Putinin gələcək taleyi Baydendən asılıdır: Zelenskiyə Kremllə təmas qadağan olunub...
Ukrayna savaşı ətrafında yaranmış vəziyyət artıq Rusiyanın əleyhinə çevrilib. Kreml bu savaşda Rusiyanın bütün hərbi potensialını sınaqdan çıxartsa da, savaş meydanında vəziyyəti dəyişməyə nail ola bilmir. Bu isə son nəticədə savaşın Kremlin hesablamalarına zidd olaraq, daha da uzanmasına və Rusiyanın ağır itkilərlə üzləşməsinə səbəb olur. Nə qədər qəribə də olsa, savaşa başlayarkən, bütün Ukraynanı işğal edəcəyinin açıq anonsunu verən Rusiya artıq bu mövzuda danışmağa qətiyyən həvəs göstərmir. Əksinə, indi Kreml Rusiyanın savaş hədəflərini Ukraynanın Donbas bölgəsinin tam şəkildə nəzarətə götürülməsi ilə məhdudlaşdırmaq məcburiyyətində qalıb. Və buna nail olacağı təqdirdə, Rusiya savaşda qarşısına qoyulmuş məqsədə çatdığını elan edə bilər. Halbuki, son həftələrdə savaş meydanında baş verənlər Rusiyanın bu hədəfdən də çox-çox uzaq olduğunu təsdiqləyir. Belə ki, Ukrayna ordusu bir tərəfdən Rusiya qoşunlarının Donbas bölgəsinin administrativ sərhədləri içərisində irəliləməsinə ciddi şəkildə müqavimət göstərir. Digər tərəfdənsə, Rusiya ordusuna qarşı əks-hücum əməliyyatları ilə onu ağır itkilərə uğradır. Belə davam edərsə, Rusiya öz savaş hədəflərini daha da kişiltmək məcburiyyətində qala bilər.
Maraqlıdır ki, Böyük Britaniya kəşfiyyatı Ukrayna savaşına Rusiyanın hərbi resurslarının təxminən 80 faizinin cəlb olunduğunu iddia edir. Bu hərbi resursların 30 faizinin isə savaş meydanında artıq itirildiyini vurğulayır. Yaxın aylarda Rusiyanın ümumiyyətlə, müharibəni davam etdirmək qabiliyyətini itirə biləcəyini bildirir. Təbii ki, bütün bunları nəzərə aldıqda, Kremlin son vaxtlar sülh danışıqları ilə bağlı mövzunu gündəmə daha tez-tez gətirməsi qətiyyən təəccüblü deyil. Böyük ehtimalla Rusiyanın savaşa davam etdirmək üçün hərbi resurslarının nə vaxt tükənəcəyini Kremldə hər kəsdən daha yaxşı bilirlər. Ona görə də, Rusiyanın siyasi dairələri sülh danışıqlarının bərpa edilməsinin vacibliyini virğulayırlar və rəsmi Kiyevi müzakirələrdən yayınmaqda suçlayırlar. Böyük ehtimalla Kremldə Rusiyanın Ukrayna savaşından kapitulyasiya aktına imza atmaqla, çıxa biləcəyini artıq proqnozlaşdırmağa başlayıblar. Bu baxımdan, Rusiya siyasi dairələri Ukrayna ilə sülh danışıqlarının mümkün qədər tez bir zamanda başladılmasında artıq birbaşa maraqlıdırlar. Əsas məqsədsə, Kremlin savaşdan öncə Rusiyanın nəzarətində olan Krım yarımadasını və Donbasın separatçıların olduğu hissəsini yenə də əlində saxlamağa nail olmaqdır. Ancaq bu dəfə Ukrayna tərəfi öz mövqeyini dəyişib. Əgər, savaşın ilk həftələrində rəsmi Kiyev sülh danışıqlarına can atırdısa və atəşkəsin elan olunmasına çalışırdısa, indi Ukraynanın rəsmi dairələri hadisələrin belə inkişaf perspektivlərindən imtina ediblər. İndi rəsmi Kiyev Kremllə müzakirələri davam etdirməyəcəyini bəyan edir. Üstəlik, Kremlə atəşkəs ilə bağlı Ukraynaya müraciət etməməyi məsləhət görür. Rəsmi Kiyev indi əsas hədəfinin Krım və Donbas da daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünü bərpa etmək olduğunu vurğulayır.
Təbii ki, rəsmi Kiyevin belə radikal mövqe dəyişikliyinə üstünlük verməsində ABŞ və Qərbin Ukraynaya verdiyi hər tərəfli dəstəyin xüsusi rolu olmamış deyil. Hətta Rusiyanın Avropadakı ən yaxın tərəfdaşı olan Almaniya belə, Kremldən tamamilə üz çevirib. Almaniya kansleri Olaf Şolts Ukraynaya Rusiyanın hücumuna qarşı özünü müdafiə etmək üçün əlavə yardım göstərəcəklərini və prezident Vladimir Putinin sülh şərtlərini diktə etmək iqtidarında olmayacağını bildirib. Almaniya kansleri hesab edir ki, Kreml sahibi hələ də dünyanı bombalaya və bununla da şərtləri diktə edə biləcəyini düşünür: “Amma o, çox yanılır. Ukraynada yaranan vəziyyəti nə ukraynalılar, nə də biz qəbul etmirik. Hamımızın bir ümumi məqsədi var. Yəni, Rusiya bu müharibədə qalib gəlməməlidir”. Göründüyü kimi, Kremlin rəsmi Kiyevlə sülh danışıqlarına can atması hazırda o qədər də böyük əhəmiyyət daşımır. Sülh danışıqlarının nə vaxt başlayacağı və hansı nəticələrlə yekunlaşacağı məhz ABŞ və Qərbin Ukrayna savaşında qarşıya qoyduğu strateji hədəflərdən asılıdır. Və nə rəsmi Kiyevin, nə də Kremlin bu məsələdə maraqları qətiyyən nəzərə alınmır. Məsələ ondadır ki, Ukrayna savaşı əslində, ABŞ və Qərb ilə Rusiya arasında olan müharibədir. Düzdür, Rusiya ilə Ukrayna ordusu vuruşsa da, ABŞ və digər Qərb ölkələrinin hərbi texnikası və silah-sursatı bu savaşın əsas həlledici faktorudur. Bu baxımdan, ABŞ və Qərb açıq şəkildə olmasa da, əslində, səhnəarxasında Ukraynanın Rusiya ilə müharibəsində iştirak edir. Daha doğrusu, ABŞ və Qərb Rusiya ilə Ukrayna üzərindən müharibə aparır. Muharibənin bu modeli “proxy war” adlanır.
Ona görə də, rəsmi Kiyev istəsə belə, artıq özbaşına Rusiya ilə müharibədən çıxa bilməz. Yəni, Rəsmi Kiyevin indiki situasiyada ABŞ və Qərbin razılığı olmadan Rusiya ilə danışıqlar aparmaq, o cümlədən, Kremllə sülh sazişi imzalamaq şansı yoxdur. ABŞ və Qərb isə öz strateji hədəflərinə çatmadan Ukraynaya Rusiya ilə sülh sazişi imzalamağa icazə verməz. Ona görə də, indi Ukraynanın Rusiya ilə sülh danışıqlarını dayandırmasının məhz ABŞ və Qərbin təlimatıyla baş verdiyi də qətiyyən şübhə doğurmur. ABŞ və Qərbin Ukrayna savaşı ilə bağlı əsas hədəfləri isə “Putinsiz Rusiya” və ya “Rusiyasız dünya” modellərinə nail olmaq üzərində indeksləşib. Ona görə də, Ukrayna savaşının nə vaxt sona çatması barədə qərarın verilməsi Kremlin və ya rəsmi Kiyevin siyasi iradəsinə daxil deyil. Böyük ehtimalla Ukrayna savaşı ABŞ və Qərbin öz strateji hədəflərinə tam çatmasına qədər davam edəcək. Bu baxımdan, rəsmi Kiyevin Rusiya ilə sülh danışıqlarından imtina etməsi qətiyyən təəccüblü deyil. Çünki Ukrayna savaşı yalnız ABŞ və Qərbin diqtə etdiyi şərtlər, bu barədə verəcəyi siyasi qərar əsasında dayandırıla bilər. Bu baxımdan, hesab etmək olar ki, həm prezident V.Putinin karyerası, həm də Rusiyanın gələcək taleyi Kremldən daha çox Ağ Evdə həll edilir. Ukrayna prezidenti Volodimir Zelenskiyə diplomatik təmasların qadağan edildiyi Kremlin bu prosesə müqavimət göstərmək imkanları isə hər ötən gün daha da məhdudlaşır. Və böyük ehtimalla yaxın vaxtlarda Rusiyanın gələcək taleyi ilə bağlı hazırlanmış planın növbəti, daha radikal mərhələsi də işə salına bilər. Elçin XALİDBƏYLİ,Ukrayna istəsə belə, artıq Rusiya ilə müharibədən özbaşına çıxa bilməz, ABŞ və Qərbin rəsmi Kiyevə Kremllə sülh danışıqlarını dayandırmaq təlimatı verdiyi qətiyyən şübhə doğurmur... Yaxın vaxtlarda Rusiyanın gələcək taleyi ilə bağlı hazırlanmış planın növbəti, daha radikal mərhələsi də işə salına bilər...
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu