NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Yerinə təyinat oldu + DOSYE (Yenilənib)
Prezident İlham Əliyevin imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib. Bu barədə nazirlikdən məlumat verilib. Dövlət başçısının digər sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə təyin olunub. "AzPolitika.info" xəbər verir ki Tağıyeva Umayra Rauf qızı 3 aprel 1968-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub.1985-ci ildə Bakı şəhəri 6 saylı məktəbi bitirib. 1985- 1990-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat-fizika fakültəsində təhsil alıb. 1990-cı ildə əmək fəaliyyətinə Azərbaycan Hidrometereologiya İdarəsinin (1992-ci ildən Azərbaycan Dövlət Hidrometereologiya Komitəsi) Proqnozlar bölməsində texnik-sinoptik vəzifəsindən başlayıb. Sonra mühəndis, aparıcı mühəndis, 1993-cü ildən Uzunmüddətli proqnozlar şöbəsinin rəisi vəzifəsində çalışıb. 2001-ci ildə Respublika Prezidentinin Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra Nazirliyin Milli Hidrometereologiya Departamentinin Hidrometereoloji Proqnozlar Bürosunun direktoru, 2007–2009-cu illərdə Milli Hidrometereologiya Departamentinin direktor müavini, sonra Hidrometereoloji Proqnozlar Bürosunun direktoru vəzifəsində fəaliyyətini davam etdirib. 2008–2011-ci illərdə Birləmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi olub. 2007-ci ildən hazırki vaxtadək Ümumdünya Metereologiya Təşkilatında Azərbaycanın Daimi nümayəndəsidir. 1998-ci ildən bir sıra beynəlxalq, regional, milli proqram və layihələrdə ekspert və qrup rəhbəri, 2006–2009-cu illərdə İqlim Dəyişmələri üzrə İkinci Milli Məlumatı Koordinatoru olub. 26 yanvar 2015-ci ildən AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya institutunun iqlimşünaslıq və aqroiqlim şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. Coğrafiya üzrə fəlsəfə doktorudur. 2018-ci ildə bir müddət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat sektorunun müdiri vəzifəsində çalışıb. 10 dekabr 2018-ci ildən bugünkü təyinatına qədər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində çalışıb.