ANKARADA TDT-nin Fövqəladə Zirvə Toplantısı keçirildi - Prezidentlərin çıxışları + VİDEO (Yenilənib)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb. Sonra birgə foto çəkdirilib. Prezident Rəcəb Tayyib Ərdoğan çıxış edərək Türkiyədə baş verən zəlzələdən sonra “Fəlakət - Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sonra Türk Dövlətləri Təşkilatına sədrlik edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxış edib. Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin törətdiyi fəsadlar, qardaş ölkəyə edilən humanitar yardımlar barədə videoçarx nümayiş olunub. Təbii fəlakət nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxış edib. Dövlətimizin başçısı Fövqəladə Zirvə görüşündə çıxış edib. Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Macarıstanın Baş naziri Viktor Orban, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırım və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev çıxış ediblər. Daha sonra çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə, Azərbaycana və TDT-nin sədri Özbəkistana təşəkkürünü bildirib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşünə yekun vurub. Sonda Ankara Bəyannaməsi və digər sənədlər imzalanıb. *** Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşəbbüsü ilə Türki Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısı işinə başlayıb. Qeyd edək ki, Azərbaycanın təklifi ilə keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri kimi Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Macarıstanın Baş naziri Viktor Orban və Türkmənistan Milli Şurasının Xalq İşləri İdarəsinin rəhbəri Qurbanqulu Berdiməhəmmədov iştirak edəcəklər. Ötən il keçirilən Səmərqənd Zirvə toplantısında müşahidəçi statusu alan ŞKTC ilk dəfə TDT Sammitində iştirak edəcək. Yaşanan dəhşətli zəlzələlərlə bağlı Türkiyə ilə həmrəylik məqsədilə keçirilən sammitdə fəlakətlər və onların nəticələri ilə mübarizədə əməkdaşlığın inkişafı ilə bağlı məsələlər masaya yatırılacaq, ortaq gündəmdə yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Ərdoğan sammit çərçivəsində həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək. Mənbə: TRT Avaz