakıda olmadığım üçün seçkiyə gedə bilməmişəm. Evdəkilər gedib səs veriblər, mən də onlara etibarnamə vermişdim ki, adımdan səs versinlər. Qeydiyyatda olduğum Yasamal rayonunda deputatlığa namizədlərdən biri maraq dairəmdədir. O, insanın şəxsiyyətinə, sözünün bütövlüyünə, Azərbaycan dövlətçiliyi üçün etdiyi və edəcəyi işlərə inanıram”.
Flora Kərimova: “Seçkidə mütləq iştirak edəcəm. Bir azdan Nəsimi rayonunda qeydiyyatda olduğum məntəqəyə gedib səsimi verəcəm. Səs vermək hər bir vətəndaşın borcudur. Orda məhdudiyyət olmamalıdır. Hər insan kimi yaxşı tanıyırsa, onun haqqında ətraflı biliyi varsa ürəyinin diktəsi ilə ona səs verməlidir”.
Səlim Abbasov: “Xətai rayonunda seçkidə iştirak etmişəm. Cəlal İbrahimova səs verdim. Yaxın dostumuzdur və musiqini duyan insandır. Hətta publisistik əsərləri də var. YAP-ın üzvüdür. İnşallah seçilər”.
Elməddin Cəfərov: “Elə indicə səsvermədən çıxdım. Yasamal rayonunda qeydiyyatdayam. Kimə səs verdiyimi açıqlamayacam, qoy əxfi qalsın”.
Abbas Bağırov: “Gəncə şəhərində səs vermişəm. Namizədimin isə adını açıqlamaq istəmirəm”.
Murad Dadaşov: “Hazırda Moskvada olduğum üçün səsvermədə iştirak edə bilmirəm. Rusiyada baş vermiş qəza ilə bağlı Leyla xanım “Amor” gənclər təşkilatının konsertini təxirə saldı. Leyla xanımın bu qərarı çox gözəl və müsbət qarşılandı. Konsertdə rejissor və təşkilatçılardan biri kimi mən də iştirak edirəm. Konsertdə iştirak edənlərin bu fikri alqışlarla qəbul etməsi, məni ruhlandırdı”.
Rövşanə Bektaşi: “Yasamal rayon sakiniyəm. Səs verməyə bir azdan gedəcəm. Axşama qədər vaxt var. Uşaqlı ana olduğum üçün övladımla məşğul idim. Amma kimə səs verəcəyim sirr olaraq qalsın”.
Gülyanaq Məmmədova: “Yasamal rayonunda səsvermədə iştirak etdim. Namizədimin adını gizli saxlamaq istəyirəm. Gülyaz və həyat yoldaşım da səsvermədə iştirak etdilər. Parlament seçkilərində hər bir azərbaycanlının iştirak etməsi vacibdir. Səsvermə prosesindən də çox razı qaldım. Ümumiyyətlə, seçkinin şəffaf keçirildiyinə şahid oldum”.
Vasif Məhərrəmli: “Hazırda rayondayam. Yaxın bir insanın yas mərasiminə gəlmişəm. Bir azdan Bakıya çıxacam. Şəhərə vaxtında çatıb, mütləq səsvermədə iştirak edəcəm”.