KREMLİN TƏKLİF ETDİYİ SÜLH VERSİYASI RƏDD EDİLİR – “Hər iki ölkədə anti-Rusiya mövqeyi güclənir”

Rusiyanın "Vedomosti" nəşri diplomatik mənbələrə istinadla yazıb ki, oktyabrın sonunda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında Rusiyada üçtərəfli görüş keçirilə bilər. Bildirilir ki, artıq görüşlə bağlı işlərə başlanılıb. Tədbirin keçirilməsi üçün əsas yerlər Moskva və Soçi hesab olunur.

Moskvanın bu təşəbbüsü Avropa İttifaqının, ABŞ və Fransanın tərəflər arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yüksək fəallığı dövrünə təsadüf edir. Rusiya bu prosesdən kənardadır, amma o Azərbaycan və Ermənistan arasında qüvvədə olan 10 noyabr bəyanatında əsas imza sahiblərindən biridir.

Bəs yeni mərhələdə Rusiyanın vasitəçilik təşəbbüsündən nə gözləmək olar?

Politoloq Fərhad Məmmədov deyir ki, Rusiyanın liderlər arasında görüş təklifi Aİ və ABŞ-ın artan fəallığına maneə yaratmaq məqsədi güdür.

"Bütün mövcud potensialdan istifadəyə başlanılıb. Doğrudur, Moskvanın imkanları artıq məhduddur, lakin əldə olandan istifadə olunur", - o qeyd edib.

Bu il Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair əsas vasitəçilərin mövqeləri sistemləşib.

 

 

 

Ekspert əlavə edir ki, Aİ və ABŞ-ın prosesin əvvəlindən sülh müqaviləsi təklif etməsi, sərhəddə gərginliyi azaltmaq üçün addımlar atması Ermənistan üçün bir növ təhlükəsizlik zəmanətidir. 

Onun sözlərinə görə, Rusiya isə nəqliyyat dəhlizlərinin açılması məsələsinin sürətləndirilməsini istəyir, çünki Moskva 10 noyabr bəyanatı ilə rəsmi tərəf olduğu üçün Ermənistan ərazisində əlavə funksiyalar əldə edir: "Kremlin vizyonu Rusiyanın bütün proseslərdə tərəf kimi iştirakını nəzərdə tutur. Çünki sülh müqaviləsi nə vaxtsa, bəlkə də yaxın 20 il ərzində yekun anlaşmaya çevriləcək, bu dövrə qədər Rusiya sülhməramlılarının Qarabağda mövcudluğu qalacaqdı... Ancaq alınmadı! Sülh müqaviləsinin Rusiya versiyası rədd edilir, çünki həm Azərbaycan status mövzusunu birmənalı şəkildə qəbul etmir, həm də Ermənistanın Rusiyanın iştirakı ilə nəqliyyat dəhlizlərinin açılması ilə bağlı narazı qaldığı məqamlar var. Bu iki il ərzində uğursuz, tutarsız və yarımçıq vasitəçilik Azərbaycan və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəni daha da gücləndirib. Ukrayna işğalından sonra Rusiyanın resursları ciddi şəkildə məhdudlaşdırılıb. Qarabağın erməni əhalisi belə Rusiya sülhməramlılarının onların bölgədə mövcudluğunun qarantiyası olmasını qəbul etmir, yalnız Xankəndindəki hərbi xunta rəhbərliyi rusları öz varlıqlarının təminatçısı kimi görür. Azərbaycan Silahlı Qüvvələrinin bölgədə öz mövqelərini gücləndirdiyi dövrdə Xankəndində etiraz nümayişinə çıxanları əhali adlandırmaq doğru deyil". 

Rusiya nə edə bilər?

Fərhad Məmmədov deyir ki, Ermənistan rəhbərliyinin Rusiyanın vasitəçiliyi ilə proseslərə zərbə vurduğunu nəzərə alsaq, Rusiya özünün maksimalist mövqeyindən əl çəkə bilər. "Bunu etməlidir, çünki onun həyata keçirilməsi üçün nə resursu, nə də imkanları qalıb. Məhz, Zəngəzur dəhlizinin və Laçın yolunun girişlərində nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına imkan yaratmaq, özünün təklif etdiyi sülh müqaviləsi layihəsini Praqa konsepsiyasına çevirmək, “status” mövzusundan imtina etmək, Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına mane olmamaq Rusiyanın regiondakı mövqeyini ən azı 2025-ci ilə qədər saxlamaq üçün yeganə şansıdır", - ekspert qeyd edib.

Rusiya hazırda nə edir?

Politoloq deyir ki, Rusiya ənənəvi yolla irəliləmək istəyir: "Bu təəccüblü olmamalıdır - Rusiya rəhbərliyi müharibədən sonrakı reallıqları, xüsusən Ukraynadakı uğursuzluqlardan sonra həzm etməkdə çox çətinlik çəkir: Lavrov və mətbuatda təbliğata cavabdeh Qromov cütlüyü alternativ təklif edə bilməzlər. Rusiya mətbuatında Paşinyanın “Qərb meyli” mövzusunun təbliğatının aktivləşdirilməsi, Vardanyan layihəsinin təbliği, “DQR-nin subyektivliyi”, Qarabağ ermənilərinin fiziki təhlükəsizliyinin yeganə təminatçısı kimi Rusiyanın qeyd edilməsi qondarma və mənasız təbliğatdır. Bu informasiya artilleriya hazırlığı elan edilmiş üçtərəfli görüşdən əvvəl həyata keçirilir. Amma Ukraynadakı müharibədə olduğu kimi, sözügedən "artilleriya hazırlığı" əks effekt verir. Azərbaycanda və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi artmaqdadır. İranın hədə-qorxularına baxmayaraq, İrəvan öz sərhədinə xarici nümayəndələri gətirməkdən imtina etmir, Azərbaycan isə həm Rusiya, həm də Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməsi tələbi ilə bağlı mövqeyini dəyişmir".

Bəs perspektivdə nələr ola bilər?

F.Məmmədov deyir ki, yaxın iki ayda vəziyyətin inkişafı Rusiyanın bölgədə mövqelərinin zəifləyəcəyindən xəbər verir:

- Əsasən Ermənistanda mövqeləri itirəcək, çünki bu ölkədə çoxsaylı təsir alətləri var;

- Bir az da Azərbaycanda, xüsusən sülhməramlıların bölgədə nə qədər əhəmiyyətli rol oynaması ilə bağlı suallar artır. Məlumdur ki, Bakı Qarabağda başqa xarici nümayəndəliklərin görünməsinə imkan verməyəcək. Mövqelərin zəifləməsini necə baş verəcək, Rusiya konstruktiv yanaşacaq, yoxsa onun yeri və roluna məhəl qoyulmayacaq, bu artıq Kreml rəhbərliyindən asılıdır".

"AzPolitika.info"

 






Fikirlər