Zelenskidən İLK AÇIQLAMA gəldi: "Putinin bunu edəcəyinə inanmıram"

Putinin səfərbərlik qərarına Zelenskidən ilk reaksiya gəldi...

Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi ölkənin şərqindəki qarşıdurmalarla davam edir.

Musavat.com "The Telegraph"a istinadən xəbər verir ki, bu səhər Rusiya prezidenti Putin sürpriz açıqlama verib.

Qismən səfərbərlik elan etdiyini açıqlayan Rusiya lideri Qərbə açıq şəkildə gözdağı verib: “Qərbə deyirəm, bizim istifadə edəcəyimiz çoxlu silahlarımız var. Bu, blef deyil”.

Putinin səfərbərlik qərarına Ukrayna prezidenti Volodimir Zelenskidən ilk reaksiya gəlib.

O bildirib ki, Vladimir Putinin hədələrinə baxmayaraq, Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır.

Almaniyanın "Bild" nəşrinə danışan Zelenski Qərbi Putinin şantajlarına boyun əyməməyə çağırıb və Rusiya prezidentini Ukraynanı “qan içində boğmaq” istəməkdə ittiham edib.

NATO-nun baş katibi Stoltenberq də Rusiya liderinin səfərbərlik qərarına münasibət bildirib. O, qeyd edib ki, Putinin açıqlamaları müharibənin onun planına uyğun getmədiyini göstərir:

"Putin çox təhlükəli ritorikadan istifadə edir. O, nüvə müharibəsində qalib gələ bilməz".

Xatırladaq ki, bu gün səhər saatlarında Zelenskinin müşaviri Mixail Podolyak Twitter hesabında “3 günlük müharibəyə” diqqət çəkərək maraqlı açıqlama verib:

“Rusiyanın 3 günlük müharibənin 210-cu günündə əldə etdikləri:

1. Səfərbərlik;

2. Bağlı sərhədlər, bloklanmış bank hesabları;

3. Fərarilər üçün həbs.

Hər şey planınıza uyğun gedir, elə deyilmi? Həyatın böyük sarkazmı var”.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba isə saxta referendum və səfərbərliyin işə yaramayacağını bildirib:

“Heç nəyi dəyişməyəcək. Rusiya qanunsuz olaraq Ukrayna ərazilərinə hücum edib. Ukraynanın öz torpaqlarını azad etmək hüququ var və Rusiya nə deyirsə-desin, biz ərazilərimizi geri almağa davam edəcəyik”.






Fikirlər