“ABŞ NÜVƏ MÜHARİBƏSİNİ UDACAĞINI GÖSTƏRMƏLİDİR” – “ABŞ və müttəfiqləri elə tədbirlər görə bilər ki...”
ABŞ-ın “Wall Street Journal” qəzetində “Amerika nüvə müharibəsində qalib gələ biləcəyini göstərməlidir” başlıqlı məqalə dərc edilib. Məqalənin müəllifi Set Kropsi vaxtilə ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti olub, hazırda Yorktaun İnstitutunun təsisçisi və prezidentidir. Novator.az-ın məlumatına görə, müəllif xatırladır ki, aprelin 20-də Rusiya nüvə başlıqlı “Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirib: “Ukraynada hərbi əməliyyatlara başlayandan Prezident Vladimir Putin və müşavirləri ABŞ və NATO-nu müharibəyə müdaxilə edəcəkləri təqdirdə nüvə hücumu ilə hədələyir. Moskva bu yaxınlarda İsveç və Finlandiyaya da xəbərdarlıq edib ki, NATO-ya qoşulsalar, zərbə altına düşəcəklər”. Set Kropsi yazır ki, Rusiyanın Ukrayna ilə müharibəsi həm də NATO əleyhinə yönəlib: “Putinin müharibəyə getməkdə iki məqsədi olub. Əvvəla o, Ukraynanı müstəqil dövlət kimi məhv edəcəyinə ümid bəsləyirdi. Rusiya bir neçə saat ərzində paytaxt Kiyevi tutmağı, orada ruspərəst hökumət qurmağı, aylar sonra isə Kremlin Ukraynanın şərqində və cənubunda birbaşa nəzarətini təmin edəcək referendumlar keçirməyi planlaşdırırdı”. Sonrakı mərhələdə Putinin Belarusda Aleksandr Lukaşenko rejiminin və Mərkəzi Asiya despotlarının iştirakı ilə Polşa sərhədinədək imperiya qurmaq niyyətində olduğunu vurğulayan müəllif bildirir ki, ukraynalılar bu planlarını alt-üst ediblər. Məqalədə qeyd edilir ki, Kiyevdən əli üzülən Moskva indi Ukraynanın şərqində ağır döyüşlər aparır: “Rusiyanın tez bir zamanda Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini məhv etmək, ölkənin şərq vilayətlərini ələ keçirmək və Krıma gedən quru dəhlizdə möhkəmlənmək kimi planları var”. Ukrayna ordusunun güclü müqavimət göstərməsinə, qələbə əzminə, rus qoşunlarına sarsıdıcı zərbələr vurmasına diqqət çəkən müəllifin fikrincə, Rusiyanın vəziyyəti ağırlaşsa, Putinin nüvə silahından yararlanmaq niyyəti ikiqat artacaq: “Bu, Rusiyanın açıq şəkildə bəyan edilmiş hərbi doktrinasına da uyğundur. Nüvə hücumu Ukraynanı Yaponiyanın 1945-ci ildə üzləşdiyi seçimlə qarşı-qarşıya qoya bilər: ya təslim, ya da məhv olmaq”. Məqalədə deyilir ki, Ukraynanın xüsusilə Buça, İrpen şəhərlərində baş verənlər Rusiyanın əsl niyyətini nümayiş etdirir, Putinin qələbəsinin çox ağır fəlakətlərə – daha kütləvi qırğınlara, sürgünlərə, təcavüzlərə gətirib çıxara biləcəyindən xəbər verir. Müəllifin sözlərinə görə, ukraynalıların müqavimətini qırmaq üçün Rusiya nüvə silahına əl atmaq yolunu seçsə, NATO istər-istəməz buna cavab vermək məcburiyyətində qalacaq: “Həmin cavab isə Rusiya ilə NATO-nu daha geniş nüvə qarşıdurmasına sürükləyə bilər”. Set Kropsi qeyd edir ki, qarşıdurmanın genişlənməməsi, Rusiyanın nüvə hücumuna ənənəvi cavabın kifayət etməsi də mümkündür: “Görəsən, ABŞ və müttəfiqləri Qara dənizdə, Suriya və Liviyada yerləşən Rusiya hərbi birləşmələrini məhv etsələr, Rusiyanın bütün neft kəmərlərini kəssələr və iqtisadi sanksiyalardan istifadə edərək Çin və Rusiya ilə iş aparan dövlətləri embarqo ilə hədələsələr, necə olar? Bu addımların hər biri vacibdir. Ancaq Rusiyanın məqsədi NATO-nu müharibədən sıxışdırıb çıxarmaqdır. Kreml özünü NATO-dan daha qətiyyətli hesab edir. Ona görə Rusiyanın nüvə hücumuna ABŞ-ın adi cavabı Moskvanı yenidən nüvə silahından yararlanmaqdan saxlamaya da bilər. Kreml nüvə müharibəsi aparmaq məharətini cilalayır. Burada tək hərbi yox, siyasi məqsədlər də güdülür. Belə bir vəziyyətdə ABŞ məsələyə yanaşma tərzini yenidən nəzərdən keçirməlidir. Bu o demək deyil ki, Vaşinqton nüvə silahından istifadə etməlidir. Hər halda nüvə reaksiyası qlobal nüvə müharibəsi ehtimalını artıra bilər. Amma ABŞ və müttəfiqləri Rusiyanın nüvə arsenalına qarşı elə tədbirlər görə bilər ki, Moskvanın hücuma keçmək mövqeyi sarsılmış olsun. Məsələn, ABŞ təkcə sualtı qayıqları yox, Hərbi Dəniz Qüvvələrinin suyun üzündəki gəmilərini də soyuq müharibə dövründə olduğu kimi, yenidən nüvə silahı ilə təchiz edə bilər”. Set Kropsinin fikrincə, belə bir addım Moskvanın cavab tədbirləri görmək, nüvə müharibəsi aparmaq imkanlarını zəiflədə bilər: “Nüvə müharibəsi heç aparılmasa, daha yaxşıdır. Ancaq Kreml bu üsuldan istifadə etməyə qismən hazır kimi görünür. Əgər ABŞ nüvə silahından yararlanmaq istəmədiyini nümayiş etdirsə, Kremlin nüvə silahına əl atacağı riski təhlükəli dərəcədə güclənə bilər”.