Ukraynanın Vətən müharibəsi: ABŞ-la Çin razılığa gəlsə, Putin isə öz rejiminə təhlükə görsə...
Onlardan biri də ABŞ-la heç də isti münasibətlərdə olmayan Çindir. Bu yandan da ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nelsi Pelosinin Tayvana səfəri sanki Rusiyanın “çörəyinin üstünə yağ sürtmüş” oldu. Çünki Pekini Vaşinqton əleyhinə daha radikal ovqata köklədi. “Nensi Pelosinin (ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri - red.) Tayvan səfəri Çin və ABŞ arasında münasibətləri gərginləşdirməklə yanaşı, Ukrayna üçün heç də yaxşı hal deyil. Çünki iki dövlət arasında münasibətlərin pisləşməsi Rusiya üçün sərfəli olacaq”. Bu sözləri Ukraynanın siyasi elmlər doktoru, professor Olqa Brusilovskaya son günlər Çin və ABŞ münasibətlərinin gərginləşməsini şərh edərkən deyib. Politoloq qeyd edib ki, ABŞ və Çinin artıq neçə ildir iqtisadi müharibə vəziyyətində olması hər iki ölkəni tükəndirib: “Buna görə münasibətlərin kəskinləşməsi heç bir tərəfə fayda verməyəcək və təkcə iqtisadiyyata yox, həm də geosiyasi cəhətdən narahatlıq doğuracaq. Yəni ABŞ Çini özündən uzaqlaşdırsa, o zaman Çin Rusiya ilə daha yaxın münasibətlər qura bilər. Ona görə də ABŞ Çinlə razılığa gəlməlidir. Yalnız o zaman biz daha təhlükəsiz olacağıq”. Bəs ABŞ-ın Çinlə razılığa gəlməsi mümkünmü? Pelosinin Tayvan ziyarəti gerçəkdənmi Rusiyanın işinə yarayır? Ukraynanın keçmiş prezidenti Leonid Kuçma isə deyib ki, Putin öz siyasi ambisiyalarına təhlükə hiss edərsə, Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edə bilər. “Mən bu təhlükəni istisna etmirəm. Fakt budur ki, nüvəsiz Ukrayna Rusiyaya adekvat cavab vermək iqtidarında deyil. Özü də cəzasızlıq hissi on ildən artıqdır ki, Putinin hərəkətlərinin əsas hərəkətverici qüvvəsi olub. Əgər cəbhədəki vəziyyət Rusiyanın mövcudluğu və ya təhlükəsizliyini deyil, sırf Putinin siyasi mövqelərini və onun rejiminin sabitliyini təhdid edirsə, o zaman Kreml taktiki nüvə silahından istifadə edə bilər. Bunun qarşısını almaq olarmı? Ümid edirəm ki, hə. Putini burada dayandıra bilmərik. Ancaq Qərb müttəfiqlərimiz, məncə, edə bilərlər”, - Kuçma bildirib. Sul yaranır: Rusiyadan qaynaqlanan nüvə təhlükəsi getdikcə artır, yoxsa?
Azər Hüseynov AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov söylədi ki, Çini Çin edən elə Amerikadır: “Çində fəaliyyət göstərən istehsal və maliyyə nəhənglərinin əksəriyyəti Amerikanındır. Çin şişirdilmiş köpükdür. Kapitalizm dünyası başlayandan Çini gah yaponlar işğal edib, gah da digərləri nəzarətə alıb. Hə, ola bilər bir az ”pul yığan" Çin öz işini qurmaq istəyir. Amerikalılar da Çinin təzyiqi qalxmasın deyə, arada onun damarından qan alırlar. Bununla belə, Çin Rusiya ilə yaxınlaşa bilər. Amma buna ehtiyac olmayacaq. Bir azdan Amerika və Avropa özü Rusiya ilə xırda-xırda yaxınlaşacaq. Ortada xərclənən isə biçarə Ukrayna xalqıdır. Rusiya da bunu çox gözəl bilir. Onun üçün də basdıqca basır yaraya. Ona görə Allah Türkiyəyə istiqamət və güc versin. Dünya məzlumlarının ümidi Türk İslam Ülküsü şəmsiyyəsidir. Bu şəmsiyyənin qurulması bizdən də rasional addımlar tələb edir".
Alp Arslan İmamqulu Tanınmış hərbi ekspert, “M5 Müdafiə və Strategiya jurnalı”nın regional təmsilçisi Alp Arslan İmamqulu tərəflərin zərərlərindən söz açdı: “Hazırda Ukrayna üzərində tərəflərin qarşılıqlı mübarizəsi gedir. Bir tərəfdə Qərb, Amerika Birləşmiş Ştatları, digər tərəfdə Rusiya və bu sıraya Çin də daxil. Bu məzmunda baxılsa, Amerika və Çinin hər hansı bir müttəfiqliyini gözləmək, yaxud ciddi bir yaxınlıq sərgiləməsini müşahidə etmək qeyri-mümkün görünür. Təbii ki, bundan sonrakı dönəmlərdə Rusiyanın Ukraynada batmış olduğu bataqlıqda təklənməsi gündəmdədir. Bu istiqamətdə bir təhlükə odur ki, əgər Rusiya həqiqətən təklənərsə, bir növ küncə sıxılmış vəziyyətdə qalarsa-əlindəki nüvə silahından istifadə etmə ehtimalı güclənməkdədir - bu, Ukraynaya təhlükələr yarada bilər. Amma bu müharibənin təkcə Rusiya-Ukrayna savaşı olmadığını nəzərə alsaq, Ukraynanın təklənəcəyini düşünmək doğru olmazdı. İstənilən bir şəkildə Qərbin dəstəyi olacaq. Bu dəstək gecikərsə, Ukrayna bundan nə qədər zərərlə çıxar, bu başqa məsələdir. Rusiya hazırda bir bataqlığa düşüb, amma Ukrayna da zərər görməkdədir. Çünki nəticədə onun ərazisindən istifadə edilməkdədir. Amma bu mübarizədə Rusiyanın qalib çıxacağını gözləmək doğru olmazdı".
İlyas Hüseynov Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirdi ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nelsi Pelosinin Tayvana səfəri bütün dünyada geniş rezonans doğurub: “Bu səfərə qarşılıq olaraq Çin tərəfinin çox sərt addımlar atacağı gözlənilsə də, rəsmi Pekin çox ehtiyatlı və müdrik davrandı. Eyni zamanda bütün dünyaya nümayiş etdirdi ki, hələ ağlı başında olan dövlətlər və siyasətçilər mövcuddur. ABŞ-ın siyasi təxribatını yaxşı anlayan Çin dövlətinin radikal olmayan yanaşması rəsmi Moskva ilə Pekini daha da yaxınlaşdırır. Fevralın 24-dən başlayan ”xüsusi əməliyyat"dan ən qazanclı çıxan Çindir. Çünki Qərb dövlətlərinin Rusiyanı tərk etməsi fonunda Çin şirkətləri dərhal Rusiya bazarını doldurdu. Nəzərə almaq lazımdır ki, Çin şirkətlərinin buna geniş potensialı da var. Eyni zamanda Daşkənddə Rusiya Federasiyası və Çin XİN rəhbərləri arasında danışıqlar başlamazdan əvvəl yaşanan maraqlı epizodu da qeyd etməliyik. Sergey Lavrov deyib ki, (çinli həmkarının maskasını çıxarıb-çıxarmayacağına şübhəsini hiss edərək) “Qorxma, dostların arasındasan”. Çinin XİN rəhbəri Wanq Yi də cavabında bildirib ki, “Biz bir-birimizə güvənirik”. Bax bu güvən və etibar Rusiya iqtisadiyyatını daha da dayanıqlı edir, rublun da möhkəmlənməsinə xidmət edir. Yuan-Rubl ticarət dövriyyəsinin tətbiqi uzun zamandır ki, davam edir. Bununla da sanki elə bir təəssürat formalaşır ki, Rusiyaya qarşı Qərb koalisiyası bir əllə vuruşur. Əgər Çin də Rusiyaya qarşı olsaydı, onda mənzərə başqa cür olardı. ABŞ-ın siyasi strateqləri Çini öz tərəfinə çəkmək əvəzinə vəziyyəti daha da kəskinləşdirir və Nelsi Pelosini Tayvana səfərə göndərirlər. Rusiya ilə Çin arasında yaxınlaşmadan Ukrayna tərəfi də haqlı olaraq narahatlığını ifadə edir. Rəsmi Kiyevin Pekin-Moskva tərəfdaşlığından məmnun olmaması müxtəlif səviyyələrdə ifadə olunur. Bu xüsusda Rusiya tərəfindən nüvə arsenalına müraciət edilməsi riski də hər zaman qalmaqdadır və Ukraynaya dəstək göstərən tərəflər üçün çəkindirici xarakter daşıyır". Cavanşir ABBASLI,Ukraynanın Rusiyaya qarşı Vətən savaşında artıq həlledici həftələr başlayıb. Aydındır ki, bu savaşda Ukraynanın hər mənada əsas köməkçisi ABŞ-dır. Rusiya isə maksimum çalışır ki, dünyada dəstəkçilərinin sayı artmasa da, heç olmasa arada neytral qalan dövlətləri öz tərəfinə çəkə bilsin.
“Yeni Müsavat”