“MƏN XİLASKAR DEYİLƏM… ” - Eldar Həsənov danışdı

 

eldar_hasanov23Sabiq baş prokuror, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun Azərbaycana qəfil gəlişi geniş müzakirələrə yol açıb, bununla bağlı xeyli versiyalar dövriyyəyə buraxılıb. Bəzi mətbuat orqanları səfirin gəlişini Vergilər Nazirliyində yüksək vəzigədə çalışan qardaşının ətrafında yaşanan narahatlıqlarla əlaqələndirib.
İddia olunub ki, diplomat qardaşını təhlükələrdən qorumaq üçün Bakıya qəfil gəlib. Ancaq başqa versiyalar da var. Belə ki, E.Həsənovun MTN rəhbərliyinə gətirilməsi ideyasının olduğu da bildirilir. Bütün bu yazılanlarla əlaqədar musavat.com diplomatın fikirlərini öyrənib. Məlum olub ki, səfir artıq geri dönüb və iş başındadır.

- Eldar müəllim, sizin Bakıya qəfil gəlişiniz ətrafında müzakirələr aparılır. Bu barədə yazılarda iddia olunur ki, qardaşınızı xilas etmək üçün ölkəyə təcili gəlmisiniz…
– Əvvəla, onu deyim ki, mən xilaskar deyiləm. İkincisi də boş, mənasız cəfəngiyyatlara zaman ayırmağa mənim nə vaxtım, nə həvəsim, nə istəyim var. Çox təşəkkür edirəm ki, məni aramısınız, bu məsələ ilə bağlı mənə müraciət etmisiniz. Amma bir şeyi bilin ki, hər boş cəfəngiyyata ayrılan vaxta yazıqdır. Bu vaxtı faydalı işə sərf etmək olar. Bütün bunlar əhəmiyyətsiz məsələlərdir.

- Təbii ki, bütün bunlar sıradan bir nəfərin barəsində yazılsaydı, əhəmiyyət verməmək, üstündən keçmək olardı. Sizinlə bağlı isə məlumatlar təkcə qardaşınızla bağlı deyil. Hətta sizin milli təhlükəsizlik naziri postuna təyin olunacağınız barədə də məlumatlar yayılıb…
– Tam yanlış, boş, heç bir əsası olmayan məlumatlardır. Nəinki həqiqət olmayan, hətta həqiqətə yaxın gəlməyən məlumatlardır, şayiələrdir. Mən heç bir yerə nazir gedəsi deyiləm, belə bir məsələ də yoxdur. Tutduğum vəzifəmdən, taleyimdən də çox razıyam, işimdən də çox məmnunam.

- Eldar müəllim, Sizin səfəriniz Monteneqronun baş nazirinin Bakı səfəri ilə eyni vaxta təsadüf etdi. Bu barədə nə deyə bilərsiniz?
-Bu, bir protokol qaydadır ki, bir ölkəyə prezident, baş nazir gələndə səfir onları müşayiət etməlidir. Mən də Monteneqronun baş nazirini Bakı səfərində müşayiət etmişəm. Tədbir qurtarandan sonra da qayıdıb işimə, fəaliyyətimə başlamışam. Bundan başqa deyilənlər hamısı hekayədir, nağıldır.

- Yazılanlara görə, sizin seçki ərəfəsinə Azərbaycana gəlməkdə bir məqsədiniz də olub: Kəlbəcər dairəsi üzrə seçkilərə qatılan Cavid Qurbanovla İsgəndər Həmidovu barışdırmaq istəyirmişsiniz. Bu barədə nə deyə bilərsiniz?
-Harda barış varsa, orda varam. Əlbəttə, çox arzu edirəm ki, ölkəmizin hər bir guşəsində, hər bir cəmiyyətdə, hər bir qurumda barış olsun. Çünki uğurlar, gələcək barışdan, milli birlikdən keçir. Belə bir missiya üzərimə düşməyib. Belə bir məsələ olmayıb. Olsa belə, mən barışa tərəfdar olaram.(Azərtaym.az)

 






Fikirlər